Məhkəmə qərarları › İş №3(059)-34/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-34/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-34/2023 13.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1985-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Balaca Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Balaca Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada icazə verilməsi tələblərinə zidd olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 11 kiloqram 700 qram olan 3 ədəd “Xəzər qızılbalığı” cinsli balığı, BH-2854 bort nömrəli üzmə vasitəsi ilə 13 dekabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Sahil X1 şöbəsinin “Böyük Həmyə” SNB-in xidməti ərazisindən Xəzər dənizinə daxil olaraq ovladığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərəfindən 24 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, habelə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında bildirdi ki, 13 dekabr 2022-ci il tarixdə, saat 16:30 radələrində BH-2854 bort nömrəli üzmə vasitəsi ilə o, Rəsul Məmmədov və X3 X1 şöbəsinin “Böyük Həmyə” SNB-in xidməti ərazisindən Xəzər dənizinə daxil olaraq ümumilikdə çəkisi 11 kiloqram 700 qram olan 3 ədəd “Xəzər qızılbalığı” cinsli balıqları ovlamışdır. Odur ki, göstərilənlərin, həmçinin əməlindən səmimi peşmançılıq keçirməsinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında araşdırmanı aparan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinə və inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin qeyd olunan qurumlar səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasına dəvət edilmiş qurumların səlahiyyətli nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada icazə verilməsi tələblərinə zidd olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 11 kiloqram 700 qram olan 3 ədəd “Xəzər qızılbalığı” cinsli balığı, BH-2854 bort nömrəli üzmə vasitəsi ilə 13 dekabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Sahil X1 şöbəsinin “Böyük Həmyə” SNB-in xidməti ərazisindən Xəzər dənizinə daxil olaraq ovlamışdır. İşdə olan mötəbər sübutlardan, habelə DSX-nin X4 Şöbəsinin əməkdaşları, Rəsul Məmmədov, Qafar İskəndərov və Şəxs tərəfindən tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli, 17 nömrəli aktın surətindən görünür ki, 13 dekabr 2022-ci il tarixdə, saat 16:30 radələrində ümumilikdə çəkisi 11 kiloqram 700 qram olan 3 ədəd “Xəzər qızılbalığı” cinsli balıqlar araşdırma aparılması məqsədilə Rəsul Məmmədov, Qafar İskəndərov və Şəxs götürülərək, Sahil Mühafizəsi ŞRŞ-nin soyuducusuna yerləşdirilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 24 sentyabr 2014-cü il təvəllüdlü Uğur, 04 mart 2017-ci il təvəllüdlü Amir və 28 avqust 2020-ci il təvəllüdlü Onur adında uşaqları vardır. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Odur ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xətaya inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmasına baxmayaraq, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları olması kimi məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, Şəxs İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın bilavasitə obyekti olmuş predmet, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal Regional Şöbəsinin soyuducusuna yerləşdirilmiş 3 ədəd ümumi çəkisi 11 kiloqram 700 qram olan “Xəzər qızılbalığı” cinsli balıqlar müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın bilavasitə obyekti olmuş predmet, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal Regional Şöbəsinin soyuducusuna yerləşdirilmiş 3 ədəd ümumi çəkisi 11 kiloqram 700 qram olan “Xəzər qızılbalığı” cinsli balıqlar müsadirə edilməklə, 800 (səkkiz yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar