Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-290/2025 23.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Siyəzən Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli, 2(059)-1064/2016 saylı icra sənədinə əsasən 19246 manat məbləğində borcu tələbkar X1 ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən 23 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, borclu tərəfindən tələbkara ödənilməsi üçün şöbənin depozit hesabına cəmi 1200 manat pul ödənilmiş, lakin sonuncu bu məbləği qəbul etməkdən imtina etmişdir. Bununla yanaşı, borclunun mülkiyyətində olan iki avtomobilin üzərinə həbs qoyulsa da, sözügedən avtomobillərdən biri bankda girovda, digər avtomobilin isə yerini müəyyən etmək mümkün olmadığı üçün bu istiqamətdə aparılmış icra tədbirlərindən də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Eyni zamanda, Ədliyyə Nazirliyinin elektron sistemi vasitəsi ilə borclunun adına tələbin yönələ biləcəyi əmlakın olub-olmaması barədə sorğu göndərilmiş, lakin hər-hansı əmlak və ya bank hesabı aşkar edilməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və inzibati xəta haqqında protokol əsasında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, sözügedən icra sənədi üzrə tələbkara olan borcu sonuncu ilə aralarında olan əlvan metal alqı-satqısından yaranmışdır. Hazırda, işləməməsi səbəbindən borcunu ödəyə bilməmiş, həmçinin təxminən 5-6 ay öncəyə kimi səhhətində olan problemlə əlaqədar iş qabiliyyətini itirmişdir. Hazırda işləyərək borcunu ödəyəcəyinə söz verir. Bununla belə onun barəsində hər hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, sözügedən icra sənədinə əsasən borclunun ona borcu sonuncu ilə aralarında olan əlvan metal altı-satqısından yaranmışdır. Həmçinin, müvafiq qətnamə 8 il bundan öncə icra edilməsi üçün Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilsə də, 1 il bundan öncəyə kimi qətnamənin icra edilməsi istiqamətində qeyd olunan şöbənin icra məmurları tərəfindən heç bir icra hərəkətləri aparılmamışdır. Bununla belə, özü aidiyyəti orqanlara şikayət etdikdən sonra, borclunun mülkiyyətində olmaqla, bankda girovda olan avtomobilinin üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimat verilmiş, lakin icra məmuru tərəfindən həmin avtomobilin bankda yüklü olması məhkəmədən gizlədilmişdir. Eyni zamanda, bu borcu hissə-hissə ödəməsi üçün borclu ilə razılığa gəlsə də, sonuncu bu müddət ərzində cəmi 700 manat məbləğində pulu şöbənin depozit hesabına köçürmüş, lakin onun vaxtı olmadığı üçün həmin məbləği oradan götürməmişdir. Odur ki, borclunun könüllü olaraq borcunu ödəməyə cəhd etməsinin və pulunu ödənilməsinin tələb etməsinin nəzərə alınmasını, məhkəmənin mülahizəsinə əsasən qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli, 2(059)-1064/2016 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 07 noyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatları ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən borcunun üzrlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü Xanım və xx.xx.2015-ci il təvəllüdlü Asiman adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, onun təqsirinin dərəcəsini, həmçinin 19246 manat borcunun olduğunu, ona İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiqinin onun maddi məsuliyyətini daha da artıracağını nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 23 aprel 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-290/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-290/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver