Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-270/2023 20.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi- 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də nəzarətçi vəzifəsində işləyən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhərinin Xəzər rayonundakı X11 yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Quba-Xaçmaz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 12 iyul 2023-cü il tarixdə, "xxxx" ASC-də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş ASC-nin nəzarətçisi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində işçi Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarəti almışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin əmək müfəttişi X3 tərəfindən 11 oktyabr 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə1 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, "xxxx" ASC-nin 12 iyul 2023-cü il tarixli, 158 nömrəli, 19 iyul 2023-cü il tarixli, 166 və 167 nömrəli məktubları əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin rəisi Vəli Quliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən "xxxx" ASC-nin işçisi Zərərçəkmiş şəxs 12 iyul 2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədilə əmr vermiş, həmçinin bu əmrlə X10 Xidmətinin Quba- Xaçmaz regional şöbəsinin məsləhətçisi-əmək müfəttişi X6, "xxxx" ASC-nin İnsan resursları şöbəsinin müdiri X1 və ASC-nin Təhlükəsizlik şöbəsinin müdiri X2 ibarət tərkibdə Təhqiqat komissiyası yaradılmışdır. Qeyd olunan komissiya tərəfindən aparılmış araşdırma nəticəsində təhqiqat aktı tərtib edilmiş, habelə təhqiqat nəticəsində ASC-də çalışan hər bir işçi üçün müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilməklə, tərtib edilmiş təlimatların olduğu, işçilərin bu təlimatlara “tanış oldum” qeydi yazdıqdan sonra imzaladığı məlum olmuşdur. Eyni zamanda, təhqiqat zamanı "xxxx" ASC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Təmizləmə briqadasının fəhlələri üçün əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə Təlimat”ın “İş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin 1-ci bəndinin, yəni işə başlayarkən xüsusi qoruyucu geyimdən və eynəkdən istifadə etmək, əlcək işlətmək tələblərinə işçi zərərçəkmiş tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" ASC-nin rəhbərliyinin işlərə nəzarət edən şəxslərlə bağlı, o cümlədən kimin hansı işə nəzarət etməsi ilə bağlı müvafiq əmri vardır. Həmçinin, təhqiqat aktının 4.2-ci bəndinə əsasən “Təmizləmə briqadasının nəzarətçiləri üçün əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə Təlimat”ın “İş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin 1-ci bəndinin, yəni işə başlayarkən xüsusi qoruyucu geyimdən və eynəkdən tabeliyində olan əməkdaşlar tərəfindən istifadə edilməsinə, əlcəklə işləməsinə nəzarət etmək tələblərinə də təmizləmə briqadasının nəzarətçisi Şəxs tərəfindən əməl olunmaması aşkar edilmişdir. Bundan əlavə, onlar tərəfindən Şəxs izahatı alınarkən sonuncu nəzarəti həyata keçirdiyini, təhlükəsizlik qaydalarına uyğun olaraq geyimi, əlcəyi və eynəyi verdiyini, Zərərçəkmiş şəxs isə Şəxs eynəyi verməsinə baxmayaraq, onu taxmağı unutduğunu bildirsələr də, Şəxs Zərərçəkmiş şəxs işə başlayarkən buna nəzarət etməli olmuşdur. Əgər qeyd olunan məsələyə Şəxs tərəfindən nəzarət edilmiş olsa idi, bu hadisə də baş verməzdi. Beləliklə, Siyəzən rayon prokurorluğunun 15 sentyabr 2023-cü il tarixli, 55c-23 nömrəli məktubu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 19 iyul 2023-cü il tarixli, 132 nömrəli rəyi ilə zərərçəkmiş şəxsin yüngül zərər vurmaya aid xəsarət alması sübut olunmuşdur. Məhz bu sənədlərə əsasən nəzarətçi və məsul şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə, protokola baxaraq qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olduğu üçün material Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində tərtib edilmiş protokolu müdafiə etməklə, sonuncu haqqında inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 03 fevral 2022-ci il tarixdən "xxxx" ASC-də təmizləmə briqadasında fəhlə işləməklə, hazırda səhhəti ilə bağlı heç bir problemi yoxdur. Onun əsas vəzifəsi mikrobları məhv etmək məqsədilə “Potaş” adlanan maye ilə qarışdırılmış əhəngi sexlərin döşəməsinə vurmaqdır. Briqadada təxminən 70-75 nəfər işçi olmaqla, onlara nəzarəti 3 nəfər, o cümlədən Şəxs həyata keçirir, habelə zonalarında 25-26 nəfər olur. 12 iyul 2023-cü il tarixdə, saat 09:00-da işə gəlmiş, habelə həmin vaxt iş bölgüsü aparılmaqla, Şəxs tərəfindən təlimatlandırma həyata keçirilmiş, zəruri avadanlıqlar yoxlanılmış, onun da üzərində xüsusi geyimi, maskası, əlcəyi və eynəyi olmuş, lakin eynəyi boynundan asılı vəziyyətdə saxlamışdır. Təlimatlandırmadan sonra sexə daxil olub, işinə başlamış, əhəngi arabaya töküb, onu islatmaq üçün vedrədəki mayeni tökmək istəyərkən alın nahiyəsində olan eynəyini gözünə endirməmişdir. Belə ki, o, əvvəlcə mayeni əhənglə qarışdırıb, siqaret çəkdikdən sonra işə başlamaq niyyətində olsa da, vedrənin içərisində qaynayan maddə sıçrayaraq sağ gözünə düşmüş, bu zaman o, Şəxs zəng vurub, gözünə “Potaş” adlanan mayenin damcısının düşdüyünü bildirmiş, habelə dəhral əvvəlcə “X5 Mərkəzi” PHŞ-yə, oradan isə X12 adına Milli Oftalmologiya Mərkəzinə aparılmış, mərkəzdə 12 iyul 2023-cü il tarixdən 17 iyul 2023cü il tarixədək stasionar müalicədə olmuş, müalicəsi bitdikdən sonra aradbir müayinələrdən keçmişdir. Hazırda, səhhətində hər hansı bir formada narahatçılığı olmadan işini davam etdirir. Hadisə onun təqsiri, səhlənkarlığı səbəbindən baş vermişdir. Bundan əlavə, Şəxs 4 ədəd zonaya nəzarət etməklə, zonalar arasında məsafə 100 metr təşkil edir və bir zonada isə aralarında 15 metr məsafə olan 20 ədəd sex vardır. Bu mənada, Şəxs nəzarətçi kimi hər saatın başında görülən işlərə və işçilərə baş çəkməklə, onlara nəzarət edir. Yəni, Şəxs işlər görülərkən onların yanında dayanması kimi məcburiyyət yoxdur. Eyni zamanda, hadisə zamanı yanında kimsə olmamışdır. Hadisədə Şəxs heç bir günahı olmamışdır. Odur ki, Şəxs qarşı hər hansı bir formada şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 198.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, "xxxx" ASC-də təmizləmə briqadasının nəzarətçisi işləməklə, işçiləri təlimatlandırdıqdan sonra görülən işlərə nəzarət etmək məqsədilə ərazi üzrə hərəkət edir. 12 iyul 2023-cü il tarixdə işə başlamışdan əvvəl işçilərə, o cümlədən Zərərçəkmiş şəxs təlimatlandırma keçirilmiş, habelə həmin vaxt sonuncunun üzərində xüsusi geyimi, maskası, əlcəyi və eynəyi olsa da, eynəyi iş başlamadığı üçün boynundan asılı vəziyyətdə olmuşdur. Onun tərəfindən təlimatlandırma başa çatdıqdan sonra işçilər işə başlamış, habelə o, 3-cü zona üzrə sonuncu sexdən başlayıb, əvvələ doğru görülən işlərə və işçilərə nəzarət etməyə başlamışdır. 3-cü zona üzrə 12 ədəd sex olmaqla, hadisə vaxtı Zərərçəkmiş şəxs 2-ci, özü isə 7-ci sexdə olmaqla, sexlər arasında təxminən 100 metr məsafə olmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs ona zəng vurub, bədbəxt hadisə ilə bağlı məlumat vermiş, habelə Zərərçəkmiş şəxs gözü yuyulduqdan sonra, rəhbərliyə xəbər verilərək, o, xidməti avtomobillə əvvəlcə “X5 Mərkəzi” PHŞ-yə, oradan isə X12 adına Milli Oftalmologiya Mərkəzinə aparılmışdır. Bundan əlavə, hadisə günü təxminən 20-25 nəfər işçiyə nəzarət etmişdir. Eyni zamanda, gün ərzində bir işçinin yanında dayanıb, durması iş prinsipləri baxımından mümkün deyildir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" ASC-nin direktoru tərəfindən 27 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş “Təmizləmə briqadasının fəhlələri üçün əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə Təlimat”ın “İş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin 1-ci bəndinə əsasən fəhlə işə başlayarkən xüsusi qoruyucu geyimdən və eynəkdən istifadə etməli, əlcəklə işləməlidir. İş materiallarına əlavə edilmiş Siyəzən-Broyler” ASC-nin direktoru tərəfindən 25 yanvar 2018-ci il tarixdə təsdiq edilmiş “Təmizləmə briqadasının nəzarətçiləri üçün əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə Təlimat”ın “İş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin 1-ci bəndinə əsasən briqadanın nəzarətçisi işə başlayarkən xüsusi qoruyucu geyimdən və eynəkdən tabeliyində olan əməkdaşları tərəfindən istifadə edilməsinə, əlcəklə işləməsinə nəzarət etməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin əməkdaşlarının 05.20xx-xx.2023-cü il əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə təlimat jurnalının surətindən görünür ki, 03 may 2023-cü il tarixdə ASC-nin işçilərinə, o cümlədən Zərərçəkmiş şəxs təkrar təlimatlandırma keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 11 avqust 2023-cü il tarixli, 132 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ göz almasının 2-ci dərəcə kimyəvi yanığı aşkar edilmişdir. Həmin xəsarət kimyəvi maddənin, ola bilər ki, əhəng məhlulunun təsirindən törənmişdir, törənmə müddəti 12 iyul 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İşdə olan 28 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs “sağ göz toxumalarının naməlum kimyəvi maddə ilə yanığı” diaqnozu ilə xəstəxanaya gətirilməsi barədə toplanmış 55c-23 nömrəli materialda həmin qərarın təsviri hissəsində göstərilən əsaslara görə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan "xxxx" ASC-nin təmizləmə briqadasının fəhləsi Zərərçəkmiş şəxs 12 iyul 2023-cü il tarixdə, saat 09:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının surətindən görünür ki, komissiya xəsarətlə nəticələnmiş bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" ASC-nin təmizləmə briqadasının fəhləsi Zərərçəkmiş şəxs ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən isə bu briqadanın nəzarətçisi Şəxs nəzarətsizliyini müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati məsuliyyətə səbəb olur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Hazırda isə Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən əmək mühafizəsi qaydalarını pozma inzibati xəta əməlinin törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu hissəsinə əsasən əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Texniki təhlükəsizlik vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir (“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02 noyabr 1999-cu il tarixli Qanununun 1-ci maddəsi). Adı çəkilən Qanundan aydın olur ki, texniki təhlükəsizlik çox geniş anlayışdır və ictimai həyatın müxtəlif sahələrində (əməyin təhlükəsizliyi, ekoloji, yanğın, sanitar-epidemioloji təhlükəsizlik, sənayedə və tikintidə təhlükəsizlik və s.) riayət edilməli olan təhlükəsizlik qaydalarını əhatə edir. Lakin,bu maddədə sözün geniş mənasında deyil, əmək mühafizəsinin tərkib hissəsi olan texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur. Əməyin mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli Qanununda, digər normativ hüquqi aktlarda və texniki-normativ sənədlərdə təsbit olunmuşdur. İXM-nin 198.2-ci maddəsi ilə inzibati xətanın tərkibinin yaranması üçün texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydaları pozulmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasına səbəb olmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ilə baş vermiş nəticə — sağlamlığa yüngül zərər vurulması arasında səbəbli əlaqə olmalı, habelə bu üç şərt məcmu halında mövcud olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması bu maddə ilə şəxsin inzibati məsuliyyətini (təqsirliliyini) istisna edir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Belə ki, inzibati xəta hadisəsi şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Əməyin mühafizəsi qaydalarının pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqənin olmaması bu inzibati xətada şəxsin təqsirliliyini istisna edir. Yəni, təqsirkarın əməyin mühafizəsi sahəsində məhz hansı vəzifəni yerinə yetirməməsinin belə nəticəyə səbəb olduğu dəqiq müəyyən edilməli, bu maddə ilə inzibati məsuliyyətinə cəlb etmə haqqında məsələ həll olunarkən müvafiq aktlara (qanun, təlimat və ya müəssisədaxili lokal aktlar, sərəncamlar və s.) əsasən əmək mühafizəsi qaydalarına riayət etmək vəzifəsinin inzibati xəta törədənin səlahiyyətinə aid olub-olmadığı, həmin vəzifənin lazımi qaydada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi və ya bu vəzifənin ona həvalə olunduğu barədə təqsirkara lazımi qaydada məlumat verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan əlavə, səbəbli əlaqəni müəyyən edərkən əmək mühafizəsi qaydalarının pozulmasında və inzibati xətanın nəticələrin baş verməsində zərərçəkmiş şəxsin əməyin mühafizəsi üzrə öz vəzifələrinə (Azərbaycan Respublikası ƏM-in 216-cı maddəsində və başqa normativ sənədlərdə təsbit olunmuş vəzifələr) nə dərəcədə riayət etməsi və bu hadisənin baş verməsində özünün rolu da aydınlaşdırılmalıdır. Əgər İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan nəticələr zərərçəkmiş şəxsin və ya üçüncü şəxsin öz ehtiyatsızlığı üzündən baş vermişdirsə, bu halda təhlil olunan maddə ilə inzibati məsuliyyət mövcud olmur. İş üzrə aparılmış araşdırmalar nəticəsində baş vermiş hadisə ilə Şəxs əməli arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir ki, bu da, sonuncunun inzibati xəta törədilməsinə aidiyyəti olmamaqla, yanaşı, onun törədilməsində təqsirli olmaması qənaətinə gəlinməsinə əsas vermişdir. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Belə ki, məhkəmə iclasında tədqiq olunan mötəbər sübutlarla, o cümlədən izahatlarla tamamilə təsdiq olundu ki, Zərərçəkmiş şəxs işə başlayarkən xüsusi qoruyucu geyimdən və eynəkdən istifadə etməsi, əlcək işlətməsi barədə təlimatlandırılmasına, habelə bununla əlaqədar "xxxx" ASC-də əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə təlimat jurnalına imza etməsinə baxmayaraq, 12 iyul 2023-cü il tarixdə, saat 09:30 radələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına tam riayət etməli olduğu halda, mövcud qaydalara tam əməl etməyərək, o cümlədən təhlükəsizlik eynəyini alnında saxlamaqla, səhlənkarlığa yol verərək onunla göz nahiyəsini örtmədiyindən, öz ehtiyatsızlığından kimyəvi məhlul sıçrayaraq, sağ gözünə düşmüş, nəticədə özünün səhlənkarlığı və ehtiyatsızlığı səbəbindən baş vermiş hadisə nəticəsində sağlamlığına yüngül zərərvurmaya aid edilən xəsarət almışdır. Bundan başqa, bədbəxt hadisənin təhqiqat aktında Şəxs tərəfindən “Təmizləmə briqadasının nəzarətçiləri üçün əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə Təlimat”ın “İş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin 1-ci bəndinin tələbinin pozulması göstərilsə də, həmin pozuntu onun təqsirləndirilməsi üçün əsas ola bilməzdi. Çünki, Zərərçəkmiş şəxs işə başladığı, o cümlədən hadisənin baş verdiyi yerlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu yer fərqli yerlərdir və Zərərçəkmiş şəxs hadisənin baş verməsi ilə nəticələnən işin icrasına başlayarkən Şəxs bilavasitə onun yanında olmamaqla, sonuncuya nəzarət etmək,yəni sonuncunu müşahidəyə götürmək imkanına malik olmamış, o cümlədən tabeliyində olan digər işçilərin iş fəaliyyəti ilə tanış olmaqla, sexlər üzrə hərəkət edərək nəzarəti həyata keçirmişdir. Bu mənada, Zərərçəkmiş şəxs kimyəvi məhlulu Şəxs yanında deyil, ondan kənarda heç kəsin müdaxiləsi olmadan birbaşa özünün hazırlaması, bu zaman texniki təhlükəsizlik qaydalarına laqeydlik nümayiş etdirməklə təhlükəsizlik eynəyindən düzgün qaydada istifadə etməməsi, hətta təqsirli olmasa da belə, Şəxs özünün məhz həmin vaxt hadisənin real olaraq qarşısını almağa obyektiv və subyektiv imkanının olmasını istisna edir. Belə olan halda Şəxs tərəfindən hər hansı təlimatın və ya bəndinin pozulmasına yol verilmədiyi aşkar edilir. İXM-nin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, inzibati xəta hadisəsi baş versə də, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti kimi qəbul etmişdir. Bu halda isə Şəxs qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmamaqla, yanaşı, onun törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin təmizləmə briqadasının fəhləsi Zərərçəkmiş şəxs 12 iyul 2023-cü il tarixdə, saat 09:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı yuxarıda sadalanan faktlara və hallara əsasən Şəxs münasibətdə bu iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-270/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-270/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver