Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-307/2025 06.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, 27 avqust 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ali təhsilli, işləməyən, Siyəzən şəhərinin Fizuli küçəsindəki 39 saylı evdə qeydiyyatda olmaqla, şəhərin Vidadi küçəsində yerləşən 45 saylı evdə yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Siyəzən Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(059)-137/2024 saylı icra sənədinə əsasən 2033,28 manat məbləğində borcu, bu məhkəmənin 04 fevral 2025-ci il tarixli, 2(059)-496/2024 saylı icra sənədinə əsasən isə 2949 manat məbləğində borcu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 06 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, şöbənin icraatında borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs borclu olduğu üç icra işi vardır. Borclu carı ilin dörd ayı ərzində cəmi 430 manat, ümumilikdə isə 2370 manat məbləğində pulu tələbkarın xeyrinə ödəsə də, həmin ödənişlər əvvəlki icra işinə aid edilməklə, hazırki protokolun tərtib olunmasına əsas olmuş iki icra işi üzrə hər hansı ödəniş edilməmişdir. Şöbənin depozit hesabında olan pul isə tələbkar tərəfindən götürülməmiş və borcunun tam şəkildə ödənilməsini tələb etmişdir. Həmçinin, aparılmış icra tədbirləri nəticəsində borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulsa da, həmin avtomobil sonuncu tərəfindən satılmış, habelə harada olmasını müəyyən etmək mümkün olmamışdır. Habelə, borclunun "xxxx" ASC-də hesabı olsa da, hesabdakı məbləğ az miqdar təşkil etdiyindən üzərinə həbs qoyulmamışdır. Bununla belə, Şəxs barəsində hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək, izahatında göstərmişdir ki, özünün borclu Zərərçəkmiş şəxs isə tələbkar olduğu digər icra sənədi üzrə borcundan hər ay gücü çatan qədər ödənişlər etsə də, daimi işləməməklə bərabər günəmuzd işlədiyi qazancı ilə həm də ailəsinin dolanşığını o cümlədən, himayəsində olan iki azyaşlı övladının tədris xərclərini, evinin kirayə pulunu və digər maddi tələbatlarını qarşılayır. Bununla yanaşı, iş üçün Məşğulluq Xidmətinə habelə sözügedən icra sənədinin hissəhissə icra etməsi üçün məhkəməyə də müraciət etmişdir. Həmçinin, tələbkara borcu sonuncunun hərəkətləri nəticəsində yaranmışdır. Bundan başqa, mülkiyyətində əmlak olmadığı üçün bu əmlakı sataraq borcunu tam şəkildə ödəyə bilmir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını və barəsində inzibati tənbeh olaraq inzibati cərimə təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, üç icra sənədində əsasən borclu Şəxs ona cəmi 8882 manat borcu var və sözügedən icra sənədləri 6 ilə yaxındır Siyəzən rayon icra və probasiya şöbəsinin icraatında olsa da, icra olunmamışdır. Həmçinin, Şəxs icra sənədlərini hissə-hissə icra etməsi, həmçinin icra sənədini icra etməsi üçün ona möhlət verilməsi barədə ərizələr ilə məhkəməyə müraciətlər etsə də, ərizələri təmin edilməmiş, sonuncu bu icra sənədlərini icra etmədiyi üçün məhkəmə qərarları ilə barəsində inzibati tənbeh olaraq inzibati həbs təyin olunmuşdur. Bununla yanaşı, Şəxsla sonuncuya məxsus obyekti alması barədə razılaşmış, lakin sonradan sonuncu ona qarşı dələduzluq edərək, təmir etdirdiyi həmin obyektdən onu çıxartmaqla yanaşı, ona məxsus əmlakı satmışdır. Bundan sonra, Şəxs həmin obyekti sataraq pulu Elşən adlı şəxsə sələmə vermişdir. Bundan başqa, Şəxs mərhum atasından dəyəri 200 000 manat olan obyekt miras qalsa da, Raman barəsində olan icra işləri ilə əlaqədar obyektə mülkiyyət hüququnu tanıtdırmasa da, oranı 800 manat müqabilində icarəyə vermiş, həmçinin avtoyuma məntəqələrini də, icarəyə vermişdir. Eyni zamanda, Ramandan obyekti almaq üçün avtomobilini sataraq ziyana düşmüş, həmçinin ona borclu olan pul dəyərdən düşür. Odur ki, Şəxs barəsində inzibati tənbeh olaraq ən yuxarı həddə inzibati həbs təyin edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(059)-137/2024 saylı və 04 fevral 2025-ci il tarixli, 2(059)-496/2024 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə müvafiq olaraq 23 yanvar 2025-ci il və 04 fevral 2025-ci tarixlərdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmış və sonuncu həmin bildirişi imza etməklə qəbul etmiş, həmçinin qeyd edilən icra sənədləri 21 aprel 2025-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və və tələbkarın izahatları ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən borcunun üzrlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü Namidan və xx.xx.2010-cu il təvəllüdlü Xuraman adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, onun təqsirinin dərəcəsini, ona İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiqinin onun maddi məsuliyyətini daha da artıracağını nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 06 may 2025-ci il tarixdən saat 15:10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-307/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-307/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver