Məhkəmə qərarları › İş №3(059)-358/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-358/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-358/2025 12.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 nümayəndəsi X2, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X6 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Tahirov X10 Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(059)-620/2024 saylı icra sənədi üzrə 2270 manat məbləğində aliment borcunu tələbkar X4 ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X9 tərəfindən 12 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X9 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına kimi saxlanması üçün Şəxs 235 manat məbləğində aliment tutularaq tələbkar X4 ödənilməlidir. Sözügedən icra sənədi Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra, icraata başlamaq haqqında qərar qəbul edilmiş, habelə Şəxs tələbin könüllü icrası barədə bildirişi imza etməklə qəbul etmiş, həmçinin sonuncu icra işi materialları ilə tanış edilmişdir. Bununla belə, Şəxs bu müddət ərzində aliment borcundan cəmi 80 manat ödəniş edərək, aliment borcunu ödəməkdən yayınmış, icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Hazırda tələbkar qalıq və hər ay ödənilməli olan aliment pulunu tələb edir. Ona görə də onun barəsində qanunauyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, polis əməkdaşının mobil telefonuna zəngindən sonra, Siyəzən rayon icra və probasiya şöbəsinə yaxınlaşmış, barəsində axtarış qərarının qəbul edilməsindən isə məlumatı olmamışdır. Bundan başqa, cari ilin iyul ayında işlə təmin olunduqdan sonra aliment borcunu ödəyəkdir. Bununla belə, barəsində hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X5 izahatında göstərmişdir ki, tələbkar olan qızı X7 ilə Şəxs arasında nikah münasibətləri təxminən 3-4 il öncə də pozulmuş, habelə sonuncu həmin vaxt yaranmış 3500 manat məbləğində aliment borcunu ödəməkdən yayınmaq üçün ailə münasibətlərini bərpa etdirmişdir. Bundan başqa, qızı övladı ilə birlikdə onun inşa etdirdiyi evdə onlardan ayrı yaşasa da, heç bir yerdə işləməməklə bərabər təqaüd almasa da, birincilər maddi xərclərinə köməklik edir. Bundan əlavə, tərəflər arasında nikahın pozulması ilə bağlı işə baxılarkən Şəxs ona, övladının aliment borcunu ödəyəcəyinə dair vəd verərək, övladı görüşməsinə mane törədilməməsini xahiş etmişdir. Lakin, Şəxs vədinə əməl etməyərək, bu müddət ərzində aliment borcundan ödəniş etməmişdir. Hesab edir ki, Şəxs məsuliyyətini dərk etdiyi təqdirdə digər gənclər kimi inşaatlarda işləməklə, aliment pulunu ödəyə bilər. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(059)-620/2024 icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 28 oktyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi 28 noyabr 2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. Bununla yanaşı, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X6 20 may 2025-ci il tarixli qərarı ilə xx xxxx 1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatları ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən borcunun üzrlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 17 noyabr 2011-ci il təvəllüdlü Nəzrin adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ə ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, onun təqsirinin dərəcəsini, həmçinin 2270 manat borcunun olduğunu nəzərə alaraq ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiqinin onun maddi məsuliyyətini daha da artıracağını nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 12 iyun 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar