Məhkəmə qərarları › İş №3(059)-31/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-31/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-31/2024 27.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Nümayəndə2, Nümayəndə3, Nümayəndə4, Nümayəndə5 və X1 və, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Hüquqi ünvanı Siyəzən şəhəri olan "xxxx" ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq İdarəsinin əməkdaşlarının 08 yanvar 2024-cü il tarixdə götürdüyü Xəzər dənizinə axıdılan tullantı su nümunələrinin analiz nəticələrinə əsasən "xxxx" ASC tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, daxil olmuş çox saylı müraciətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 İdarəsinin əməkdaşları tərəfindən şikayət ərizələrində qeyd olunan ərazilərdə, yəni, Xəzər gölünün sahili ilə "xxxx" ASC-nin ərazisinin arasında yerləşən 400 metrlik məsafədə 08 yanvar 2024-cü il tarixdə, saat təxminən 14-15:00 radələrində monitorinq keçirilməklə, sözügedən ərazidən Xəzər gölünə birbaşa axıdılan sulardan nümunələr götürülmüş və həmin nümunələrdə zərərli maddələrin miqdarının normadan çox olması müəyyən edilmişdir. Bundan sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilmiş, habelə "xxxx" ASC-nin nümayəndəsi nazirliyə dəvət olunaraq, sonuncuya Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan pozuntu izah edilmiş, habelə 24 yanvar 2024-cü il tarixdə ASC barəsində İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta törədən hüquqi şəxs olduğu üçün protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa, ASC-nin nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, sözügedən əraziyə başqa müəssisələr tərəfindən suların axıdıla biləcəyini qeyd etdiyindən, 12 yanvar 2024-cü il tarixdə həmin ərazidə ASCnin nümayəndəsinin iştirakı ilə təkrarən monitorinq keçirilməklə, nümunələr götürülmüşdür. Bu, nümunələr ASC tərəfindən axıdılan suların Xəzər gölünə töküldüyü arxın sonundan götürüldüyündən, həmin nümunələrə qrunt sularının qarışması ehtimalı yoxdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə3 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanuna istinad etməsi və bununla ASC-ni müdafiə etməsi əsassız, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin İnsan kapitalının inkişafı sektorunun aparıcı məsləhətçisi Nümayəndə2 məhkəməyə təqdim etdiyi sübutlar isə əsaslıdır. Belə ki, monitorinq aparılarkən təmsil etdiyi nazirliyin əməkdaşları ASC-nin ərazisinə daxil olmamışdır. Həmçinin, ASC tərəfindən Xəzər gölünə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması ekologiya və gələcək üçün təhlükəlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə4 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC-nin ərazisindən kənarda sözügedən ASC-dən Xəzər gölünə axıdılan çirkab sulardan götürülmüş nümunələrdə aparılan analizlərin nəticəsinə görə OBS-nin miqdarının normadan ən azı 30 dəfə çox, oksigenin isə az olması müəyyən olunmuş, sonuncu amil isə OBS-nin yaranmasına birbaşa səbəb olmuşdur. Eyni zamanda, ammoniumun miqdarının normadan çox olması fekal sularının yaranması ilə nəticələnmişdir. Beləliklə, OBS yalnız fekal sularda olduğundan deməyə əsas verir ki, bu su "xxxx" ASC-nin təmizləyici qurğularından çıxan sudur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə5 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC-nin fəaliyyəti ilə bağlı təmsil etdiyi nazirliyə daxil olan şikayətlər əvvəlki dövrlərə nisbətən çoxalmışdır. Odur ki, "xxxx" ASC barəsində sözügedən protokol üzrə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 tərtib etdiyi müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, tərəflərindən götürülmüş tullantı su nümunələri analizin aparılması üçün aidiyyəti üzrə göndərilmiş, həmçinin "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 nazirliyə dəvət edilməklə, sonuncunun iştirakı ilə tərəfindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, "xxxx" ASC barəsində tərtib etdiyi protokol üzrə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi ASC-ni İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən, hazırda məhkəmə iclasında iştirak edən nümayəndələr "xxxx" ASC-yə qarşı qərəzli mövqedədirlər. Belə ki, adətən yoxlamalar müvafiq qanunvericiliyə uyğun keçirilməli olduğu halda, buna əməl edilməmiş, cəmiyyət üçün hüquq və vəzifələr, hüquqi məsuliyyət müəyyən etmək üçün, habelə sahibkarlıq sahəsində aparılan yoxlamalar olmadan, mənşəyi müəyyən olmamaqla, cəmiyyətin ərazisində yerləşməyən ərazidən götürülmüş nümunələr və onların üzərində aparılan analizlər nəticəsində "xxxx" ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tullantı su nümunələrinin götürüldüyü ərazi, hüquqlarını təmsil etdiyi cəmiyyətin inzibati ərazisinə daxil olmamaqla yanaşı, cəmiyyətin məsuliyyət daşıdığı, həmçinin mühafizə olunan ərazisi deyildir. Bundan başqa, "xxxx" ASC Azərbaycan Respublikası ərazisində yerləşən ən böyük quşçuluq müəssisəsi olmaqla yanaşı, orada təxminən 2000 nəfərdən artıq işçi çalışır, həmçinin ölkənin ərzaq təhlükəsizliyini təmin edən hüquqi şəxslərdən biridir. Bundan başqa, 08 yanvar 2024-cü il tarixdə nazirliyin əməkdaşı onlar ilə əlaqə saxlayaraq, cəmiyyətdə müvafiq yoxlamalar aparılacağını bildirmişdir. Bundan sonra, yoxlamaların nəticəsi soruşulduqda, sahibkarlıq sahəsində aparılan yoxlamaların onlara aidiyyəti olmadığı qeyd edilmişdir. Bundan başqa, "xxxx" ASC inzibati məsuliyyətə cəlb edilsə də, tullantı su nümunələrinin götürülməsi ilə bağlı cəmiyyətə məlumat verilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan "xxxx" MMC 2023-cü ilin oktyabr, noyabr, dekabr aylarında cəmiyyətin inzibati ərazisinin müxtəlif sahələrindən su nümunələri götürmüş və həmin nümunələrin analiz nəticələrinə görə istehsalat prosesi zamanı əmələ gələn çirkab sularda zərərli maddələr aşkar edilməməklə yanaşı, təxminən 20 gün sonra baş vermiş monitorinqlə ziddiyyətli məqamlar ortaya çıxmışdır. Belə ki, X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən ”Siyəzən-Broyler” ASC ilə bağlı keçirilən monitorinqdə, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbləri pozulmuş, müvafiq yoxlama reyestrdə qeydə alınmadan aparılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Bu inzibati aktdır və cəmiyyət üçün hüquq və vəzifələr yaradır. Nazirliyin əməkdaşları ilk öncə yoxlamalar aparacaqlarını bildirsələr də, sonuncular ilə əlaqə saxlayıb, qanunvericiliyi izah etdiyindən sonra monitorinq keçirilmişdir. Həmçinin, yazılı etirazında qeyd etdiyi kimi Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinin tələblərində pozulmuşdur. Odur ki, təmsil etdiyi cəmiyyətin təqsiri olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, Nümayəndə1 nümayəndəsi olduğu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-ni Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun bu əmələ, yəni İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə təqsiri etiraf etməməsi nümayəndəsi olduğu cəmiyyəti müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayındırmaq məqsədi güdür. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24 yanvar 2024-cü il tarixli, 83953 nömrəli aktından görünür ki, 08 yanvar 2024-cü il tarixdə, X5 Monitorinq İdarəsi tərəfindən "xxxx" ASC-nin Xəzər dənizinə çıxışından, dənizdən götürülmüş su və dib çöküntüsü nümunələrinin üzərində, "xxxx" MMC tərəfindən aparılmış təhlillərin nəticələri "xxxx" ASCnin hüquq şöbəsinin müdiri Nümayəndə1 təqdim olunmuş, habelə sonuncunun iştirakı ilə analiz nəticələri barədə tərtib edilmiş cədvəlin oxunması zamanı, ammonium ionunun və oksigenin biokimyəvi sərfinin yol verilən hədd normasından dəfələrlə artıq olduğu (axıdıldığı) müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Xəzər dənizinə çıxışından və dənizdən götürülmüş su, dib çöküntüsü nümunələri üzərində aparılmış təhlillərin nəticələrinə dair arayışdan görünür ki, 08 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin Xəzər dənizinə çıxışından və dənizdən su, dib çöküntüsü nümunələri götürülmüşdür. Götürülmüş nümunələr üzərində kimyəvi, ekotoksikloji və mikrobiolioji təhlillər aparılmışdır: 1) "xxxx" ASC-nin istiqamətindən olan axardan, dənizdən 400 metr məsafədən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən yüksək müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı ******* ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı ******* ədəd/litr təyin edilmişdir. Ekotoksikloji təhlillərin nəticəsinə görə su nümunəsi zəhərli təsirə malik olmamışdır. 2) Dənizdən 500 metr məsafədə axardan götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə ammonium ionu -3,2 və oksigenin biokimyəvi sərfi (OBS5)-11,0 dəfə yol verilən qatılıq həddindən yüksək müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı -2150000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı ******* ədəd/litr təyin edilmişdir. 3) Aaxrın dənizə tökülən hissəsindən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə ammonium ionu -1,8 və oksigenin bio kimyəvi sərfi (OBS5)-9,2 dəfə yol verilən qatılıq həddindən yüksək müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı- ******* ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı-940000 ədəd/litr təyin edilmişdir. 4) Dənizdən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə ammonium ionu -1,5 və oksigenin biokimyəvi sərfi (OBS5)-2,1 dəfə yol verilən qatılıq həddindən yüksək müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı- 42000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı-74000 ədəd/litr təyin edilmişdir. 5) "xxxx" ASC istiqamətindən (400) metr dənizdən götürülmüş dib çöküntüsü nümunəsi üzərində neft karbohidrogenlərinin və ağır metalların təhlili aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq İdarəsinin əməkdaşlarının 08 yanvar 2024-cü il tarixdə götürdüyü Xəzər dənizinə axıdılan tullantı su nümunələrinin analiz nəticələrinə əsasən "xxxx" ASC tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuş, bununla da, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələblərinin pozularaq reyestrdə qeydə alınmadan müəssisədə yoxlama aparılması barədə etirazına münasibətdə qeyd edir ki, hazırki inzibati xəta haqqında iş üzrə X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırma müəssisə daxilində, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə deyil, "xxxx" ASC-dən kənarda, yəni ASC-nin Xəzər dənizinə çıxışından, həmçinin dənizdən götürülərək aparılmışdır. Məhz bu səbəbdən də hazırki inzibati xəta haqqında iş üzrə araşdırma zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinin tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Bu Məcəllənin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Göründüyü kimi "xxxx" ASC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması iş materialında olan akt, protokol, arayış, fotoşəkillər və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini, o cümlədən, törədilmiş inzibati xəta nəticəsində ətraf mühitin ciddi ziyana məruz qalmaqla, bu xətanın insanların sağlamlığına mənfi təsir göstərməsini, "xxxx" ASC-nin müəyyən qədər maliyyə vəsaiti sərf edib ətraf mühitə axıdılan zərərli maddələrin qarşısını almaq əvəzinə, maraqlarını təmin etməklə, maliyyə üstünlüyü əldə etməsini, habelə inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, yəni, ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən dəfələrlə artıq olmasını, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" ASC-yə İXM-nin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddindən artıq miqdarda cərimə tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, qəraraaldım: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 11000 (on bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar