Məhkəmə qərarları › İş №3(059)-333/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-333/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-333/2024 26.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Şabran rayonu, Qərbilik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən şəhəri, X1 küçəsindəki 187 nömrəli ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 17 iyul 2024-cü il tarixli, EQ seriyalı 22393332 saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra edilmədiyi üçün Siyəzən rayon Polis Şöbəsi tərəfindən onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə 06 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Siyəzən Rayon Polis şöbəsindən daxil olmuş, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyatı üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, inzibati iş xx.xx.2024-cü il tarixdə icraata qəbul edilərək məhkəmə baxışı 26 dekabr 2024-cü il tarixə təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında izahat verərək barəsində tərtib edilmiş protokoldan xəbəri olduğunu, hazırda həmin cəriməni ödəmək imkanı olmadığını, iki aya hissə-hissə ödəyə biləcəyini bildirib barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə hesab edir ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Şəxs 17 iyul 2024-cü il tarixdə, saat 10:32-də İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş, həmin qərar xx.xx.2024-cü il tarixdə ona çatdırılmış, lakin bugünə qədər onun tərəfindən cərimə ödənilməmişdir. Odur ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXMnin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar