Məhkəmə qərarları › İş №3(059)-320/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-320/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-320/2024 09.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərərçəkmiş şəxs Mövsüm qızının, Zərərçəkmiş şəxs X2, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, 29 avqust 1981-ci il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Siyəzən şəhəri, S.Dağlı küçəsi, ev 29 ünvanında yaşayan Şəxs fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157, 227, 510 və 535.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 17 may 2024-cü il tarixdə, saat 06:30 radələrində Siyəzən şəhərinin Seyfəddin Dağlı küçəsində yaşadığı evdə Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 09 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 23 noyabr 2024-cü il tarixdə X2 yaşadığı ünvan 3 ünvanından sonuncuya məxsus cəmi dəyəri 100 manat təşkil edən 04 ədəd dəmir boruları oğurlamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 08 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 08 dekabr 2024-cü il tarixdə, saat 19:40-da Siyəzən rayon Polis Şöbəsinin inzibati binasının həyətində nalayiq ifadələr işlədən zaman, polis əməkdaşlarının nizam-intizamlı olmasında dair qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 08 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 08 dekabr 2024-cü il tarixdə, saat 19:40-da Siyəzən rayon Polis Şöbəsinin inzibati binasının həyətində ucadan nalayiq ifadələr işlətmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 08 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 3(059)-320/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-320/2024, 3(059)-321/2024, 3(059)-322/2024 və 3(059)-323/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-320/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirmişdir ki, Siyəzən rayon Polis Şöbəsinin TQ-dan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar şöbənin İTB-nə daxil olmuş, bundan sonra o, Şəxs və arvadı Samir Hüseynovaya dəfələrə zəng etmiş, lakin sonuncular şöbəyə gəlməkdən yayındıqları üçün inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Həmçinin, şöbənin TQ-dan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında Şəxs barəsində İXM 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda tərəfindən tərtib edilmiş protokolları müdafiə etməklə yanaşı, ailənin münaqişəli ailə olmasının nəzərə alınmasını və Şəxs barəsində inzibati tənbeh olaraq 01 ay müddətində inzibati həbs təyin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, yaşadıqları evdə yuxudan ayılarkən azyaşlı oğlan övladlarının “çipsi” almaq üçün mağazaya getmələrini öyrənmiş, habelə mağaza evlərindən uzaq məsafədə olduğu üçün əsəbləşərək yanında olan külqabını yerə çırpmışdır. Bundan sonra, atasıgilin evlərinə getmək yanaşı, arvadı Zərərçəkmiş şəxs döyməsə də, sonuncu DİN-nin 102 xidmətinə zəng etmişdir. Belə ki, arvadı Zərərçəkmiş şəxs döymüş olsaydı, sonuncunun bədəni üzərində xəsarət olardı. Bundan başqa, küçədə kimə məxsus olmasını bilmədiyi 04 ədəd dəmir borular görmüş və bu borulardan 02 ədədini qazel markalı avtomobilə yükləyərək, aparmaq istəyərkən tanımadığı xanım həmin boruların ona məxsus olduğunu bildirdiyi üçün o, həmin boruları götürdüyü yerə qoymuşdur. Bundan əlavə, 08 dekabr 2024-cü il tarixdə, saat 19:00 radələrində yaşadığı evdə olarkən 15 yaşlı qızı evlərinin həyətində polis əməkdaşlarının olduğunu bildirmişdir. Qeyd edir ki, həmin vaxt yaşadıqları evin darvaza qapısını bağladığı üçün, sonuncular onun evinə hasarın üstündən tullanmaq daxil olmuşlar. Beləliklə, həmin vaxtdan rayon Polis Şöbəsinə aparılmaqla yanaşı, hazırki məhkəmə iclasınadək şöbədə saxlanılsa da, orada olarkən nalayiq ifadələr işlətməmiş və həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Bununla belə, rayon Polis Şöbəsinə verdiyi izahatının altındakı imzalar ona məxsus olsa da, bu izahatını oxumamış, polis əməkdaşlarının təklifi əsasında imzalamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, onun Şəxs ilə birgə nikahından bir qız, iki oğlan övladı vardır. Şəxs yetkinlik yaşına çatmayan qızına qarşı yaxşı münasibət bəsləmir. Bundan başqa, əri Şəxs onu döyərək, xəsarətlər yetirmişdir. Lakin, hazırda əri barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla aralarında barışıq əldə edilmişdir, odur ki, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, o ailəsi ilə birgə yeddi ilə yaxındır ünvan 3 ünvanında yaşayır, habelə həmin küçədə hasara alınmış torpaq sahələri vardır və həmin torpaq sahəsinin hasarının yanında 08 ədəd dəmir borular yerləşdirmişlər. 23 noyabr 2024-cü il tarixdə, təxminən saat 12:30 radələrində onlara məxsus 02 ədəd dəmir borunun qazel markalı avtomobil ilə aparıldığını görən qonşusu onun atasını çağıraraq, bu barədə məlumat vermişdir. Beləliklə, küçəyə çıxan zaman yanında azyaşlı uşaq əyləşdirilmiş qazel markalı avtomobilin sürücüsü dəmir boruları üçün 10 manat məbləğində pul verdiyini bildirərək, əvvəl həmin boruları qaytarmaqdan imtina etsə də, onun DİN 102 xidmətinə zəng etdiyini gördükdən sonra, avtomobildən endirərək yerinə yerləşdirmişdir. Qeyd edir ki, həmin ərazidən əlavə 02 ədəd dəmir boruları oğurlanmış, habelə bu boruların satıldığı şəxsdə hazırda məlumdur. Beləliklə, ona dəymiş ziyan ödənilmədiyi üçün, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir və barəsində qanunauyğun qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin İTB-nin rəisi X4 izahatında göstərdi ki, o, Şəxs sonuncunun arvadı Zərərçəkmiş şəxs çoxsaylı şikayətləri əsasında tanımışdır. Bundan başqa, 08 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs əri Şəxs onu döydüyü ilə bağlı müraciəti əsasında Şəxs rayon Polis Şöbəsinə gətirilməsi ilə bağlı tapşırıq vermiş, habelə sonuncu əvvəl şöbəyə gəlməkdən imtina etsə də, sonradan polis nəfərləri tərəfindən gətirilmişdir. Beləliklə, həmin tarixdə şöbə rəisinin qəbul otağında olarkən Şəxs şöbəyə gətirildiyini, sonuncu isə xidməti avtomobildən enərkən ucadan nalayiq ifadələr işlətdiyini görmüşdür. Bundan başqa, Şəxs barəsində müxtəlif vaxtlarda, İnzibati Xətaları Məcəlləsinin bir çox maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Eyni zamanda qeyd edir ki, Şəxs və arvadı Zərərçəkmiş şəxs dəfələrlə polis orqanlarına müxtəlif şikayətlər ünvanlasalar da, sonradan izahat verməkdən imtina etmişlər. Bununla bağlı barələrində İXM-nin 564-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Hazırda həmin ailə münaqişəli ailə kimi tanınır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri X5 izahatında göstərdi ki, daxil olmuş məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Şəxs yaxınlaşıb, özlərini təqdim edərək, onlar ilə birlikdə rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman, Şəxs onların qanuni tələblərinə məhəl qoymayıb, müqavimət göstərməklə, qaçmağa cəhd göstərmişdir. Beləliklə, Şəxs xidməti avtomobilə əyləşdirlərək, rayon Polis Şöbəsinə gətirilmiş, sonuncu orada isə ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları Zərərçəkmiş şəxs ərizəsi ilə birlikdə araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 157, 227-ci, 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, materiallardan görünür ki, Siyəzən RPŞ-nin TQ-nun baş təhqiqatçısı Əlixan Nağıyev tərəfindən qəbul edilmiş Zərərçəkmiş şəxs şikayəti üzrə 15 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 17 may 2024-cü il tarixli, 84 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gözaltı nahiyənin və üst göz qapağının qançırları və boynun sıyrıqları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir. Hündürlükdən yıxılmaya xarakterik deyil, yetirilmə müddəti bir günə qədər olub 17 may 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Mətləb Qarayev tərəfindən qəbul edilmiş X2 şikayəti üzrə 07 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs şikayəti üzrə tərtib edilmiş MN ******* saylı protokola münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəməyə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, Şəxs ilə barışmışdır, onu bağışlayır. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs ilə barışmasını, onun Şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli, lakin zərər çəkmiş şəxslə barışdığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 227-ci maddəsi ilə qismən, həmin Məcəllənin 510-ci və 535.1-ci maddələri özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əməllərə, yəni İXMnin 227-ci, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci, 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki hesab edirəm ki, Şəxs İXM-nin 227-ci, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 09 avqust 2009-cu il təvəllüdlü Şəbnəm, 27 noyabr 2010-cu il təvəllüdlü Fidan, 10 iyul 2014-cü il təvəllüdlü Yunus və 09 mart 2016-cı il təvəllüdlü Samir adında dörd yetkinlik yaşına çatmayan övladı vardır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində dörd yetkinlik yaşına çatmayan övladının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni və müxtəlif vaxtlarda üç inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, əvvəllər dəfələrlə məhkum olunmasını şəxsiyyətini xarakterizə edən hal kimi qeyd edib, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 227-ci, 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş materiallarına əlavə edilmiş BB № 625 saylı 25 dekabr 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, 29 avqust 1981-ci il təvəllüdlü Şəxs 08 dekabr 2024-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Qeyd edirəm ki, Şəxs 08 dekabr 2024-cü il tarixdə, saat 20:00-da faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək zərərçəkmiş şəxslə barışdığı üçün həmin xəta üzrə icraata xitam verilməli, İXM-nin 227-ci, 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 30 gün müddətində inzibati həbs tətbiq edilməli, həbs etmənin əvvəli tutulduğu 08 dekabr 2024-cü il, saat 20:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31, 34, , 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona İXM-nin 31.4, 34.3 və 34.4-cü maddələri tətbiq olunmaqla inzibati tənbeh olaraq 30 (otuz gün) müddətinə inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli tutulduğu 08 dekabr 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar