Məhkəmə qərarları › İş №3(059)-32/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-32/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-32/2021 05.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X14 Şöbəsinin baş əmək müfəttişi X3 iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” ASC-nin quş tutma briqadasında briqadir vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X14 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, “xxxx” ASC-də quş tutma briqadasında briqadir vəzifəsində işləyən Şəxs xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrində müəssisə ərazisində insanların daşınması üçün nəzərdə tutulmayan avtoyükləyici (avtokar) ilə işçilərin daşınmasına göstəriş verdiyinə, bununla da, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın 7.11-ci bəndinin və quş tutan briqadasının briqadiri üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair 32 saylı təlimatın 2.4-cü bəndinin tələblərini pozmuş və nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır xəsarət yetirilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası ƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X14 Şöbəsinin baş əmək müfəttişi X6 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə “xxxx” ASC-nin quş tutma sahəsinin briqadiri Şəxs Azərbaycan Respublikası İXMnin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsi barədə MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X14 Şöbəsinin baş əmək müfəttişi X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, “xxxx” ASC-də briqadir vəzifəsində işləyən Şəxs tabeçiliyində olan işçilərin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət olunması vəzifəsini lazımınca icra etmədiyini, nəticədə, tabeçiliyində işləyən Zərərçəkmiş şəxs, xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrində insanların daşınması üçün nəzərdə tutulmayan avtoyükləyici (avtokar) ilə işçilərin daşınması həyata keçirilərkən avtokarın üzərindən yerə tullanaraq müvazinətini itirdiyini, bu zaman X1 idarə etdiyi avtokarın Zərərçəkmiş şəxs sağ ayağının üzərinə çıxmaqla, sağ bud sümüyünün orta üçdə birinin yerini dəyişən qapalı sınıq və sağ qayıqvarı sümüyün sınığı ilə nəticələnən səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır xəsarət yetirdiyini bildirdi. Eyni zamanda, xx xxxxxx 2020-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə clasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 2014-cü ildən “xxxx” ASC-də mühafizəçi, 2019-cu ildən etibarən isə quş tutma briqadasında briqadir vəzifəsində işləyir. Briqadir kimi tabeçiliyində ştat vahidlərinə əsasən idarə etdikləri traktor ilə birlikdə 10 traktor sürücüsü, idarə etdikləri avtokar ilə birlikdə 3 avtokar sürücüsü, 24 nəfər qadın və 20 nəfər kişi fəhlə ştatı var, lakin, hazırda tabeçiliyində idarə etdikləri traktor ilə birlikdə 10 traktor sürücüsü, idarə etdikləri avtokar ilə birlikdə 2 avtokar sürücüsü, 24 nəfər qadın və 12 nəfər kişi fəhlələr vardır. Rəhbərlik etdiyi briqadanın iş prinsipi diri quşların tutularaq yeşiklərə yığılması, həmin yeşiklərin avtokarlar vasitəsilə traktorlara yüklənməsi və kəsim sexinə göndərilməsindən ibarətdir. Briqadada işlərin görülməsinə isə birbaşa özü cavabdehdir. Zərərçəkmiş şəxs təxminən 2018-ci ildən ASC-də quş tutma briqadasında xəsarət aldığı günə qədər onun yanında fəhlə kimi çalışmışdır. Adətən iş saatlarının sonunda, təxminən saat 19-20:00 radələrində işlər yekunlaşmağa doğru getdiyindən fəhlələrin bir qismi işi yekunlaşdırmaq üçün işdə qalsalar da, əksər qismi paltarlarını dəyişib, yuyunduqdan sonra evlərinə tez gedib çatmaları üçün piyada şəkildə paltardəyişmə otağına doğru istiqamətlənir və bunun üçün fəhlələrə onun və ya başqa kiminsə göstəriş verməsinə hər hansı bir zərurət olmur. xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrində adəti üzrə kimi tabeliyində olan işçilərə nəzarət edərkən Zərərçəkmiş şəxs işlədiyi dəstənin öz işini yekunlaşdırdığını görmüş, bu səbəbdən də həmin işçiləri evə buraxmış, habelə yoxlanışı davam etdirmək üçün digər sexə keçmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra avtokar sürücüsü olan Nicat Hüseynov ona zəng vuraraq digər avtokar sürücüsü Həsənağa Kazımovun bu nəqliyyat vasitəsilə fəhlə Zərərçəkmiş şəxs ayağının üzərindən keçməsi barədə məlumat vermişdir. Bu zaman o, həmin məlumat əsasında hadisə yerinə gəlmiş, habelə orada ona Həsənağanın yolda avtokarla hərəkətdə olduğu zaman Elnurun və digər işçilərin piyada hərəkətdə etdiyini görüb sonuncuları avtokara mindirməsi, paltardəyişmə otağının qarşısındakı kanalizasiya quyusunun yaxınlığında Həsənağanın avtokarı arxaya verdiyi zaman Elnurun avtokardan yerə tullanması və Həsənağanın avtokarla onun ayağının üzərindən keçməsi məlum olmuşdur. Bundan sonra, o, dərhal hadisə barədə ASC-nin rəhbəri Elnur Rəhimova məlumat vermişdir. Daha sonra, rəhbərliyin göstərişi əsasında hadisə yerinə mühafizə xidmətinin rəhbəri Emin Həsənov və ASC-nin hüquqşünası Rövşən Rəhimov gəlmiş, sonuncular Zərərçəkmiş şəxs avtomobilə mindirərək xəstəxanaya aparmışlar. O, həmin gün avtokarla işçilərin daşınmasına dair Həsənağa Kazımova hər hansı bir formada göstəriş verməmiş, bu halın yolverilməz olduğunu bilmiş, belə halla rastlaşdıqda, daim işçilərə öz iradını kəskin şəkildə bildirmiş, bununla bağlı hər gün təlimatlandırma aparmışdır. Bundan əlavə, X1 və X2 ibtidai araşdırma zamanı ona qarşı ifadə verməklə, onu hadisənin əsas günahkarı kimi göstərmələri onların işdən çıxması, bu səbəbdən də ona kin bəsləmələri ilə əlaqədardır. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, “xxxx” ASC-də fəhlə işləyir. Son dövrlərdə quşların tutulub kəsim sexinə aparılmasından ötrü yeşiklərə yığıldığı bölmədə fəhlə işləmiş, iş saatı gündəlik saat 06:00 radələrindən 19:00 radələrinədək davam etmiş, həftənin şənbə günü isə istirahət günü olmuşdur. xx xxx 2020ci il tarixdə, təxminən saat 16:30 radələrində quşların tutulub kəsim sexinə aparılmasından ötrü yeşiklərə yığıldığı bölmədə işlərini bitirdikdən sonra, oradakı fəhlələr evə getmək üçün paltardəyişmə otağına getməyə başlamışlar. Bu zaman bir neçə nəfər qadın və kişi fəhlələrin bir qisminin paltarlarını dəyişmək üçün müvafiq zonalara getmək məqsədilə Həsənağa Kazımovun yüklərin daşınması üçün nəzərdə tutulmaqla, idarə etdiyi avtokara mindiyini görmüş, o da digər fəhlələrlə birlikdə avtokara əyləşmişdir. Bununla bağlı, Şəxs hər hansı bir formada göstərişi olmamış, habelə həmin vaxt sonuncu orada olmamış, onları avtokara minərkən görməmişdir. Beləliklə, təxminən 10 nəfərə yaxın qadın avtokarın qarşısına yüklərin üzərinə qoyulması üçün nəzərdə tutulan taxtanın üzərinə minərək ayaqüstə dayanmış, onlar isə yəni, Elnur, Etibar, Şirinbala və o, avtokarın arxa tərəfinə minərək orada əyləşmişlər. Avtokarın arxa hissəsində əyləşdikləri yer oturmaq üçün nəzərdə tutulmasa da, onlar çətinliklə də olsa orada əyləşə bilmişlər. Daha sonra, Həsənağa avtokarın üzərində ayaqüstə dayanmış təxminən 10 nəfərə yaxın qadını gətirib birinci zonada qadınlar üçün nəzərdə tutulan patardəyişmə otağının qarşısında düşürtmüş, qadınlar avtokarın üzərindən düşdükdən sonra Həsənağa həmin yerdən onların paltardəyişmə otaqlarınadək olan məsafənin çox olmadığını, təxminən 1 kilometrə yaxın məsəfa olduğunu görərək, avtokarı arxa-arxaya sürməyə başlamışdır. Onlar düşəcəkləri yerə təxminən 15 metr qalmış Həsənağadan avtokarı saxlamasını xahiş etsələr də, sonuncu onları qapının qarşısınadək aparacağını bildirmiş, kişilərin paltardəyişmə otaqlarının qarşısına çatmaqlarına 7-8 metr məsafə qalmış o və digər fəhlələr Həsənağaya yerdə kanalizasiya quyusunun olması barədə xəbərdar etmiş, sonuncu bu xəbərdarlıqdan sonra avtokarla manevr edərək həmin kanalizasiya quyusunun yanından keçməklə, paltardəyişmə otağı istiqamətində hərəkətini davam etdirmişdir. Paltardəyişmə otağına çatmalarına təxminən 5 metr qalmış o, avtokar qəfil dayandığı üçün üzərində müvazinətini saxlaya bilməyərək, sürüşməklə, yıxılmış, həmin vaxt avtokarın sürücüsü Həsənağa ona məlum olmayan səbəbdən avtokarı arxaya tərpədərkən nəqliyyat vasitəsinin arxa sol təkəri onun sağ ayağının üzərinə çıxmışdır. Bundan sonra, o, qışqıraraq Həsənağanı çağırmış, sonuncu onun səsini eşitdikdən sonra avtokarın onun üzərindən düşməsi üçün irəliyə sürmüşdür. Baş vermiş hadisə ilə əlaqədar iş yoldaşları briqadir Şəxs məlumat vermiş, sonuncu dərhal ora gəlmişdir. Daha sonra, oraya gəlmiş ASC-nin təhlükəsizlik xidmətinin rəisi Emin Həsənov və ASC-nin hüquqşünası Rövşən Rəhimov onu Siyəzən RMDM-nə aparmışlar. Yolda olduqları zaman sonuncular ona bu hadisəni şişirtməməyi, müalicə xərcləri ilə bağlı nə lazımdırsa edəcəklərini, əmək haqqını ödəyəcəklərini və sağaldıqdan sonra yenidən işə qayıdıb işləyə biləcəyini vəd etmişlər. Siyəzən RMDM-də tibbi yardım göstərildikdən sonra o, Bakı şəhərinə Travmatologiya İnstituna göndərilmiş, burada əməliyyat olunmuşdur. Əməliyyatla bağlı və digər xərclərinin ***-**** manatlıq hissəsi "xxxx" ASC tərəfindən qarşılanmışdır. xx xxx 2020-ci il tarixdə xəstəxanadan evə buraxıldıqdan sonra evdə müalicəsini davam etdirmişdir. Daha sonra, bir neçə ay gözləsə də, əmək haqqı və işdə olmadığı vaxtların ödənişləri ona edilmədiyini görüb bu barədə rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Hazırda əsas şikayəti sağlamlığına tam qovuşması və əmək haqqının verilməsi, hüquqlarının bərpası ilə bağlıdır. Yəni, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Çünki, Şəxs daim onları təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırmış, avtokara mindikləri zaman onları gördükdə, dərhal onları oradan düşürmüş, kəskin şəkildə tənbeh edib, bunun onların həyatı və sağlamlığı üçün təhlükəli olduğunu, habelə avtokarın insan yox, yük daşınması üçün nəzərdə tutulması barədə onlara dəfələrlə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında göstərdi ki, xx xxx 2020-ci il tarixdə, təxminən saat 17:00 radələrində quşların tutulub kəsim sexinə aparılmasından ötrü yeşiklərə yığıldığı bölmədə işlərini bitirdikdən sonra, oradakı fəhlələr evə getmək üçün paltardəyişmə otağına getməyə başlamışlar. Bu zaman Alişan adlı avtokar sürücüsü qadın və kişi fəhlələri paltarlarını dəyişmək üçün nəzərdə tutulan zonalara apamağı təklif etsə də, orada olan digər avtokar sürücüsü Həsənağa Kazımov az miqdarda yüklü yeşiklərinin olduğunu, habelə özünün də həmin zonalar istiqamətində gedib, yükləri boşaltmalı olduğunu bildirib, onlara onun idarə etdiyi avtokara əyləşməyi tövsiyə etmiş, bu zaman digər fəhlələr bu təklifi müsbət qarşıladığından, o da digər fəhlələrlə birlikdə avtokara əyləşmişdir. Belə bir hərəkət onun tərəfindən ilk dəfə edilmiş, daha əvvəl belə addıma yol verməmişdir. Bundan əlavə, bununla bağlı, Şəxs hər hansı bir formada göstərişi olmamış, habelə həmin vaxt sonuncu orada olmamış, onları avtokara minərkən görməmişdir. Beləliklə, təxminən 10 nəfərə yaxın qadın avtokarın qarşısına yüklərin üzərinə qoyulması üçün nəzərdə tutulan taxtanın üzərinə minərək ayaqüstə dayanmış, onlar isə yəni, özü, Etibar, Şirinbala və Zərərçəkmiş şəxs avtokarın arxa tərəfinə minərək orada əyləşmişlər. Avtokarın arxa hissəsində əyləşdikləri yer oturmaq üçün nəzərdə tutulmasa da, onlar çətinliklə də olsa orada əyləşə bilmişlər. Daha sonra, Həsənağa avtokarın üzərində ayaqüstə dayanmış təxminən 10 nəfərə yaxın qadını gətirib birinci zonada qadınlar üçün nəzərdə tutulan patardəyişmə otağının qarşısında düşürtmüş, qadınlar avtokarın üzərindən düşdükdən sonra Həsənağa həmin yerdən onların paltardəyişmə otaqlarınadək olan məsafənin çox olmadığını, təxminən 1 kilometrə yaxın məsəfa olduğunu görərək, avtokarı arxa-arxaya sürməyə başlamışdır. Onlar düşəcəkləri yerə təxminən 15 metr qalmış Həsənağadan avtokarı saxlamasını xahiş etsələr də, sonuncu onları qapının qarşısınadək aparacağını bildirmiş, kişilərin paltardəyişmə otaqlarının qarşısına çatmaqlarına 7-8 metr məsafə qalmış o və digər fəhlələr Həsənağaya yerdə kanalizasiya quyusunun olması barədə xəbərdar etmiş, sonuncu bu xəbərdarlıqdan sonra avtokarla manevr edərək həmin kanalizasiya quyusunun yanından keçməklə, paltardəyişmə otağı istiqamətində hərəkətini davam etdirmişdir. Paltardəyişmə otağına çatmalarına təxminən 5 metr qalmış arxasında əyləşmiş Zərərçəkmiş şəxs qışqırıq səslərini eşitmiş, sonuncunun onun yanından necə düşdüyünü hiss etməmiş, o cümlədən həmin vaxt avtokarın arxa sol təkəri Elnurun sağ ayağının üzərinə çıxmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs qışqıraraq Həsənağanı çağırmış, sonuncu onun səsini eşitdikdən sonra avtokarın onun üzərindən düşməsi üçün irəliyə sürmüşdür. Baş vermiş hadisə ilə əlaqədar iş yoldaşları briqadir Şəxs məlumat vermiş, sonuncu dərhal ora gəlmişdir. Daha sonra, oraya gəlmiş ASC-nin təhlükəsizlik xidmətinin rəisi Emin Həsənov və ASC-nin hüquqşünası Rövşən Rəhimov Zərərçəkmiş şəxs Siyəzən RMDM-nə aparmışlar. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında göstərdi ki, o, Şəxs briqadasında olan avtokar sürücülərindən biri olmaqla, artıq 2 il yarım olar həmin nəqliyyat vasitəsini idarə edir. Bu nəqliyyat vasitəsi yük daşınması üçün nəzərdə tutulduğundan, onunla heç vaxt işçi daşımamışdır. Bundan əlavə, işçilərin avtokarla paltardəyişmə zonalarına aparılması ilə bağlı avtokar sürücülərinə Şəxs tərəfindən nə göstəriş, nə də əmr verilməmiş, əksinə, belə bir halın yolverilməz olduğu barəsində sonuncu tərəfindən daim təlimatlandırma aparılmışdır. xx xxx 2020-ci il tarixdə baş vermiş hadisənin birbaşa şahidi olmasa da, olanlar barədə Şəxs dərhal məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən şahid Rəhimov Rövşən Novruz oğlu izahatında göstərdi ki, xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrinə Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı sonradan məlumatı olmuş, baş vermiş hadisəyə müəssisənin rəhbərliyi tərəfindən dərhal reaksiya verilmiş və zəruri tədbirlər görülmüşdür. Baş vermiş hadisənin əsas təqsirkarı Həsənağa Kazımov olmuş, sonuncu mövcud təlimata uyğun davranmamış, ona təhkim edilmiş avtokarla özbaşına işçiləri daşımışdır. Çünki, avtokar yalnız yük daşımaq üçün nəzərdə tutulmuşdur. İbtidai araşdırmanın düzgün aparılmaması isə hazırkı vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Belə ki, baş vermiş hadisədə Şəxs təqsiri olmamış, habelə sonuncu öz vəzifə borcunu tam şəkildə təlimata uyğun, vicdanla yerinə yetirmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqda qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanılaraq ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata baş vermiş hadisədə cinayət tərkibi olmadığından xitam verilmiş, habelə X4 və Şəxs barəsində olan cinayət təqibinin başlanılması rədd edilməklə, sonuncu, eləcə də “xxxx” ASC tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları pozulduğuna görə barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ƏƏSMN yanında DƏMX-ya göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 162 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bud sümüyünün orta üçdəbirinin yerini dəyişən qapalı sınığı və sağ qayıqvari sümüyün sınığı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi vəziyyətdə yarana bilər, yaranma müddəti xx xxx 2020-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Hazırda isə Şəxs əməlində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən əmək mühafizəsi qaydalarını pozma inzibati xətanın tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, texniki təhlükəsizlik vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir (“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1999-cu il tarixli Qanununun 1-ci maddəsi). Adı çəkilən Qanundan aydın olur ki, texniki təhlükəsizlik çox geniş anlayışdır və ictimai həyatın müxtəlif sahələrində (əməyin təhlükəsizliyi, ekoloji, yanğın, sanitar-epidemioloji təhlükəsizlik, sənayedə və tikintidə təhlükəsizlik və s.) riayət edilməli olan təhlükəsizlik qaydalarını əhatə edir. Lakin,bu maddədə sözün geniş mənasında deyil, əmək mühafizəsinin tərkib hissəsi olan texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur. Əməyin mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının x xxxxxx 1999-cu il tarixli Qanununda, digər normativ hüquqi aktlarda və texniki-normativ sənədlərdə təsbit olunmuşdur. İXM-nin 198.3-cü maddəsi ilə inzibati xətanın tərkibinin yaranması üçün texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydaları pozulmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ilə baş vermiş nəticə — sağlamlığa az ağır zərər vurulması arasında səbəbli əlaqə olmalı, habelə bu üç şərt məcmu halında mövcud olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması bu maddə ilə inzibati məsuliyyətini istisna edir. Əməyin mühafizəsi qaydalarının pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqənin olmaması bu inzibati xətanın tərkibini istisna edir. Yəni, təqsirkarın əməyin mühafizəsi sahəsində məhz hansı vəzifəni (Azərbaycan Respublikası ƏM-in 215-ci maddəsində və başqa normativ aktlarda müəyyən edilən vəzifələr) yerinə yetirməməsinin belə nəticəyə səbəb olduğu dəqiq müəyyən edilməli, bu maddə ilə inzibati məsuliyyətinə cəlb etmə haqqında məsələ həll olunarkən müvafiq aktlara (qanun, təlimat və ya müəssisədaxili lokal aktlar, sərəncamlar və s.) əsasən əmək mühafizəsi qaydalarına riayət etmək vəzifəsinin təqsirkarın səlahiyyətinə aid olub-olmadığı, həmin vəzifənin lazımi qaydada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi və ya bu vəzifənin ona həvalə olunduğu barədə təqsirkara lazımi qaydada məlumat verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan əlavə, səbəbli əlaqəni müəyyən edərkən əmək mühafizəsi qaydalarının pozulmasında və inzibati xətanın nəticələrin baş verməsində zərərçəkmiş şəxsin əməyin mühafizəsi üzrə öz vəzifələrinə (Azərbaycan Respublikası ƏM-in 216-cı maddəsində və başqa normativ sənədlərdə təsbit olunmuş vəzifələr) nə dərəcədə riayət etməsi və bu hadisənin baş verməsində özünün rolu da aydınlaşdırılmalıdır. Əgər İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan nəticələr zərərçəkmiş şəxsin və ya üçüncü şəxsin öz ehtiyatsızlığı üzündən baş vermişdirsə, bu halda təhlil olunan maddə ilə inzibati məsuliyyət mövcud olmur. Hesab edirəm ki, baş vermiş hadisə ilə Şəxs əməli arasında səbəbli əlaqəsi olmamışdır ki, belə olan halda da onun əməlində inzibati xətanın tərkibi olması qənaətinə gəlib, onu Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Belə ki, məhkəmə iclasında tədqiq olunan mötəbər sübutlarla, o cümlədən izahatlarla tamamilə təsdiq olundu ki, Zərərçəkmiş şəxs insanları daşımaq üçün istifadə və təyin olunmayan nəqliyyatdan istifadə etməməsi barədə təlimatlandırılmasına, habelə bununla əlaqədar “xxxx” ASC-də əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə təlimat jurnalına imza etməsinə baxmayaraq, xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına tam riayət etməli olduğu halda, mövcud qaydalara əməl etməyərək öz təşəbbüsü ilə heç kimdən göstəriş almayıb, bu barədə məlumat verməməklə icazəsiz şəkildə müəssisədə çalışmış Həsənağa Kazımovun idarə etdiyi yük daşınması üçün nəzərdə tutulmuş avtokara əyləşmiş, habelə nəqliyyat vasitəsi hərəkətdə olarkən özünün və ya üçüncü şəxsin (Şəxs istisna olmaqla) ehtiyatsızlığı səbəbindən baş vermiş hadisə nəticəsində zərər çəkmiş, habelə sağlamlığına az ağır zərərvurmaya aid edilən xəsarətlər almışdır. Bununla belə, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanılaraq ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata baş vermiş hadisədə cinayət tərkibi olmadığından xitam verilməsinə, habelə X1 və Şəxs barəsində olan cinayət təqibinin başlanılması rədd edilməklə, sonuncu, eləcə də “xxxx” ASC tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları pozulduğuna görə barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin ƏƏSMN yanında DƏMX-ya göndərilməsinə dair qəbul edilmiş qərar mübahisələndirilməmiş, o cümlədən hazırda da qüvvədədir. İXM-nin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hadisənin baş verməsi ilə Şəxs hərəkətləri arasında səbəbli əlaqə tədqiq edilməmiş, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı cinayət prosesində iştirak edən şəxslərə suallar verilməmiş, eləcə də bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Beləliklə, hadisənin göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin inzibati xəta materialında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında aparılmış ibtidai araşdırma, eləcə də inzibati araşdırma üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. Göründüyü kimi, hazırda Şəxs əməlinə münasibətdə İXM-nin 198.3-cü maddəsinin tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar