Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-308/2025 06.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, 18 avqust 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhərinin Fizuli küçəsindəki 39 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Siyəzən Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(059)-137/2024 saylı icra sənədinə əsasən 2033,28 manat məbləğində borcu, bu məhkəmənin 04 fevral 2025-ci il tarixli, 2(059)-496/2024 saylı icra sənədinə əsasən isə 2949 manat məbləğində borcu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 06 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, şöbənin icraatında borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs borclu olduğu digər icra sənədi üzrə borcdan birinci tərəfindən ödənişlər olsa da, hazırki icra sənədləri üzrə ödənişlər olmamışdır. Eyni zamanda, tərəflər arasında olan digər icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmiş, habelə sonuncuya inzibati tənbeh olaraq 500 manat inzibati cərimə təyin olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, onunla Zərərçəkmiş şəxs arasında hər-hansı müqavilə olmamaqla bərabər sonuncudan ümumiyyətlə pul almasa da, mərhum atasından miras qalmış obyektə əsasən ona qarşı qaldırılmış iddia təmin edilmişdir. Bundan başqa, qısa müddət əvvəl vəfat etmiş əqli və fiziki qüsurlu oğlunun müayinə və müalicəsindən qalan pul məbləği icra sənədi üzrə borcundan ödənişlər etmişdir. Eyni zamanda, heç yerdə işləməməklə yanaşı mülkiyyətində daşınar və ya daşınmaz əmlakı yoxdur. Odur ki, yuxarıda qeyd etdiyi üzrlü səbəbdən icra sənədini tam icra edə bilməməsinin, təxminən dörd gün sonra mərhum oğlunun qırx mərasimini təşkil etməli olmasının, habelə himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını və barəsində inzibati tənbeh olaraq inzibati cərimə təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs cavabdeh özünün isə iddiaçı olduğu mülki işlər üzrə Siyəzən Rayon Məhkəməsinin qətnamələrindən birincinin verdiyi apellyasiya şikayətləri Sumqayıt Apellyasi Məhkəməsində təmin edilməmişdir. Bundan başqa, Şəxs qətnaməni hissə-hissə icra etməsi və qətnamənin icrasına möhlət verilməsi barədə ərizələri də bu məhkəmədə təmin edilməmişdir. Hesab edir ki, bütün bunlar qətnamənin icrasından məqsədli şəkildə yayınmaq məqsədi ilə atılmış atdımlar olmuşdur. Bununla yanaşı, Şəxs 09 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında icra sənədləri üzrə borcunu 3 ay müddətində tam ödəcəyinə dair vəd versə də, sonuncu ötən 1 ildən artıq müddət ərzində vədinə əməl etməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh olaraq ən yuxarı həddə inzibati həbs təyin edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(059)-137/2024 saylı və 04 fevral 2025-ci il tarixli, 2(059)-496/2024 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə müvafiq olaraq 23 yanvar 2025-ci il və 04 fevral 2025-ci tarixlərdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmış və sonuncu həmin bildirişi imza etməklə qəbul etmiş, həmçinin qeyd edilən icra sənədləri 21 aprel 2025-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 26 iyul 2019-cu il təvəllüdlü Nilay adında bir azyaşlı övladı vardır. İşdə olan Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 29 aprel 2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 463339 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 31 mart 2025-ci il tarixdə Bakı şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 aprel 2025-ci il tarixdə 345 nömrəli qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, himayəsində bir azyaşlı övladının olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 manat inzibati cərimə təyin olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-308/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-308/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver