Məhkəmə qərarları › İş №3(059)-307/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-307/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-307/2023 05.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Hüquqi ünvanı Siyəzən şəhəri, B.Səfəroğlu küçəsi 1 olan Şəxs ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" ASC Mərkəzi Bankın 07 sentyabr 2023-cü il tarixli, 6- 1-26/2-6737/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 02 noyabr 2023-cü il tarixli, EP seriyalı, ******* saylı inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Sözügedən inzibati xəta haqqında protokolda Şəxs ASC tərəfindən inzibati xətanın törədildiyi vaxt 29 sentyabr 2023-cü il tarix göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, "xxxx" ASC İXM-nin 548.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Mərkəzi Bankın 07 sentyabr 2023-cü il tarixli, 6-1-26/2-6737/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İşdə olan 07 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış və sözügedən ASC tərəfindən 21 sentyabr 2023cü il tarixdə qəbul edilmiş 6-1-26/2-6737/2023 nömrəli məktubun surətindən görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hesablanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kisik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Eyni zamanda qeyd olunanlar nəzərə alınaraq 2022-ci ilə dair emitentin illik hesabatının 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ və İİ hissələrinə əsasən emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları Mərkəzi Banka təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Bu Qanunun 75-ci maddəsinin V hissəsinin İ cümləsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Odur ki, "xxxx" ASC İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" ASC-yə İXM-nin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar