Məhkəmə qərarları › İş №3(059)-332/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-332/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-332/2025 27.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Şabran rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 04 sentyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən rayonunun Zarat kəndində Zərərçəkmiş şəxs məxsus olmaqla, 200 manat dəyərində olan bir baş qoyunu oğurlamış və barəsində Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 27 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə edərək, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərmişdir ki, Zərərçəkmiş şəxs 04 sentyabr 2024-cü il tarixdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus xırdabuynuzlu heyvanların oğurlanmasını qeyd etmişdir. Bununla bağlı şöbənin təhqiqat qrupunda araşdırma aparılmış, habelə təhqiqat materialı Azərbaycan Respublikasının CM-nin 179-cu maddəsi ilə istintaq aparılması üçün aidiyyəti üzrə Siyəzən rayon prokurorluğuna göndərilsə də, prokurorluq təhqiqatçının qərarını ləğv edərək, materialı şöbənin İTB-nə göndərmişdir. Həmçinin, hazırki fakt üzrə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunsa da, məhkəmənin 30 mart 2025-ci il tarixli qərarı ilə icraata xitam verilmiş və inzibati xəta haqqında iş üzrə material baxılması üçün prokurora göndərilmişdir. Rayon prokurorluğunun qərarı ilə isə mənimsənilmə faktı sübuta yetmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, material şöbənin istintaq bölməsinə göndərilmişdir. Beləliklə, istintaq bölməsinin müstəntiqinin 20 may 2025-ci il tarixli qərarına əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından sonuncu haqqında cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmiş, habelə sözügedən qərar əsas tutularaq inzibati icraat başlanılmış və hazırki protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəxs izahatına əlava olaraq bildirmişdir ki, Şəxs təhsili olmadığı üçün öz fikrini ifadə edə bilmir. Belə ki, o, Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanlarına nəzarət etmiş və özünə məxsus 12 baş xırdabuynuzlu heyvanları da birinciyə məxsus xırdabuynuzlu heyvan sürüsünə qatmışdır. Bununla yanaşı, Şəxs məxsus xırdabuynuzlu heyvanların 10 başı xəstəlik səbəbindən tələf olduğu üçün, o, qalan 2 baş heyvanını kəsmiş, lakin yanlışlıqla Zərərçəkmiş şəxs məxsus bir baş xırdabuynuzlu heyvanı da kəsmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs təsərrüfatında olan xırdabuynuzlu heyvanlara başçılıq etmiş, habelə özünə məxsus xırdabuynuzlu heyvanları da həmin təsərrüfata qatmışdır. Bundan əlavə, 2024-cü ilin aprel ayında Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanı yanlışlıqla restoranda satsa da, hazırda özünə məxsus iki baş xırdabuynuzlu heyvanı Zərərçəkmiş şəxs qaldığı üçün ona dəymiş ziyanı ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ona məxsus 12 baş xırdabuynuzlu heyvanları oğurladığını iddia edirsə, həmin heyvanları oğurlayıb satdığı şəxslər barədə sübut təqdim etsin. Odur ki, əməlini yanlışlıqla törətməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, təsərrüfatında olan xırdabuynuzlu heyvaları başçılıq etməsi üçün Şəxs təhvil vermişdir. Habelə, Qorxmaz Kərimova məxsus iaşə obyektinə daxil olarkən Şəxs birinci ilə bir masada əyləşib, yeyibiçdiyini görmüş, həmçinin özünə məxsus xırdabuynuzlu heyvanın Şəxs tərəfindən oğurlanaraq həmin iaşə obyektinə satılmasını müəyyən etmişdir. Bu zaman DİN-in 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Beləliklə, aparılmış araşdırma zamanı Şəxs 12 baş xırdabuynuzlu heyvanı oğurlamasını etiraf etsə də, sonradan ona məlum olmayan səbəbdən birincinin izahatı “itirib-batırılmışdır”. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunsa da, yuxarıda qeyd etdiyi səbəbdən inzibati iş üzrə icraata xitam verilmiş, habelə Azərbaycan Respublikasının CM-nin 179-cu maddəsi ilə istintaq aparılması üçün aidiyyəti üzrə Siyəzən rayon prokurorluğuna göndərilmişdir. Eyni zamanda, inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra, guya işçini işə əmək müqaviləsi bağlamadan götürdüyü üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, dəfələrlə Siyəzən rayon Polis Şöbəsinin rəisinin ünvanına şikayət ərizələri göndərsə də, Qorxmaz Kərimov barəsində heç bir tədbir görülməmişdir. Belə ki, Şəxs tərəfindən Qorxmaz Kərimova məxsus iaşə obyektinə satılmış xırdabuynuzlu heyvan heç bir yoxlanılmadan keçirilməməklə bərabər obyektdə qalmışdır. Hesab edir ki, Şəxs əməlində cinayət olsa da, sonuncu polis əməkdaşları tərəfindən müdafiə olunur. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir. Bununla yanaşı, Şəxs ilkin izahatında əməlini etiraf edərək, ona məxsus xırdabuynuzlu heyvanları oğurladığını bildirmişdir. Lakin, heç bir əsas olmadan Şəxs izahatı yenidən alınmış, habelə sonuncu bu izahatında ilkin izahatını təkzib etmişdir. Hesab edir ki, Şəxs təkrar izahat alınması zərurəti yaranmışdırsa, onun da, təkrar izahatı alınmalı idi. Eyni zamanda, Şəxs əməlinin şahidi olmuş şəxslər olsa da, şahidlər araşdırmaya dəvət edilməmiş, izahatları alınmamışdır. Məhkəmə inzibati xəta haqqında materialları tərəflərin izahatları ilə birlikdə araşdırıb hesab edir ki, inzibati iş üzrə icraata xitam verilərək 3(059)-332/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 30 mart 2025-ci il tarixli, 3(059)-246/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmiş, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-246/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İş materiallarında olan 10 may 2025-ci il tarixli cinayət işi başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, toplanmış 46c-25 nömrəli material üzrə mənimsənilmə faktı sübuta yetirilmədiyindən həmin epizod üzrə cinayət işinin başlanması rədd edilmiş, habelə material bir baş xırdabuynuzlu heyvanın oğurlanması xüsusatına qiymət verilməsi üçün Siyəzən RPŞ-nə göndərilmişdir. İş materiallarında olan 20 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun haqqında cinayət işinin başlanması yenidən rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs araşdırma dövründə bir-biri ilə ziddiyət təşkil edən izahatlar verərək, əvvəl 12 baş qoyun götürdüyünü etiraf etsə də, sonrakı izahatında bunu qorxduğu üçün dediyini; özünə məxsus Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanlarına qataraq otardığı 12 baş xırdabuynuzlu heyvanından 10 başının tələf olduğunu, 2 başını isə Qorxmaz Kərimova satdığını göstərsə də, hazırki məhkəmə iclasında Zərərçəkmiş şəxs 2 baş xırdabuynuzlu heyvanının qaldığını, bununla da ziyanı ödədiyini bildirmişdir. Bundan başqa şahid kimi izahatı alınmış X2 və X3 izahatlarında Zərərçəkmiş şəxs dediyi xüsusatları təsdiq etsələr də, onların izahatlarına hüquqi qiymət verilməmişdir. Bundan başqa, X5 izahatında ona 3 baş xırdabuynuzlu heyvan satıldığını bildirsə də, qeyd olunan bu izahat Şəxs izahatı ilə qarşılıqlı şəkildə yoxlanılmalı olduğu halda bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Belə ki, Şəxs özünə məxsus 12 baş heyvandan 10 başının tələf olduğunu, 2 başının isə Zərərçəkmiş şəxs qaldığını göstərsə də, Qorxmaz Kərimova satılan 3 baş xırdabuynuzlu heyvanın kimə məxsus olması barədə ətraflı araşdırma aparılmamışdır. Bundan başqa Şəxs bir baş xırdabuynuzlu heyvan oğurlamasını qeyd etsə də, bununla bağlı da ziddiyətli ifadələr verərək gah onu çöldən tapdığını, gah da Zərərçəkmiş şəxs xırdabuynuz heyvanlarının içərisindən səhvən götürdüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, Şəxs müxtəlif tarixlərdə törətdiyi əməllərin Azərbaycan Respublikası CM-nin 23-cü fəslində nəzərdə tutulmuş mülkiyyət əleyhinə cinayətlərin təsir dairəsinə düşməsi, eyni zamanda, zərərçəkmiş şəxsə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurması ehtimalına kifayət qədər əsas verir ki, bu da onun əməllərində cinayət tərkibinin əlamətlərinin olması ehtimalını artırır. Göründüyü kimi Şəxs baxılan inzibati xəta haqqında materialda göstərilən əməli törətməsi təsdiq olunacağı halda, onun əməlində mülkiyyət əleyhinə cinayətlərdən hər hansı birininin əlamətlərinin olub-olmaması araşdırılmalı və əməldə hər hansı cinayətin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Sözügedən Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü bəndinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırki vəziyyətdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli və onun əməlində Azərbaycan Respublikası CM-nin 23-cü fəslində nəzərdə tutulmuş mülkiyyət əleyhinə olan cinayətlərin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-332/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 23-cü fəslində nəzərdə tutulmuş mülkiyyət əleyhinə olan cinayətlərin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-332/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Zərərçəkmiş şəxs Şəxs tərəfindən ona vurulmuş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar