Məhkəmə qərarları › İş №3(059)-308/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-308/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-308/2023 21.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin polis sahə rəisi X2 iştirakları ilə 18 avqust 1988-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Gil-Gil Çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Gil-Gil Çay qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs sərxoş vəziyyətdə 01 noyabr 2023-cü tarixdə, saat 22:00 radələrində Siyəzən rayonunun Gil-Gil Çay qəsəbəsində yaşadığı nömrəsiz fərdi yaşayış evinin qarşısında atası X3 DİN-in 102 xidməti vasitəsilə RPŞ-yə daxil olmuş şikayəti ilə əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, onların nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirib, ictimai qaydanı pozmuş, habelə hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Bu barədə, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən müvafiq olaraq 21 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 3(059)-308/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-308/2023 saylı və 3(059)- 309/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-308/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, 01 noyabr 2023-cü tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsinə Şəxs barəsində atası Ağacan Bayramovun şikayəti daxil olmuş, habelə sonuncu şikayətində oğlu Səbuhinin sərxoş vəziyyətdə ona məxsus avtomaşını sürüb həyətdən çıxarmaq istəyərkən buna icazə vermədiyini, bu səbəbdən də onlar arasında mübahisə yarandığını, bundan sonra Səbuhinin avtomaşınına təpik vurub nalayiq ifadələr işlədə-işlədə getdiyini bildirmişdir. Bununla əlaqədar o, CAB-ın əməliyyat müvəkkili X4 və növbətçi hissənin polis nəfəri-sürücü X8 ilə birlikdə X3 yaşadığı Siyəzən rayonunun Gil-Gil Çay qəsəbəsində nömrəsiz fərdi yaşayış evinə getmiş, lakin Şəxs orada olmamış, həmçinin qeyd olunan ünvanda, tərəfindən Ağacan Bayramovdan ərizə alınarkən qapı açılmış və Şəxs yarıçılpaq vəziyyətdə içəri daxil olmuş, bu zaman onları görüb hansı səbəbdən çağırıldıqlarını soruşaraq, ünvanlarına nalayiq ifadələr işlətməklə, oradan qaçıb, qışqıra-qışqıra küçəyə çıxmış, onlar isə Səbuhinin arxası ilə getməmiş, sənədləşdirmə işlərini tamamlamışlar. Bundan sonra, növbətçi hissənin avtomaşınına əyləşib, getmək istəyərkən Şəxs qəflətən avtomaşının qarşısına çıxmış, habelə onları görüb yenə qaçmış, bir müddət sonra dayanmış, bu zaman CAB-ın əməliyyat müvəkkili Əbdülkərim Məmmədov ona yaxınlaşıb, barəsində şikayət olduğunu bildirərək, avtomaşına əyləşməsini təklif etdikdə, Şəxs Əbdülkərimi əl-qol hərəkətləri ilə itələmiş, lakin onlar Səbuhini avtomaşına əyləşdirib, RPŞ-yə aparmışlar. Bundan əlavə, hadisə təxminən 30 dəqiqə - 1 saat davam etmiş, eyni zamanda Şəxs 1 gün Siyəzən RPŞ-də saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 01 noyabr 2023-cü tarixdə Nurlan adlı xalası oğlu ilə spirtli içki, yəni araq içdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gəlib, etibarnaməli idarəçiliyində olan ağ rəngli, ** BU *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomaşını sürüb, getmək istəyərkən atası Ağacan Bayramov buna icazə verməmişdir. Bu zaman o, əsəbləşərək, atası Ağacandan avtomaşının açarını almağa çalışmış, habelə həmin ərəfədə sözlü mübahisə etmişlər. Bundan başqa, atası Ağacan Bayramovun şikayəti əsasında yaşadıqları ünvana polis əməkdaşları gəlsələr də, o, həmin vaxt evdə olmamış, sonradan gəlmişdir. Eyni zamanda, o, ilk dəfə həyətdə polis əməkdaşlarını gördükdə oradan qaçıb getmiş, ikinci dəfə də sonuncuların qarşısına çıxdıqda, qaçmağa çalışmış, lakin bu zaman saxlanılarkən nəfəs almaqda çətinlik çəkdiyi üçün Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Əbdülkərim Məmmədovun ünvanına nalayiq ifadə işlətmiş, həmçinin qaçıb yorulduğuna görə əvvəlcə RPŞ-nin növbətçi hissəsinin avtomaşınına əyləşməkdən imtina edib, daşın üstündə oturaraq dincəlmək istəmişdir. Bundan başqa, sonradan aparıldığı Siyəzən RPŞdə 1 gün saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4 izahatında göstərdi ki, 01 noyabr 2023-cü tarixdə, axşam saat 21-22:00 radələrində əməliyyat qrupunda olmuş, habelə həmin vaxt DİN-in 102 xidməti vasitəsilə RPŞ-yə daxil olmuş çağırış əsasında o, Siyəzən RPŞ-nin polis sahə rəisi X5 və növbətçi hissənin polis nəfəri-sürücü X1 Bayramovun atası Ağacan Bayramovdan ərizə alınması üçün sonuncuların birgə yaşadıqları ünvana getmiş, həmçinin bu zaman tərəflərindən həyətin dağınıq vəziyyətdə olması, ailə münaqişəsinin baş verdiyi müşahidə edilmişdir. Birinci dəfə Şəxs atası Ağacan Bayramovdan ərizəni alıb, getmək istəyərkən Səbuhinin onlara tərəf gəldiyini görərək, sonuncunu yanlarına çağırdıqda, o, onların ünvanına nalayiq ifadələr işlətməklə, qaçmağa başlamışdır. Bundan sonra, Şəxsla ikinci dəfə qarşılaşdıqda, sonuncu eyni qaydada qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirmiş, bu zaman tərəflərindən onun hansı səbəbdən evdə münaqişə yaratdığı soruşulmuş, həmçinin Şəxs sərxoş vəziyyətdə olduğundan nizam-intizam dəvətlərinə adekvat cavab verməmişdir. Bu səbəbdən də, Şəxs RPŞ-nin növbətçi hissəsinin avtomaşınına məcburi qaydada əyləşdirilərək, RPŞ-yə aparılmış, həmçinin o, sərxoş olduğundan yol boyu da öz hərəkətlərini davam etdirib, ünvansız, eləcə də onların ünvanına nalayiq ifadələr işlətmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan görünür ki, Şəxs sərxoş vəziyyətdə 01 noyabr 2023-cü tarixdə, saat 22:00 radələrində Siyəzən rayonunun Gil-Gil Çay qəsəbəsində yaşadığı nömrəsiz fərdi yaşayış evinin qarşısında atası X3 DİN-in 102 xidməti vasitəsilə RPŞ-yə daxil olmuş şikayəti ilə əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, onların nizamintizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirib, ictimai qaydanı pozmuş, habelə hadisə yerindən qaçmağa cəhd göstərmişdir. İşdə olan 11 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 müraciəti və Siyəzən RPŞ-nin İTB-nin sahə rəisi X2 raportu əsasında toplanmış HK-1/1135 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535 və 510-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Eyni zamanda, qərardan görünür ki, Şəxs alkoqolun təsirindən yaranmış sərxoşluq vəziyyətinin müayinəsi zamanı onun 1,356 promil dərəcədə, yəni orta ağırlıq dərəcəsində spirtli içkinin təsiri altında olması müəyyən olunmuşdur. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 19 iyun 2018-ci il təvəllüdlü Uğur və 31 oktyabr 2019-cu il təvəllüdlü Ağacan adında iki azyaşlı uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də yaşadığı ünvanın qarşısındakı küçədə xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onların qanuni tələblərinə əməl etməməsini, habelə hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlətməsini, bundan sonra da əyləşdirildiyi avtomaşında hüquqazidd hərəkətlərini davam etdirməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 01 noyabr 2023-cü il tarixdə, saat 22:00-da saxlanılmış və 1 gün ərzində azad edilmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 19 (on doqquz) gün müddətində inzibati həbs saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən saat 10.05-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar