Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-359/2025 17.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin polis sahə rəisi X1 iştirakları ilə 13 avqust 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də ictimai işlər üzrə sosial işçi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 05 may 2025-ci il tarixdə, saat 16:00-da Siyəzən şəhərinin H.Aslanov küçəsindəki 3 nömrəli evdə Zərərçəkmiş şəxs döyərək, onun sağ göz nahiyəsinə xəsarət yetirmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 15 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin TQ-dan daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 may 2025-ci il tarixli qərarı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, Şəxs mütəmadi spirtçi içki qəbul edərək, evdə münaqişə yaradır. Belə ki, zərərçəkmiş şəxs Fidan Nuriyevə 15 iyun 2025-ci il tarixdə də, rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs sərxoş vəziyyətdə evdə münaqişə yaratdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, arvadi olan Zərərçəkmiş şəxs ilə sonuncunun nalayiq söyüşlər söyməsi səbəbindən tez-tez münaqişə etsə də, 05 may 2025-ci il tarixdə arvadının göz nahiyəsinə xəsarət yetirməmişdir. Hesab edir ki, zərərçəkmiş şəxs özü-özünə xəsarət yetirmiş ola bilər. Çünki, Fidan ilə aralarında münaqişə yaranan zaman sonuncu evin qapısını kilidləməklə, onun evə daxil olmasına imkan yaratmamış, belə olan təqdirdə isə, birinciyə ona xəsarət yetirməsi mümkün deyildir. Bununla belə, himayəsində dörd övladının olmasının və faydalı əmək fəaliyyəti ilə məşğul olmasının nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, habelə ərizə ilə məhkəməyə müraciət edərək, işdə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib, Şəxs inzibati tənbeh olaraq 02 ay müddətində həbs təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 21 may 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/405 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, eləcə də, qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 06 may 2025-ci il tarixli, 87 nömrəli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın alın nahiyəsinin, üzün sağ yarısının, sol saidin və sol əlin 3-4-cü barmaqlarının sıyrıqları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti 1-2 günə qədər olub, 05 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, qeyd olunan fakt üzrə Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılaraq 21 may 2025-ci il tarixdə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar Şəxs tərəfindən mübahisələndirilməyərək faktik olaraq orada olan xüsusatlar onun tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs işin faktiki halları ilə əlaqədar göstərilənlərə etiraz etməmiş, əksinə həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 01 noyabr 2011-ci il təvəllüdlü Ləman, 20 yanvar 2014-cü il təvəllüdlü Lamiyə, 26 iyun 2018-ci il təvəllüdlü Günəş və 09 fevral 2021-ci il təvəllüdlü Yusif adında dörd azyaşlı uşağı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dörd azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailədə mütəmadi olaraq münaqişəli vəziyyət yaratmasını, milli-mənəvi dəyərlərə hörmət qoymayaraq cəmiyyətdə mənfi emosiyalar doğurmasını, təqsirinin dərəcəsini, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi inzibati həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarına əlavə edilmiş 16 iyun 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, 13 avqust 1988-ci il təvəllüdlü Şəxs 16 iyun 2025-ci il tarixdə, saat 00:02-də inzibati qaydada tutulmuşdur. Qeyd edirəm ki, Şəxs iyun 2025-ci il tarixdə, saat 00:02-də faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 15 gün müddətində həbs təyin olunmalı və həbs etmənin əvvəli 16 iyun 2025-ci il tarixdən, saat 00:02-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 16 iyun 2025-ci il tarixdən, saat 00:02-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-359/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-359/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver