Məhkəmə qərarları › İş №3(059)-361/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-361/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-361/2025 23.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs 07 iyun 2025-ci il tarixdə, saat 00:20 radələrində Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisində yerləşən Murad şadlıq sarayının yaxınlığında saxlanılaraq, Siyəzən rayon Polis şöbəsinə gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zamanı 2,242 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 23 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisində yerləşən Murad şadlıq sarayının yaxınlığında saxlanılaraq, Siyəzən rayon Polis şöbəsinə gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra, həmin fakt üzrə araşdırma Siyəzən RPŞ-nin İB-də aparılmış, habelə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hazırki inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan narkotik vasitə üzərindən aşkar edilmişdir. Bununla belə, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan 07 iyun 2025-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 00:41-dən saat 00:45-dək olan müddət ərzində Siyəzən RPŞ-də Şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli qısa qol gödəkcənin sol iç cibindən bir ədəd şəffaf sellofanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 14 iyun 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sözügedən qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərarın surətindən görünür ki, Şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizasının 07 iyun 2025-ci il tarixli, 20/437 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası “Zərflər üçün № 96” möhür əksi, “1. /imza/; 2 imza/ İ. Zəkiyev; 3. /imza/, Tərtib etdi: Siyəzən RPŞ müstəntiq /imza/ T. Rzazadə; Şəxs üzərindən aşkar edilmiş kütlə” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,242 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram marixuana sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 2,222 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməbioloji ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 11 iyun 2025-ci il tarixdə verilmiş 3449 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 63 yaşı olmaqla, himayəsində 04 noyabr 2011-ci il təvəllüdlü Yusif adında bir azyaşlı uşağı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, inzibati həbs tətbiq edilməsi qadağan olunan yaş həddinə yaxın yaşda olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halın mövcudluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən Şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 2,222 qram olan, maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin, Şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Şəxs götürülmüş, qalıq çəkisi 2,222 qram olan maddi sübut, narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar