Məhkəmə qərarları › İş №3(059)-265/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-265/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-265/2024 15.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxx 1984-cü ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs 03 oktyabr 2024-cü il tarixdə, saat 12:10 radələrində Siyəzən şəhərinin Xətai küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə içərisində təmiz çəkisi 0,36 qram olan az miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 15 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 03 oktyabr 2024-cü il tarixdə Şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında, sonuncu elə həmin tarixdə şübhəli şəxs qismində saxlanılaraq, RPŞyə gətirilmişdir. Bundan sonra, 18 oktyabr 2024-cü il tarixdə RPŞ-nin İB-nin baş müstəntiqi Murad Məmmədli tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 2024-cü il aprel ayında cəza çəkmə müəssisəsindən azad olunmaqla, yanaşı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Bundan başqa, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 2-3 gün öncə Siyəzən şəhərinin Xətai küçəsindəki “Xətai” adlı marketin yan tərəfində olarkən, yerdə, baxdığında içərisində narkotik vasitə qurudulmuş marixuana olan siqaret qutusu diqqətini cəlb etmiş, habelə qutunun içərisindəki bükülünü satmaq niyyəti ilə deyil, şəxsi istifadəsi üçün əynində olan şalvarın sağ cibinə yerləşdirmişdir. Bundan sonra, 03 oktyabr 2024-cü il tarixdə Xətai küçəsində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, üzərində şəxsi aparılması üçün Siyəzən rayon Polis Şöbəsinə aparılmışdır. Orada hüquq və vəzifələri izah edilmiş, habelə üzərində şəxsi axtarış aparılan zaman təklif əsasında üstündə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etməklə, bu vasitəni üç gün özü ilə gəzdirməsini bildirmiş, sonra, müvafiq sənədləşdirmə işləri aparılmışdır. Bundan başqa, üzərində şəxsi axtarış aparılan zaman müdafiəçidən könüllü olaraq imtina etməklə, yanaşı bir gün rayon Polis Şöbəsində saxlanıldıqdan sonra, sərbəst buraxılmış, habelə bundan sonra da, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 03 oktyabr 2024-cü il tarixdə, saat 12:10 radələrində Siyəzən şəhərinin Xətai küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə içərisində təmiz çəkisi 0,36 qram olan az miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 7/1668 saylı ekspert rəyinin surətindən görünür ki, üzərində “Şübhəli şəxs Şəxs üzərindən aşkarlanan qurudulmuş marixuanaya bənzər kütlə 01 ədəd bükümdə” yazılar və imzalar olan zərfdə 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,36 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,34 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişin surətindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 04 oktyabr 2024-cü il tarixdə verilmiş 6658 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərarın, eləcə də, həmin tarixli protokolun surətlərindən görünür ki, Şəxs 03 oktyabr 2024cü il tarixdə, saat 12:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə, saat 10:10-da Şəxs azad edilərək, onun şübhəli şəxs statusuna xitam verilmişdir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(059)-74/2022 saylı hökmünün surətindən görünür ki, Şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinə görə məhkum olunmasına, məhkumluğunun ödənilməməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, lakin, onun məsuliyyətini yüngülləşdirici halın olmasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/3 hissəsində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 03 oktyabr 2024-cü il tarixdə, saat 12:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutularaq, 04 oktyabr 2024-cü il tarixdə, saat 10:10 radələrində azad edilmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və ona təyin ediləcək inzibati həbsin müddətindən çıxılmalıdır. Bundan başqa, Şəxs 14 noyabr 2024-cü il tarixdə, saat 19:20 radələrindən inzibati qaydada tutulmaqla, buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən Şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,34 qram olan, maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 19 (on doqquz) gün müddətində inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 14 noyabr 2024-cü il tarixdən saat 19.20-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs götürülmüş, qalıq çəkisi 0,34 qram olan maddi sübut, narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar