Məhkəmə qərarları › İş №3(059)-360/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-360/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-360/2025 30.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 06 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27162245 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 06 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27162245 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, yük avtomobilinin mülkiyyətçisi X6 ilə birlikdə 06 aprel 2025-ci il tarixində Şabran rayonunun Mollakamallı kəndindən Bakı şəhəri istiqamətində Şabran rayonunun Gəndov kəndi ərazisində M-1,129 kilometr (etibarnamə əsasında) **-KX-*** dövlət qeydiyyat nişanlı ikioxlu, yəhərli dartıcı və **-YD-*** dövlət qeydiyyat nişanlı üçoxlu, özüboşaldan yarımqoşqu ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında (hərəkət halında çəki ölçmə nəzarət sistemi kistler 9835a) Azərbaycan Respublikası İXMnin 353.2-ci maddəsi ilə barəsində 06 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27162245 saylı qərarlı elektron inzibati xəta haqqında protokol tərtib edilmiş və daha sonra inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmişdir. Lakin, 04 aprel 2025-ci il tarixli EQ seriyalı, 27162245 saylı inzibati xəta haqqında elektron qərar qanunda nəzərdə tutulmuş qaydada sifarişli poçt vasitəsilə ona göndərilmədiyinə görə qərarı və nəqliyyat vasitəsinin görüntülərinə dair fotoşəkilləri öz hesabına 17 iyun 2025-ci il tarixdə Siyəzən RPŞ-nin DYPB-dən müraciəti əsasında əldə etmişdir. Beləliklə, inzibati xəta haqqında elektron protokolun və qərarın məzmunundan, habelə video görüntülərdən müəyyən olunur ki, Elşən Hacıyevin idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün çəkisi guya iddia olunana görə limit 40000 kq olduğu halda, çəki normadan artıq yəni 43080 kq olmuş və bununla da barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat inzibati cərimə tətbiq edilmişdir. Barəsində tətbiq olunan inzibati xətanın əsasız olması və nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətinə münasibətdə nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini Azərbaycan Respublikası İXM-nin 353-cü maddəsinin tələbinə əsasən aşılmaması aşağıdakılarla müəyyən olunur. Belə ki, adəti üzrə yük avtomaşını Quba rayonu "xxxx" MMC-nin yükləmə məntəqəsində yüklənildikdən sonra yük çəkilmiş və sürücüyə müvafiq olaraq 06 aprel 2025-ci il tarixli, 89242 nömrəli tərəzi qəbzi verilmiş, habelə həmin qəbzdə **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobildə yükün çəkisinin 40850 kq. olduğu qeyd edilmişdir. Beləliklə də, sürücü barəsində cərimə tətbiq edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası NK-nin 2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” qaydalarına əsasən, Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə (beşoxlu, ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə-40 ton) müəyyən edilmiş hədləri aşmamalıdır. Qeyd olunan əsasən müəyyən olunur ki, sürücünün idarə etdiyi **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, yəni beşoxlu, ikioxlu dartıcı üçoxlu yarımqoşqusu olan nəqliyyat vasitəsinə münasibətdə yükgötürmə qabiliyyəti görə limit 40000 kq. dır. Azərbaycan Respublikası İXMnin 353-cü (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması) maddəsinin 2-ci hissəsinin tələbinə görə isə bu əməlin tərkibi yaranması üçün yükün çəkisi nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətini (limitini) 5 faizi və daha artıq həcimdə aşmalıdır. Bu ona münasibətdə 40000 kq. x 5%/100%=2000 kq, yəni sürücünün idarə etdiyi avtomobilin yükü ən azı 42000 kq olduğu halda əməlində İXM-nin 353-cü maddəsinin 2-ci hissəsinin tərkibi yarana bilərdi. Başqa sözlə məhkəmənin nəzərinə çatdırır ki, yük nəqliyyat vasitələri yük götürmə qabiliyyətlərinin nəzərdə tutulmuş həcmini, İXM-nin 353-cü maddəsinin tələbinə görə müəyyən olnunmuş limitin 5 faiz və daha artıq aşmadığı halda sürücü inzibati məsuliyyətə cəlb edilə bilməz. Buradan göründüyü kimi sürücü, nəqliyyat vasitəsini icazə verilən kütlə limiti 40000 kq 5%-ni aşmadığıma görə barəsində İXM-nin 353-cü maddəsini tətbiqi əsassız və qanunsuz olmuşdur. Eyni zamanda, sürücünün idarə etdiyi nəqliyyat vasitəsində, nəqliyyat vasitəsinin icazə verilən kütlə limiti 40000 kq. və yaxud 40000 kq. çəkinin 5 faiz və daha artıq çəkidə aşmadığı faktı, ona Quba rayonu "xxxx" MMC-nin yükləmə məntəqəsində verilən 89242 nömrəli tərəzi qəbzində, yükün çəkisinin 40850 kq. qeyd edilməsi ilə təsdiq edilir. Odur ki, işin yuxarıda qeyd edilən faktiki hallarına əsasən barəsində elektron qaydada tərtib edilmiş 06 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27162245 saylı inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə ki, barəsində qanunsuz tərtib edilmiş inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş qərar məşğulluq fəaliyyəti hüququnu pozmuş, habelə hüquq və vəzifələrinə toxunun şəxs (nəqliyyat vasitəsinin mülkiyyətçisi) X6 nəqliyyat vasitəsini texniki baxışa təqdim edə bilmədiyindən mülkiyyətindən istədiyi kimi istifadəsi məhdudlaşmışdır. Habelə, qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 127- 1.3-cü maddəsini tələbinə görə əgər sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin yükü normadan artıq olsaydı, bu maddənin tələbinə görə yük bölünən olduğundan nəqliyyat vasitəsi saxlanılaraq, artıq yük boşaldılmalı olsa da, xətanın baş verməsi ehtimal edilən tarixdə idarə etdiyi avtomobili hər-hansı post tərəfindən saxlanılması və artıq yükün boşaldılması halı baş verməmişdir. Hətta, şikayətini səlahiyyətli şəxsə bildirsə də, sonuncu cəriməni silə bilməyəcəyini bildirmiş, habelə məhkəməyə müraciət etmək hüququn izah etmişdir ki, bu halda bir daha sübut edir ki, sürücünün idarə etdiyi nəqliyyat vasitəsində yükün həcmi qanunda nəzərdə tutulmuş normadan artıq olmamışdır. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, 06 aprel 2025-ci il tarixdə avtomobili X6 idarə etmiş, lakin avtomobili idarə etmək üçün sonuncu dəfə etibarnamə ona verildiyi üçün məhz protokolda onun barəsində tərtib edilmişdir. Həmçinin, barəsində tərtib edilmiş 06 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27162245 saylı inzibati tənbeh vermə haqqında qərar elə həmin tarixdə mesaj vasitəli ilə mobil telefonuna göndərilmişdir. Lakin, əvvəl elektron qaydada, sonra isə zəng vasitəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmiş, habelə Agentlikdən məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Bundan başqa, tərəfindən təqdim olunan qəbzlərdən də görünür ki, avtomobilə yük vurularkən çəkisi 40850 kiloqram, həmin yükü boşaldarkən isə çəkisi 40780 kiloqram olmuş, yəni çəki inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan qədər olmamışdır. Eyni zamanda, avtomobilə yükün yükləndiyi zavodlarda da, avtomobilinin çəkisinin normadan artıq olmasına icazə verilmir. Həmçinin, Şabran rayonunun Mollakamallı kəndində quraşdırılmış hərəkət halında çəki ölçmə nəzarət sistemi düzgün işləmir. Belə ki, sisteminin yerləşdiyi yol çökmüş, habelə sistemin dəmir hissələri vizual olaraq müşahidə edilir ki, bu da sistemin düzgün işləmədiyinə dəlalət edir. Həmçinin, agentliyin əməkdaşları da, nəzarət sisteminin düzgün işləmədiyini etiraf edirlər. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayətçinin izahatını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 06 aprel 2025-ci il tarixdə tərtib edilmiş EQ seriyalı, 27162245 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X3 06 aprel 2025-ci il tarixdə, saat 18:13də “MAN TGX18.440 YÜK” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonunun Mollakamallı kəndi ərazisindən keçən Bakı-Quba yolunun M-1 129-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Web Portalından çıxarışdan, həmçinin şikayət verən şəxsin məhkəmə iclasında verdiyi izahatından görünür ki, 06 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27162245 saylı inzibati tənbeh vermə haqqında elektron qərar elə həmin tarixdə ASAN SMS vasitəsi və P2_EA93218-B66D-41DE göndəriş nömrəsi ilə ona çatdırılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs qərardan şikayət vermə müddətini ötürmüş olsa da, məhkəmə məhkəmə iclasının tezliyinin təmin edilməsi məqsədilə verilmiş şikayətin uğurluluğunu barəsində qərar qəbul edilmiş şəxslə müzakirə edərək aşağıdakıları qeyd etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilməklə, M.R. Murad tərəfindən imzalanmış “Tərəzi Qəbzi” başlıqlı 89242 saylı qaimədən görünür ki, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 17:40-da tara çəkisinin 13440 kiloqram, netto çəkisinin 27410 kiloqram, dolu çəkisinin 40850 kiloqram olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 81327 nömrəli tərəzi qəbzindən görünür ki, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 22:11-də tara çəkisinin 13960 kiloqram, net çəkisinin 26820 kiloqram, dolu çəkisinin 40780 kiloqram olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Antiihnisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” X7 ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimləməsi sahəsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası, ölçmə vasitələrinin yoxlanılması, layihəkonstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası xidmətləri üzrə C tipli inspeksiya xidməti göstərən orqanın ÖVYOOOO531/24 saylı şəhadətnaməsinin surətindən görünür ki, ESİT PWİ tipli, Türkiyə istehsalı tərəzinin son yoxlama tarixi 23 avqust 2024-cü il olmaqla, 23 avqust 2025-ci il tarixədək istifadə oluna bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiihnisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X7 “ölçmə vasitələrinin yoxlanılması haqqında” R№033193, ÖVY № 160512 olan şəhadətnaməsinin surətindən görünür ki, 9835A tipli ölçmə vasitəsinin son yoxlama tarixi 02 sentyabr 2024-cü il olmaqla, 02 sentyabr 2025-ci il tarixədək istifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya malik olan avtomobilin ümumi kütləsi 40 ton həddi aşmamalıdır. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, X3 06 aprel 2025-ci il tarixdə, saat 18:13-də “MAN TGX18.440 YÜK” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonun Mollakamallı kəndi ərazisindən keçən Bakı-Quba yolunun 129-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən 40 ton kütlə parametrlərini 3080 kiloqram aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuş və bu hal 9835A hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsilə qeydə alınmış və həmin məlumatlar foto və videoçəkilişi ilə birlikdə Azərbaycan Respublikası DİN BDYP İdarəsinin elektron sisteminə inteqrasiya edilmişdir. Bundan sonra İbrət Feyzullayev barəsində mübahisəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilməsi göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, İbrət Feyzullayev tərəfindən İXM ilə yol verilən 5 faiz artıq yük kütləsi də aşılmış və onun çəkisi 43080 kiloqram olmaqla inzibati xətaya yol vermişdir. Barəsində inzibati iş üzrə icraat aparılan İbrət Feyzullayev şikayət ərizəsinə sübut kimi yükün yola çıxmazdan əvvəl "xxxx" MMC tərəfindən verilməklə, M.R. Murad tərəfindən imzalanmış “Tərəzi Qəbzi” başlıqlı 89242 saylı qaiməni və yükün boşaldıldığı "xxxx" MMC tərəfindən verilmiş 81327 nömrəli tərəzi qəbzini təqdim etmişdir ki, həmin sənədlərə nəzər saldıqdan "xxxx" MMC tərəfindən verilmiş qaiməni imzalan şəxsin vəzifəsi və hansı əsasla imzalaması, "xxxx" MMC tərəfindən verilmiş qəbzin kim tərəfindən və hansı əsasla verildiyi göstərilməmişdir. Məhkəmə qeyd edir ki, hətta həmin sənədlər sübut kimi qəbul edilsə belə, İbrət Feyzullayev tərəfindən avtomobilin yük yerindən çıxarkən 40850 kiloqram olmaqla qanunla yol verilən 40000 kq çəki həddinin aşıldığı müəyyən edilmiş və bu hal onun özü tərəfindən də etiraf edilmişdir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X2 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 06 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27162245 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1nun göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 06 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27162245 saylı qərarının ləğv edilməsi barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 tərəfindən verilmiş şikayət təmin edilməsin, qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar