Məhkəmə qərarları › İş №3(059)-278/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-278/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-278/2024 19.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "X9" MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 18 noyabr 2024-cü il tarixdə, saat 17:45 radələrində Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsində ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 18 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 3(059)-278/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-278/2024 saylı və 3(059)- 279/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-278/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolları müdafiə etməklə, onların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, o, Siyəzən RPŞ-nin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işlədiyi 4 ay müddət ərzində rayon Polis Şöbəsinə Şəxs barəsində çoxsaylı, o cümlədən Əvəzağa Əhmədovun, Nəriman Əzizovun, Zahid Abdullayevin və Nizami Əkbərovun şikayətləri daxil olmuş, habelə bu şikayətlərdə Şəxs sərxoş vəziyyətdə müxtəlif mağazalara daxil olaraq, oradan spirtli içki götürməsi qeyd olunmuşdur. Bununla bağlı araşdırmanı aparan RPŞ-nin İTB-nin rəisi X5 dəfələrlə Şəxs izahat verməsi üçün şöbəyə dəvət etsə də, sonuncu gəlməkdən imtina etmişdir. 18 noyabr 2024-cü il tarixdə, saat 17:45 radələrində o, RPŞ-nin İTB-nin polis sahə rəisi Əhmədxan Qasımov və PPXB-nün polis nəfəri Bəxtiyar Nadirov ilə birlikdə onun idarəçiliyində olan avtomobillə Şəxs yaşadığı ünvan 3 ünvanın qarşısına dəvət edib, barəsində şikayətlər olduğunu və bu şikayətlərlə bağlı şöbəyə gedib izahat verməsini bildirmişlər. Həmin vaxt Şəxs dəvətdən imtina edərək, barəsində şikayət etmiş şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Qeyd edir ki, onlar Şəxs yaşadığı evin qarşısına dəvət edərkən, evin həyətyanı sahəsində iki nəfər qadın olsa da, bir qədər sonra sonuncular oradan uzaqlaşmışlar. Bundan sonra, Namiqi nizam-intizama dəvət edərək, ona barəsində olan şikayətlərlə bağlı şöbədə izahat verməli olduğu təkrarən bildirilmiş, sonuncu isə əynindəki paltarlarını dəyişməsi üçün sərbəst buraxılmasını tələb edərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, Namiq rayon Polis Şöbəsinə aparılması üçün idarəçiliyində olan avtomobilə əyləşdirilsə də, sonuncu avtomobildə olarkən öz hərəkətlərini davam etdirərək, ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan sonra, Şəxs gətirildiyi rayon Polis Şöbəsində də, öz hərəkətlərini davam etdirmiş, səs-küy salaraq şöbənin iş ahəngini pozmuş, beləliklə sonuncu həmin tarixdə saat 18:10-da inzibati qaydada tutulmuş və buraxılmadan barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokollar tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən, yəni, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə deyil, sözügedən Məcəllənin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 18 noyabr 2024-cü il tarixdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Aqşin Ağayev üçün yaşadığı evin həyətyanı sahəsində darvaza düzəltmiş, habelə bu zaman 150 qram spirtli içki olan araq içmişdir. Həmin vaxt, təbii fəlakət nəticəsində evinin dam örtüyü uçmuş iki nəfər qadın onun evinin həyətyanı sahəsində olmuşdur. Bu zaman, darvazadan onu çağırmış polis əməkdaşlarından gözləmələrini istəmiş, bir qədər sonra isə sonuncuların yanına getmişdir. Siyəzən RPŞ-nin polis sahə rəisi X3 ona ictimai təhlükəsizlik bölməsinin rəisi Səbuhi Zeynalovun onun rayon Polis Şöbəsində gözlədiyini bildirərkən, içkili olmaqla yanaşı, darvaza düzəltdiyini bildirmiş və növbəti gün şöbəyə gələcəyini qeyd etmişdir. Həmçinin, polis nəfəri Bəxtiyar Nadirov ona “Namiq gəl gedək”, polis sahə rəisi Elçin İbrahimov isə “nakişi olar səni qaytarmayan” deyə bildirmişdir. Bundan sonra isə, əynini dəyişmək istədiyini bildirməsinə baxmayaraq, Elçin onun kəmərinin arxa tərəfindən tutmuş, nəticədə ayaqları yerdən üzülmüş, bu zaman əlləri ilə darvazadan tutaraq, qonşuların baxdığını və bu hərəkətin ayıb olduğunu qeyd etmişdir. Əgər, həmin vaxt səs-küy salmış olsaydı, bundan evdə olan oğlunun da, xəbəri olardı. Beləliklə, RPŞ-də olarkən evdə spirtli içki içdiyini bildirib, əvvəl alkotesterdən keçməkdən imtina etsə də, bir qədər sonra bunu könüllü etmişdir. Bununla belə, ümumiyyətlə hər hansı bir şəxsin, o cümlədən polisin ünvanına nalayiq ifadələr işlətməmiş, 08 noyabr 2024cü il tarixdə RPŞ-nin xidmət işləri üzrə rəis müavini Fəxri Kərimov onu şöbəyə dəvət etsə də, rayon ərazisində keçirilən tədbir ilə əlaqədar şöbəyə gedə bilməmiş, növbəti gün getdiyində isə sonuncunun işdə olmadığı ona bildirilmişdir. Bundan başqa, barəsində tərtib edilən müvafiq protokolları oxumadan imza etmişdir. Hazırda anasının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsinin, oğlunun Naxçıvan MR-nın ərazisində həqiqi hərbi xidmət keçməsinin və ailədə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, sözügedən hadisə ilə bağlı hər hansı bir təzyiq və təsir olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs işin faktiki halları ilə əlaqədar göstərilənlərə etiraz etməmiş, əksinə həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Nəticədə onun təqsirsiz olmasına daxili inam yaranmamışdır. Belə ki, məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs onunla eyni məhəllədə yaşasa da, sonuncunu rayon Polis Şöbəsində işlədikdən sonra tanımışdır. 18 noyabr 2024-cü il tarixdə, saat 17:45 radələrində o, polis nəfəri Bəxtiyar Nadirov və polis sahə rəisi Elçin İbrahimov ilə birlikdə sonuncunun idarəçiliyində olan avtomobillə Şəxs yaşadığı Siyəzən şəhəri, Aydın Qaradağlı küçəsi, ev 27 ünvanına getmişdir. Bu zaman Namiq yaşadığı evin qarşısına çağırılaraq, onun barəsində şikayətlər olduğu bildirilmiş, həmçinin onun mobil telefonuna bununla bağlı əvvəlcədən zənglər edilməklə, yanaşı hazırki tarixdə də, zəng edildiyi, lakin zənglərə cavab verilmədiyi qeyd edilmişdir. Həmin vaxt Namiq istirahət vaxtı olduğunu bildirib, şöbəyə gəlməkdən imtina etmiş, orada olan iki nəfər qadın getdikdən sonra, Namiqə iş və yaxud istirahət vaxtı olmasından asılı olmayaraq, şöbəyə gəlib izahat verməli olduğu bldirilsə də, sonuncu narkotik vasitə istifadəçisi olmadığını, oğurluq etmədiyini qeyd edib, səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamış, habelə hər kəsin ondan şikayət etdiyini, Tural Tağıyev barəsində hansı səbəbdən tədbir görülmədiyini bildirərək, öz qanunsuz əməllərini davam etdirmişdir. Beləliklə, təxminən 10-15 dəqiqə davam edən mübahisədən sonra, Namiq rayon Polis Şöbəsinə aparılarkən də, öz qanunazidd hərəkətlərini davam etdirməklə, yanaşı hədə-qorxu gələrək “görərsiz mən sizə neyləyəcəm” deyə bildirmişdir. Həmçinin, Şəxs Siyəzən rayon Polis Şöbəsində olarkən alkotesterdən keçməkdən imtina etsə də, sonradan İTB-nin rəisi Səbuhi Zeynalov çətinliklə də, olsa onu bu testdən keçməyə razı salmışdır. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin İTB-nin rəisi X5 izahatında göstərdi ki, o, 3 ildir İTB-nin rəisi vəzifəsində işləyir və 2 il olar Şəxs barəsində olan çoxsaylı şikayətlər ilə əlaqədar tanımış, habelə onunla münasibətləri normal olmuşdur. Belə ki, Siyəzən rayon sakinləri Əvəzağa Əhmədov, Nəriman Əzizov, Zahid Abdullayev və Nizami Əkbərov rayon Polis Şöbəsinə, Elsevər Səmədov isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Şəxs barəsində şikayət edərək, sonuncunu hədəqorxu və şantaj vasitəsilə pul tələb etdiyini, nisyə mal aldığı mağaza sahibləri pullarını istəyərkən onların barələrində şikayət edəcəyi ilə hədələdiyini, hətta digər bir vətəndaşın evinə daxil olaraq, evinin həyətini çəkib, şəxsin mənzil toxunulmazlığı hüququnu pozduğunu qeyd etmişlər. Beləliklə, DİN-dən nəzarət qaydasında göndərilmiş materialda, Namiqin izahatının alınması tələb olunduğundan, sonuncuya dəfələrlə zəng edilməklə, yanaşı yaşadığı ünvana rəsmi çağırış məktubu göndərilmiş və həmçinin polis nəfərləri vasitəsilə şöbəyə dəvət edilmişdir. Beləliklə, 18 noyabr 2024-cü il tarixdə təxminən saat 18:00 radələrində Siyəzən RPŞ-nin inzibati binasının üçüncü mərtəbəsində yerləşən xidməti otağında olarkən, şöbənin həyətindən şiddətli şəkildə səs-küy gəldiyini eşitmiş, həyətə düşdüyü zaman isə səs-küy salan şəxsin Şəxs olmasının şahidi olmuşdur. Bu zaman Şəxs ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyindən o və digər polis əməkdaşları Namiqi nizam-intizama dəvət etmişlər. Həmin an sərxoş vəziyyətdə olan Namiqə alkotesterdən keçməli olduğu bildirildikdə, sonuncu buna etiraz etmiş, hətta xidməti borcunu yerinə yetirməklə alkotester vasitəsi təhkim olunmuş Siyəzən RPŞ-nin YPX-nin əməkdaşı xidməti vəzifəsini müəyyən müddət icra etməkdən yayınaraq Namiqin alkotester müayinəsindən keçməsini gözləmişdir. Həmçinin, Şəxs təxminən 10-15 dəqiqə ərzində iş ahəngini pozması tədqiqat araşdırması ilə bağlı şöbəyə dəvət olunmuş xanım vətəndaşlarda, bu halların RPŞ-də mütəmadi baş verməsi fikrini formalaşdırmışdır. Bundan müəyyən müddət sonra tərəfindən aparılmış profilaktik söhbətlər nəticəsində Namiq alkotester müayinəsindən könüllü olaraq keçmiş, habelə sonuncunun sərxoş olduğu müəyyən edilmişdir. Qeyd edir ki, Şəxs cari il ərzində təkrarən sərxoş vəziyyətdə ictimai qaydanı pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, hadisənin baş verdiyi ərazidə şöbənin nəzarət kameraları quraşdırılmamışıdr. Odur ki, şəxs barəsində inzibati tənbeh olaraq həbs təyin olunmasını məhkəmədən xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan görünür ki, Şəxs 18 noyabr 2024-cü il tarixdə, saat 17:45 radələrində Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsində ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxs barədə məlumatlardan görünür ki, himayəsində 04 iyul 2008-ci il təvəllüdlü Sadiq adında yetkinlik yaşına çatmayan övladı olan Şəxs "X9" MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində işləyir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 3(059)-25/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq, 10 (on) gün müddətinə həbs təyin olunmuşdur. İşdə olan 18 noyabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə, saat 18:56-da Şəxs alkoqolun miqdarı 0,468 faiz olmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin, bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddində tənbeh tətbiq etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Eyni zamanda, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş eyni xətaları inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 3(059)-25/2024 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi isə sözügedən məcəllənin 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən son bir il ərzində eyni inzibati xətalar törətməsinə görə müvafiq qaydada inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, eləcə də xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onların qanuni tələblərinə əməl etməməsini, habelə hərəkətlərini davam etdirərək, küçədə nalayiq ifadələr işlətməsini, sərxoş halda eyni vaxtda iki inzibati xəta törətməsini, öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, törətdiyi xətalar ilə idarəçilik qaydalarının pozulduğunu, həmçinin bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 18 noyabr 2024-cü il tarixdən saat 18:10-dan inzibati qaydada tutulması və azadlığa buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 18 noyabr 2024-cü il tarixdən saat 18:10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar