Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-287/2025 10.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Şabran rayonun Böyük Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Siyəzən rayon Həmyə Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Əsgərov X2 Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(059)-62/2023 saylı icra sənədi üzrə cəmi 500 manat ödəniş edərək, qalıq 11975,55 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəməkdən yayındığı üçün barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 10 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, sözügedən icra sənədi üzrə borcdan cəmi 500 manat məbləğində pul 14 aprel 2023-cü il tarixdə ödənilmişdir. Bundan başqa, icra tədbirləri nəticəsində borclunun adına 4 ədəd torpaq sahəsinin olması müəyyən edilsə də, bu torpaq sahələri 1 ha az olduğu üçün Nazirlər Kabinetinin 05 iyul 2002-ci il tarixli Qərarını rəhbər tutaraq torpaq sahələrinə tutma yönəldilməsi mümkün olmamışdır. Həmçinin, borclunun adına avtomobil aşkar edilsə də, sözügedən avtomobilin yararsız vəziyyətdə olması barədə akt tərtib edilmişdir. Bununla yanaşı, Şəxs növbəti aydan hər ay olmaqla ayda 500 manat məbləğində pulu tələbkara ödəyəcəyinə dair vəd vermişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində məhkəmənin mülahizəsinə əsasən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs 2000 manat məbləğində pulu borc alsa da, sonuncu bu məbləğin 12000 manat olmasına dair ona qəbz yazdırmışdır. Həmçinin, hazırki vaxta kimi işlədiyi Siyəzən rayon Həmyə bələdiyyəsi vergi pulu ilə özü özünü maliyələşdirdiyi üçün, əmək haqqı ala bilməməklə bərabər icra sənədi üzrə borcundan ödəniş edə bilməmişdir. Bununla belə, borcu tam şəkildə ödəməyə maddi imkanı olmasa da, bələdiyyələr birləşdiyi üçün növbəti aydan hər ay olmaqla ayda 500 manat məbləğində pulu ödəyə bilər. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, icra sənədi üzrə borcun birdəfəlik ödənilməsini, əks təqdirsə də Şəxs barəsində inzibati tənbeh olaraq inzibati həbs təyin olunmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(059)-62/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunması üçün 28 mart 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə eyni tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Borclunun gəliri və əmlakı barədə elektron qaydada sorğu verilsə də, tələbin yönəldilə biləcəyi gəlir aşkar edilməmiş, borclunun adına qeydə alınmış VAZ 21060 minik markalı avtomobilə 21 oktyabr 2024-cü ildə baxış keçirilərək müvafiq akt tərtib edilmiş, avtomobil tam yararsız vəziyyətdə olduğu üçün ona tələb yönəldilə bilməmişdir. Bundan başqa borclunun adına elektron sistemdə pay torpaqları müəyyən olunsa da, həmin payın həcmi qanunla yol verilən 1 ha torpaq sahəsindən az olduğu üçün həmin torpaq sahəsinə tutma yönəldilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bələdiyyələrdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab edilirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-ci il tarixli qərarına əsasən vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Qeyd olunmalıdır ki, Əsgərov X2 rayon Həmyə bələdiyyəsinin sədri vəzifəsində işləsə də, onun tərəfindən törədilmiş inzibati xəta əməli sonuncunun öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə bağlı olmamış, habelə bu inzibati xəta tələbkara olan şəxsi borcunu tam şəkildə ödəməkdən yayınması nəticəsində baş vermişdir. Belə olan halda, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilərkən, o vəzifəli şəxs kimi deyil, fiziki şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 02 oktyabr 2008-ci il təvəllüdlü Xədicə və 18 iyul 2011-ci il təvəllüdlü Ülvi adında iki yetkinlik yaşına çatmayan, 01 oktyabr 2018-ci il təvəllüdlü Rinat adında isə bir az yaşlı övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı övladının olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-287/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-287/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver