Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-28/2023 05.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi ünvanı Siyəzən şəhəri olan "xxxx" ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" ASC 17444 avro məbləğində vəsaitini 04 fevral 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 17444 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 16 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsi barədə EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi ASC-ni İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına daxil edilməsi üçün tərəflərindən məhkəməyə təqdim edilmiş, o cümlədən "xxxx" ASC ilə X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş arasında 20 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləyə 15 aprel 2021-ci il tarixli əlavə Azərbaycan Respublikasının Mərkəzi Bankına da təqdim edilmiş və bu sənəd Mərkəzi Bank tərəfindən toplanmış materiala əlavə olunmuşdur. Qeyd olunan sonuncu sənəd tərəflər arasında bağlanmış müqavilə üzrə ödənişin icra edilməsi barədə çəkilən xərclərin təyinatının dəyişidirilməsinin razılaşdırılması ilə əlaqədardır. Yəni, tərəflər avadanlıqlara texniki servis göstərilməsi üçün anlaşmışlar. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş-nin ünvanından "xxxx" ASCnin ünvanına 2019, 2020, 2021-ci illər ərzində üç gömrük bəyannaməsi əsasında malmateriallar daxil olmuşdur. Bundan başqa, "xxxx" ASC ilə X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş arasında mübahisəli məsələ ilə bağlı tərtib edilmiş 11 may 2022-ci il tarixli akt da Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilsə də, bu sənəd məlum olmayan səbəblərdən ASC barəsində hazırlanmış inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Bu aktdan da göründüyü kimi üç gömrük bəyannaməsi əsasında "xxxx" ASC üçün göndərilmiş avadanlıqlar və qurğular həqiqətən də, X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş tərəfindən quraşdırılmış və 11 may 2022-ci il tarixdən quraşdırılan avadanlıqların, eləcə də qurğuların istismarına 6 aylıq müddətə zəmanət verilmişdir. Məhz bu sənədə əsasən X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş tərəfindən avadanlıqların, qurğuların quraşdırılmasına, istimarına 6 aylıq zəmanət verilməsinə görə ödənilən məbləğin həcmi 17444 avro məbləğində razılaşdırılmışdır. Yəni, X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş tərəfindən "xxxx" ASC üçün görülmüş işlərin dəyəri 17444 avro təşkil etmişdir. Ümumiyyətlə, məhkəməyə təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına da təqdim edilməsinə baxmayaraq, Mərkəzi Bank tərəfindən məsələyə düzgün hüquqi qiymət verilməmişdir. "xxxx" ASC ilə X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş arasında 20 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ASC tərəfindən 04 fevral 2021-ci il tarixdə həmin şirkətin hesabına kəsimxana avadanlıqları üçün 17444 avro məbləğində vəsait köçürülmüş, 15 aprel 2021-ci il tarixdə isə pulun göndərilmə məqsədinin təyinatı xidmətin göstərilməsi adı ilə dəyişdirilmişdir. Həmçinin, həmin məbləğ həcmində əvvəlki bəyannamələr üzrə göndərilmiş mallara da qulluq edilmiş, xidmət göstərilmişdir. Bundan əlavə, tərəflər arasında imzalanmış ikinci razılaşmanın gömrük orqanlarına təqdim edilməsinin həmin orqanlar üçün hər hansı bir əhəmiyyəti yoxdur. Üç bəyannamə üzrə X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş tərəfindən "xxxx" ASC göndərilmiş və onlara xidmət edilmiş malların dəyəri isə təxminən 30000 avrodan artıq olmuşdur. Ona görə "xxxx" ASC barəsində əsassız protokol tərtib edilmişdir. Odur ki, ASC barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin bu şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş-yə həmin şirkətlə 20 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 04 fevral 2021-ci il tarixdə "xxxx" ASC vasitəsilə 17444 avro pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş 20 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləyə 15 aprel 2021-ci il tarixli əlavənin, eləcə də "xxxx" ASC ilə X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş arasında 11 may 2022-ci il tarixdə tərtib edilmiş aktın surətlərindən görünür ki, 20 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 04 fevral 2021-ci il tarixdə X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş-yə ödənilmiş 17444 avro pulun əvəzində "xxxx" ASC-nin sifarişi təmin edilmədiyindən tərəflər eyni məbləğin müqabilində ASC-də olan avadanlıqlara texniki servis göstərilməsi üçün razılığa gəlmiş, habelə bu məbləğ X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş tərəfindən 11 may 2022-ci il tarixdə "xxxx" ASC üçün avadanlıqların, qurğuların quraşdırılmasına, istimarına 6 aylıq zəmanət verilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırda inzibati xəta hadisəsi baş verməmiş, o cümlədən hüquqi şəxsin tərəfindən inzibati xəta törədilməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, 20 yanvar 2021-ci il il tarixdə bağlanmış müqaviləyə, habelə bu müqaviləyə 15 aprel 2021-ci il tarixdə edilmiş əlavəyə, eləcə də 11 may 2022-ci il tarixli akta əsasən "xxxx" ASC və X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş üzərlərinə götürmüş olduqları öhdəlikləri lazımınca icra etmiş, yəni sonuncu şirkətin hesabına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ASC tərəfindən "xxxx" ASC vasitəsilə 17444 avro pul ödənilmiş, X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş isə sifarişi təmin edə bilmədiyindən tərəflər eyni məbləğin müqabilində ASC-yə daha əvvəl göndərilmiş avadanlıqlara texniki servis göstərilməsi üçün razılığa gəlmiş, o cümlədən 11 may 2022-ci il tarixdə X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş tərəfindən 17444 avro pulun əvəzində "xxxx" ASC üçün avadanlıqlar, qurğular quraşdırılmış, istimarına 6 aylıq zəmanət verilmişdir. İşin faktiki hallarından da göründüyü kimi "xxxx" ASC barəsində toplanmış inzibati xəta haqqında materiala Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ASC ilə X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş arasında 20 yanvar 2021-ci il il tarixdə bağlanmış müqaviləyə edilmiş 15 aprel 2021-ci il tarixli əlavənin daxil edilməsinə baxmayaraq, Mərkəzi Bank tərəfindən bu sənədə lazımi diqqətlilik nümayiş etdirilməmiş, habelə sənədin icrası nəticəsi üzrə kifayət qədər araşdırma aparılmadan düzgün olmayaraq, 05 fevral 2023-cü il tarixdə inzibati xəta hadisəsi olması qənaətinə gəlinməklə, "xxxx" ASC barəsində 16 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, "xxxx" ASC tərəfindən X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş-yə həmin şirkətlə 20 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 04 fevral 2021-ci il tarixdə "xxxx" ASC vasitəsilə ödənilmiş 17444 avro pulun müqabilində, 2 (iki) il keçməmiş, yəni 11 may 2022-ci il tarixdə X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş tərəfindən "xxxx" ASC üçün işlər görülməklə, xidmətlər göstərilmiş və bunu təsdiq edən müvafiq sənədlər lazımi qaydada ASC tərəfindən təqdim edilmişdir. Belə olan halda inzibati xəta hadisəsi baş vermədiyindən "xxxx" ASC-nin qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə, inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən X5 Ekipmanları Turizm, İnşaat Sanayi ve Ticaret A.Ş-yə qabaqcadan ödənilmiş vəsaitin hesabına vaxtında işlər görülməklə, xidmətlər göstərilmiş və bu halda həmin ASC-nin təqsiri müəyyən olunmamışdır. Bundan başqa, əgər nəzərə alsaq ki, İXM-nin 430.4-cü maddəsi mahiyyət etibarı ilə xarici valyutanın ölkədən kənara qanunsuz yollarla çıxarılmasının qarşısının alınmasına, həmçinin təyinatı üzrə xərclənməsinə xidmət edir, mövcud vəziyyətdə xarici valyutanın təyinatından kənar sərf edilməsinə yol verilməmişdir. Belə ki, avans yolu ilə xarici şirkətə ödənilmiş valyuta vəsaiti hesabına işlər görülməklə, xidmətlər göstərilmişdir. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sözügedən Məcəllənin 53-cü maddəsinin İ hissəsinin İ və İİ bəndlərinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddət ərzində müvafiq işlər görülməklə, xidmətlər göstərildiyindən, bununla da inzibati xəta hadisəsi baş vermədiyindən ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48- 51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və ASC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-28/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-28/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver