Məhkəmə qərarları › İş №3(059)-288/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-288/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-288/2025 17.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Muradov X3 Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-305/2019 saylı icra sənədi üzrə 6600 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 17 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Siyəzən Rayon Məhkəməsinin sözügedən icra sənədi 19 iyul 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, bundan sonra, icraata başlama haqqında qərar qəbul edilməklə bərabər digər icra hərəkətləri o cümlədən, borcluya tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilmiş, elektron sistemdən çıxarış əldə edilərək hər hansı əmlakının olmadığı müəyyən edilmişdir. Hazırda borclu Şəxs 6600 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyi üçün birinci barəsində protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Hazırda tərtib etdiyi protokola uyğun olaraq məhkəmənin mülahizəsinə əsasən qərar qbəul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, o, əsəb xəstəsi olduğu üçün onu heç bir yerə işə qəbul etmirlər. Hazırda heç bir yerdə işləmədiyi üçün aliment borcunu ödəyə bilmir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün uşaqlarını saxlamaqda çətinlik çəkir. Rəfail xəstə olub heç yerdə işləmədiyini bildirsə də, düzgün danışmır, o fərdi olaraq usta və fəhlə kimi işləyərək aldığı pulu qardaşına verir. Psixi xəstə olduğunu desə də, o, X4 işə düzəltmiş, lakin içki içdiyi üçün onu işdən azad etmişlər. Hazırda onun barəsində inzibati həbs təyin edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-305/2019 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 19 iyul 2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu Şəxs tələblər könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatları ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən borcunun üzrlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs psixi xəstə olduğunu bildirib bununla bağlı Siyəzən Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 16 aprel 2015-ci il tarixli arayışını təqdim etsə də, həmin arayışdan görünür ki, Şəxs üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə 2006-cı ildən şöbədə qeydiyyatdadır. Lakin işin araşdırılan hallarından və tərəflərin izahatlarından da müəyyən edildiyi kimi o, 2006-cı ildən sonrakı dövrdə "xxxx" ASC-də işləmiş, hər hansı əlilliyi müəyyən edilməyib əmək qabiliyyəti olan şəxsdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2007-ci il təvəllüdlü Nərmin və xx.xx.2010-cu il təvəllüdlü Zümrüd adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, onun təqsirinin dərəcəsini, həmçinin 6600 manat borcunun olduğunu nəzərə alaraq ona İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiqinin onun maddi məsuliyyətini daha da artıracağını nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 17 aprel 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar