Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-27/2024 09.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə2 iştirakları ilə Hüquqi ünvanı ünvan 1mbinatı (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 19 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 19 yanvar 2024-cü il tarixdə, saat 15:30-da Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı tərəfindən Siyəzən rayonu məişət tullantıları poliqonunda bərk məişət tullantıları ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmadan qalaqlanaraq yandırılır. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Nümayəndə1 təmsil etdiyi İdarə tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə, saat 15:30-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı, Siyəzən Rayon İcra Hakimiyyətinin 24 dekabr 2018-ci il tarixli, 5-73-23/2-18/2023 saylı sərəncamı ilə ayrılmış Siyəzən rayonunun ərazisindəki “Ataçay” çayının sağ hissəsində yerləşən Siyəzən şəhərinin məişət tullantıları poliqonuna baxış keçirilərkən ərazinin təcrid olunmadığı, ərazidə məişət tullantılarının qalaqlandığı və yandırıldığı müəyyən olunaraq, bu barədə 19 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, protokolda və aktda məişət tullantılarının qalaqlandığının və yandırıldığının Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən törədilməsi qeyd olunmasa da, şəhər və rayonlarda tullantıların idarə olunması Kommunal Müəssisələr Kombinatının vəzifəsidir. Həmçinin, əraziyə baxışda Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X1, məsləhətçi-müfəttiş Mahir Muradov və Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının briqadiri X3 iştirak etmiş, habelə bu barədə akt tərtib olunaraq fotoşəkillər çəkilmişdir. Bundan əlavə, tərəfindən Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatına dəfələrlə məişət tullantılarının qalaqlandığı və yandırıldığı barədə bildirilmişdir. Belə ki, məişət tullantılarının yandırılması xüsusi sobalar vasitəsilə həyata keçirilməli, həmçinin ətraf mühitin mühafizəsi Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı tərəfindən aparılmalı olsa da, Kombinat tərəfindən məişət tullantılarının ərazidə qalaqlanaraq, yandırılması ətraf mühitin mühafizəsi tələblərini pozmuşdur. Bundan başqa, 21 iyul 2023-cü il tarixdə Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı tərəfindən, məişət tullantıları ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan qalaqlanaraq yandırılmış, habelə bu barədə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə verilmiş, Siyəzən Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarı ilə kombinat 6500 manat inzibati cərimə edilmiş və həmin cərimə ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi kombinatı İXM-nin 271-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə, təxminən saat 10-11:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları İsmayıl Ramaldanov və X4 rayonu Kommunal Müəssisələr Kombinatına gələrək, Siyəzən rayonun Beşdam kəndinin inzibati ərazisində yerləşən poliqonda tüstü olmasını müşahidə etdiklərini, ora baxış keçirmələri üçün kombinatın nümayəndəsi ilə birlikdə poliqona gedəcəklərini bildirmişlər. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Siyəzən rayonu ərazisində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə tullantı poliqonu üçün Siyəzən rayonunun ərazisindəki “Ataçay” çayının yaxınlığında 1 hektar torpaq sahəsi ayrılmış, Sərəncamın icrasına nəzarət Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, mərhum Zəfər Əliyevə tapşırılmışdır. Bundan başqa, həmin ərazi Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının balansında olmadığından, oranın mühafizəsini təşkil etmək onun səlahiyyətlərinə aid deyildir. Həmçinin, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının traktor texnikası olmaması səbəbindən, hər ay bir dəfə olmaqla, “Socar”a məxsus texnikalar xahişləri əsasında poliqona gələrək məişət tullantılarının yığır. Bundan başqa, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı eyni fakt üzrə iki dəfə 6500 manat olmaqla, ümumilikdə 13000 manat cərimə edilmiş, habelə müəssisə vergi və maliyyə sanksiyalarına da, məruz qalmışdır. Habelə, Siyəzən rayon sakinlərinin təmsil etdiyi Kombinatına məişət tullantılarının atılmasına görə 40000 manat borcu var. Bundan əlavə, poliqon məftil tor ilə hasara alınmalı olsa da, kombinatın maddi vəziyyəti bunu etməyə imkan vermir. Gün ərzində poliqona Siyəzən rayonu ərazisindən, müəssisə və təşkilatlardan 40-50 kub tullantılar atılır, habelə həmin tullantıların qalaqlanmasının qarşısını almaq üçün gündəlik orada texnika işləməlidir, buna da, kombinatın maddi vəziyyəti imkan vermir. Digər tərəfdən, şimal bölgəsində yerləşən hər bir rayonda məişət tullantılarının yığılması üçün ayrılmış yerlərdə də, tullantıların yandırılması prosesi baş verir, lakin onlardan fərqli olaraq, Siyəzən rayonundakı poliqon elə ərazidə yerləşir ki, yanğın baş verdiyi an bu hər yerdən görünür. Beləliklə, Nümayəndə2 direktoru olduğu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatını Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun bu əmələ, yəni İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə təqsiri etiraf etməməsi direktoru olduğu kombinatı müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayındırmaq məqsədi güdür. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 19 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan, eyni tarixli, 83672 nömrəli aktdan və fotoşəkillərdən görünür ki, eyni tarixdə Siyəzən rayonunun ərazisində Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” və “İstehsalat və məişət tullantıları haqqında” Qanunlarının tələblərinin icra olunması vəziyyətinin araşdırılması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı, Siyəzən Rayon İcra Hakimiyyətinin 24 dekabr 2018-ci il tarixli, 5-73- 23/2-18/2023 saylı sərəncamı ilə ayrılmış Siyəzən şəhərinin məişət tullantıları poliqonuna baxış keçirilərkən ərazinin təcrid olunmadığı, çeşidləmə və basdırılma işlərinin aparılmadığı, ərazidə məişət tullantılarının qalaqlandığı və açıq havada atmosfer havasının mühafizəsi tələblərinə əməl olunmadan qalaqlanaraq yandırıldığı, poliqonda və ətraf ərazilərdə antisanitar vəziyyətin yarandığı müəyyən olunmuşdur. Poliqon ərazisində olan məişət tullantılarının yandırılmasının qarşısı dərhal alınaraq nöqsanın aradan qaldırılması ilə bağlı Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə2 müvafiq tapşırıq verilmiş, lakin sonuncu buna məhəl qoymamış, həmçinin yazılı izahat, arayış verməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi inzibati xətaya səbəb olan əməldir. Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının nizamnaməsinin 2.4-cü bəndinə əsasən rayon ərazisinin nümunəvi sanitar təmizliyi, vaxtlı-vaxtında məişət və istehsalat tullantılarının daşınması kombinatın vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydasının 6.1-ci bəndinə əsasən məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. Bu Qaydanın 7-ci bəndinə əsasən bərk və maye məişət tullantılarının zərərsizləşdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) və ya xüsusi emal və zərərsizləşdirmə qurğularında həyata keçirilir. Tullantıların istənilən ərazilərdə yerləşdirilməsinə, həmçinin kənd təsərrüfatı sahələrində gübrə kimi istifadəsinə yol verilmir. Bərk məişət tullantılarının saxlanılması və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Bərk məişət tullantıları təkmilləşdirilmiş poliqonlara, kompostlaşdırma müəssisələrinə, emal və xüsusiləşdirilmiş yandırma qurğularına, maye məişət tullantıları isə assenizasiya və ya təmizləyici qurğu stansiyalarına daşınmalıdır. Nəzarət edilməyən məişət tullantıları üçün poliqonların təşkili yolverilməzdir. Poliqonlar üçün ayrılmış sahələrin ərazisi günəş şüaları və küləyin təsiri üçün açıq olmalı, qrunt sularının səviyyəsi poliqonun təməlindən ən azı 1 metr aşağı olmalıdır (suların səviyyəsi yuxarı olduqda, drenaj və sukənarlaşdırıcı qurğular tikilməlidir), çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin ayrılması və təşkili yolverilməzdir, şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. İstifadəyə yararsız məişət tullantılarının həcminin azaldılması məqsədilə onların yandırılması üçün ekolojisanitar standartlara cavab verən xüsusi qurğular sobalar quraşdırılmalıdır. Sobalarda məişət tullantılarının tam yanması üçün lazımi temperatur rejiminə riayət olunmalıdır və yandırılan zaman ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə soba xüsusi avadanlıqla təmin olunmalıdır. Tullantıların yandırılmasından əmələ gələn qalıqlar (kül) poliqonda basdırılmalıdır. Poliqona gətirilən məişət tullantılarının uçotu poliqonun müvafiq işçiləri tərəfindən aparılır. Uçotda gətirilən tullantıların həcmi (avtomaşının tipi və onun yük yerinin həcminə əsasən hesablanır), tullantıların tərkibi, kim tərəfindən və hansı tarixdə gətirilməsi və s. məlumatlar göstərilir. Kənar şəxslərin poliqon ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə ərazi perimetri boyu çəpərlənərək keçidin qadağan olunduğu barədə xəbərdaredici qeydləri olan plakatlar qoyulmalıdır. Bu sahədə cavabdeh balansında həmin poliqon olan hüquqi və ya fiziki şəxsdir. Tullantıların emalı zamanı ətraf mühitə və insan sağlamlığına real və potensial təhlükənin qarşısı alınmalıdır. Sözügedən Qaydanın 10.4-cü bəndinə əsasən kommunal-təsərrüfat qurumlan, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə, hər bir xüsusiləşdirilmiş avtomaşın üçün marşrut qrafikini tərtib etməyə, istismar şəraitinin dəyişməsinə uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə, təsdiq olunmuş marşrut qrafikinin dəqiq yerinə yetirilməsini təmin etməyə, tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə, tullantıların daşınması üzrə xüsusiləşdirilmiş avtomaşınların başqa məqsədlər üçün istifadə edilməməsinə, tullantıların qarışmasına yol verməməyə, tullantılar avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə, məişət tullantılarının yığışdırılaraq daşınması üçün bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə yerinə yetirməyə tullantıların uçotunu aparmağa borcludurlar. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən tullantıların zərərsizləşdirilməsi dedikdə, ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması, tullantılar dedikdə, qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar, tullantıların idarə olunması dedikdə, isə tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət başa düşülür. Bu Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Sözügedən Qanunun 28.0.8-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının toplanması: yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral kübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havası çirkləndikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Odur ki, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Bununla belə, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 3(059)-145/2023 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, o cümlədən son bir il ərzində eyni inzibati xəta törətməsinə görə müvafiq qaydada inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmaması ilə yanaşı, ağırlaşdıran halın mövcud olmasını nəzərə alaraq, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatına İXM-nin 271-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, kombinata 7000 (yeddi min) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-27/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-27/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver