Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-268/2023 31.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə 13 avqust 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "X5" MMC-də ictimai işlər üzrə sosial işçi kimi çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 oktyabr 2023-cü il tarixdə, saat 07:00 radələrində yaşadıqları Siyəzən şəhərinin H. Aslanov küçəsindəki 3 saylı ünvanda arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və nəticədə sonuncunu döyərək ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Bundan başqa, o, 27 oktyabr 2023-cü il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin H. Aslanov küçəsində arvadı Zərərçəkmiş şəxs nalayiq ifadələr ilə ucadan təhqir edərək, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 30 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı və 31 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 3(059)-269/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-268/2023 saylı və 3(059)- 269/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-268/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs törətdiyi inzibati xətaların bir başa səbəbkarı onun spirtli içki aludəçisi olmasıdır. Belə ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdə, saat 07:00 radələrində sərxoş vəziyyətdə arvadı Zərərçəkmiş şəxs döyərək, sonuncuya dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmiş, bundan sonra isə o, 27 oktyabr 2023-cü il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin H. Aslanov küçəsində arvadı Zərərçəkmiş şəxs ucadan nalayiq söyüşlər ilə söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci və 510-cu maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, ara-sıra spirtli içki qəbul edir, habelə arvadı Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmamaqla, münaqişəli şəraitdə yaşayırlar. Belə ki, 11 oktyabr 2023-cü il tarixdə, saat 07:00 radələrində yaşadıqları ünvan 2 ünvanlı sosial yardım aldıqları üçün bağlardan meyvə yığımına getməməsini tələb etmiş, lakin, qarşı tərəf buna etiraz etdiyinə görə aralarında mübahisə yaranmışdır. Bu zaman o, arvadı Zərərçəkmiş şəxs üzərinə getsə də, sonuncunu vurmasını xatırlamır. Bundan başqa, 27 oktyabr 2023-cü il tarixdə, saat 11:30 radələrində arvadı ilə eyni səbəbdən mübahisə etsə də, onu nalayiq ifadələr ilə söyməsini də xatırlamır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 11 oktyabr 2023-cü il tarixdə, saat 07:00-30 radələrində bağlardan meyvə yığımına getmək üçün yaşadığı Siyəzən şəhərinin H. Aslanov küçəsindəki 3 saylı evdən çıxarkən evin bayır qapısının yanında dayanmış əri Şəxs ondan haraya getməsini soruşmuş, bu zaman o, öz növbəsində işə getdiyini bildirdikdə, qarşı tərəf onun başının arxa və sağ üz nahiyələrinə yumruq zərbələri vurmuşdur. Hadisədən dərhal sonra, o, bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq, məlumat vermiş, bundan sonra isə, işə getmişdir. Bundan başqa, 27 oktyabr 2023-cü il tarixdə, saat 11:30 radələrində Siyəzən rayon prokurorluğunun əməkdaşı Səkinə xanım ona zəng edərək, əri ilə aralarında olan münaqişəli vəziyyətlə əlaqədar onu rayon prokurorluğuna dəvət etmiş, habelə bu səbəbdən yaşadıqları evdən çıxarkən, yaşadıqları küçədə dayanmış əri Şəxs ona “heç yerə getməyəcəksən” deyə xitab edərək, onu ucadan nalayiq ifadələr ilə söymüşdür. Bu zaman da o, DİN-nin 102 xidmətinə zəng vuraraq, məlumat vermiş, habelə yaşadıqları ünvana polis əməkdaşları gələrkən əri evdən çıxıb getmişdir. Hazırda Şəxs şikayətçi olmaqla, barəsində inzibati həbs qərarı qəbul edilməsini xahiş edir. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Eldar Şükürov tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün materialların RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bundan başqa, Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Rəvan Ağamirzəyev tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 12 oktyabr 2023-cü il tarixli, 214 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sağ yarısının sıyrığı aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yarana bilər, hündürlükdən yıxılma və öz-özünə yetirilən xəsarətlər üçün xarakterik deyil, yaranma müddəti 1-2 günə qədər olub 11 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 01 noyabr 2011-ci il təvəllüdlü Ləman, 20 yanvar 2014-cü il təvəllüdlü Lamiyə adında iki yetkinlik yaşına çatmayan, 26 iyun 2018-ci il təvəllüdlü Günəş və 09 fevral 2021ci il təvəllüdlü Yusif adında iki azyaşlı uşağı olan Şəxs “X5” MMC-də ictimai işlər üzrə sosial işçi qismində çalışır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən 31 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, Şəxs şikayətçidir və sonuncunun cəzalandırılmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, işdə olan sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 oktyabr 2023-cü il tarixdə, saat 07:00 radələrində yaşadıqları Siyəzən şəhərinin H. Aslanov küçəsindəki 3 saylı ünvanda arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və nəticədə sonuncunu döyərək ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmiş, həmçinin 27 oktyabr 2023-cü il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin H. Aslanov küçəsində arvadı Zərərçəkmiş şəxs nalayiq ifadələr ilə ucadan təhqir edərək, ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci və 510-cu maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, Şəxs İXM-nin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan, iki azyaşlı uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməklə, spirtli içki aludəçisi olmaqla, ailədə mütəmadi olaraq münaqişəli vəziyyət yaradıb, bunu davam etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bununla belə onun məsuliyyətini yüngülləşdirən halların olmasını, o cümlədən himayəsində iki yetkinlik yaşına çatmayan, iki azyaşlı uşağı olmaqla, ictimai-faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, ona İXM-nin 157-ci və 510-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 30 oktyabr 2023-cü il tarixdə, saat 16:50 radələrindən tutulması və bundan sonra faktiki olaraq buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 30 oktyabr 2023-cü il tarixdən saat 16.50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-268/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-268/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver