Məhkəmə qərarları › İş №3(059)-281/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-281/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-281/2025 09.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Şabran rayonun Uzunboyad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs 09 aprel 2025-ci il tarixdə, saat 12:15 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində ucadan nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 09 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 09 aprel 2025-ci il tarixdə, saat 12:15 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində ucadan nalayiq söyüşlər söymüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 09 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 3(059)-281/2025 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-281/2025 və 3(059)- 282/2025 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-281/2025 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 09 aprel 2025-ci il tarixdə, saat 12:15 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində ucadan nalayiq söyüşlər söymüş, habelə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə, icraatına daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edərək, baxılması üçün məhkəməyə təqdim etmişdir. Eyni zamanda, Şəxs mütəmadi olaraq spirtçi içki qəbul edir. Ona görə də onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 09 aprel 2025-ci il tarixdə, saat 12:15 radələrində DİN 102 xidmətinə zəng edərək, xidmətdən onu sığınacağa aparılmasını istəmişdir. Lakin, xidmətin əməkdaşı daha sonra ona məlumat veriləcəyini bildirdiyi üçün əsəblərini cilovlaya bilməmiş, habelə öz həyat tərzini nalayiq söyüşlər ilə söymüşdür. Həmin vaxt ona yaxınlaşaraq, özlərini təqdim etmiş polis əməkdaşları onu nizam-intizama dəvət etməyə çalışsalar da, o, söyüşləri öz ünvanına söydüyünü bildirməklə, hərəkətlərinə davam etmiş, həmçinin birincilər onu rayon Polis Şöbəsinə aparmaq istəyərkən tabesizlik göstərmişdir. Bununla belə, əməlindən peşmançılıq hissi keçirməsinin, Birinci Qarabağ müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını və barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin İTB-nin rəisi X3 izahatında göstərdi ki, o, Şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında qohumluq münasibəti, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 09 aprel 2025-ci il tarixdə, saat 12:15 radələrində polis nəfəri Nicat Sultanov ilə birlikdə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində olan zaman bir nəfər şəxsin əsəbi halda ucadan nalayiq söyüşlər söydüyünün şahidi olmuşlar. Beləliklə, həmin şəxsə yaxınlaşıb, onu nizam-intizama dəvət etmək istədiklərində, şəxs DİN 102 xidmətindən sığınacaq istədiyini, istəyinin təmin edilmədiyini, söyüşləri onların ünvanına işlətmədiyini qeyd edib, hərəkətinə davam etmişdir. Bundan sonra, həmin şəxs rayon Polis Şöbəsində dəvət edilərkən, sonuncu tabesizlik göstərərək, ərazidən uzaqlaşmağa cəhd göstərmişdir. Həmçinin, Şəxs şəxsiyyəti müəyyən edildikdən sonra, sonuncunun DİN 102 xidmətinin xanım əməkdaşlarını da, nalayiq söyüşləri ilə söyüşməsi faktı ilə əlaqədar materialların olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən RPŞ-nin PPXB-ün polis nəfəri X4 digər şahid Səbuhi Zeynalovun izahatına uyğun, eyni məzmunlu izahat verməklə, baş vermiş inzibati xəta hadisəsini bir daha təsdiqləmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, həmçinin şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 28 sentyabr 2008-ci il təvəllüdlü Şəbnəm və 18 yanvar 2011-ci il təvəllüdlü Nuranə adında iki yetkinlik yaşına çatmayan övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki yetkinlik yaşına çatmayan uşağının olmasını, təqsirini etiraf etməsini və əməlindən səməmi peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda öz əməli ilə iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birinə yaxın həddə inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində İXM-nin 31.4 və 34.3-cü maddələri tətbiq olunmaqla 10 gün müddətində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar