Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-306/2024 04.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxx 1993-cü ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs oğlu daxil olmuş əməliyyat məlumatı əsasında 25 oktyabr 2024-cü il tarixdə, saat 02:25 radələrində Siyəzən şəhəri, İ.Qayıbov küçəsində şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində opioidlərdən və psixostimulyatorların qanunsuz olaraq istifadə etməsi aşkar edilmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 04 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 noyabr 2024-cü il tarixli qərarı əsasında Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Hazırda protokolu müdafiə edir və qanunauyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü İXM-nin 206-cı maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, 07 avqust 2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra dörd il müddətində narkotik istifadə etməsə də, son iki ay ərzində bu vasitələrdən istifadə etmişdir. Bundan başqa, 25 oktyabr 2024-cü il tarixdə X5 onu yaşadığı evə futbol oyununa baxmaq üçün dəvət etmiş, bu zaman o, narkotik istifadə etməməklə yanaşı, üzərində də, hər hansı qanunsuz əşya və ya predmet olmamışdır. Həmin vaxt onlar Nizam Qurbanova məxsus evdə polis əməkdaşları tərəfindən saxlanılaraq, rayon Polis Şöbəsinə aparılmışlar, habelə bir gün orada saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır. Bununla yanaşı, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmasa da, barəsində tərtib edilmiş protokola tibbi müayinənin gəldiyi nəticə ilə razılaşdığı üçün imza etmişdir. Belə ki, o, həmin vaxt orada narkotik vasitədən istifadə etməsə də, başqa vaxt narkotik vasitədən istifadə etmişdir. Bununla belə, anasının epilepsiya xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınmasını və barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokolun sürətindən görünür ki, Şəxs oğlunun üzərində 25 oktyabr 2024-cü il tarixdə aparılmış şəxsi axtarış zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 25 oktyabr 2024-cü il tarixli, A/2700 nömrəli tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs oğlunun sidiyindən metamfetamin və opiat tərkibli narkotik maddələrin qəbulu aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 30 oktyabr 2024-cü il tarixdə verilmiş 7057 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs oğlunda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərarın və eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokolun surətlərindən görünür ki, Şəxs oğlu 25 oktyabr 2024-cü tarixdə, saat 02:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərarın surətindən görünür ki, həmin tarixdə, saat 23:50-də Şəxs oğlu azad edilərək, onun şübhəli şəxs statusuna xitam verilmişdir. İş materiallarında olan 25 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, habelə onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun İXM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, sözügedən hadisələr ilə bağlı hər hansı bir təzyiq və təsir olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs işin faktiki halları ilə əlaqədar göstərilənlərə etiraz etməmiş, əksinə həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Hətta o, 25 oktyabr 2024-cü il tarixdə Siyəzən rayon Polis Şöbəsində izahat verərkən təxminən 5 ilə yaxındır psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə etdiyini etiraf etmiş, habelə sonda izahatını öz sözləri yazıldığını və əlavəsinin olmadığını qeyd etməklə yanaşı, bunu öz imzası ilə təsdiq etmişdir. Həmçinin məhkəmə iclasında verdiyi ifadəsində həmin gün üzərində hər hansı qanunsuz predmet və ya əşya olmamasını bildirsə də, narkotik vasitələrdən müntəzəm istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə məsuliyyəti yüngülləşdirən halların olmaması ilə yanaşı, ağırlaşdıran halın olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinə görə məhkum olunmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/2 hissəsinə yaxın həddə inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs oğlu 25 oktyabr 2024-cü il tarixdə, saat 02:30da Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutularaq, həmin tarixdə, saat 25:50-də azad edilmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və ona təyin ediləcək inzibati həbsin müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs oğlu inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şəxs oğlunun narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs oğlu məhkəmə iclas zalından dərhal həbsə alınsın. Şəxs oğlunun tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 25 (iyirmi beş) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 24 (iyirmi dörd) gün müddətində inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 04 dekabr 2024-cü il tarixdən saat 17:20-dən hesablansın. Şəxs oğlu qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs oğlu inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs oğlunun narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-306/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-306/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver