Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-369/2025 16.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, X1 vəkili Vəkil, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X2 iştirakları ilə, Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 2500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar 24 iyun 2025-ci il tarixdə ona təqdim edilmişdir. Həmin qərar qanunvericilik normalarının kobud surətdə pozulması şəraitində çıxarılmışdır. Belə ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat barədə ona heç bir məlumat verilməmişdir. Ümumiyyətlə hansı səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmasından xəbəri olmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyun 2025-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı qanunvericilik normalarının kobud surətdə pozulması şəraitində qəbul edildiyindən, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 vəkili Vəkil izahat verərək bildirmişdir ki, 04 iyul 2024-cü il tarixdə götürülmüş su nümunələri akt nömrəsi ilə analizə göndərilmiş, lakin analizin nəticələri başqa akt nömrəsi ilə təqdim edilmişdir. Bununla yanaşı, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə tərtib olunmuş protokola Siyəzən Rayon Məhkəməsində iki dəfə olmaqla, həmçinin Xızı Rayon Məhkəməsində də baxılmışdır. Sonuncu qeyd olunan məhkəmənin qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmiş və həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apelyyasiya şikayəti təmin edilməmiş və Xızı Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, inzibati xəta hadisəsi aşkarlandığı vaxtdan iki gün müddətində protokol tərtib olunmalı olsa da, bir ildən artıq müddət keçdikdən sonra tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X6 izahatında bildirmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərəflərindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bütün sübutları təqdim etmələrinə baxmayaraq xitam verilmişdir. Bundan başqa, Baş prokurorluğun nümayəndələri araşdırma aparmış, habelə idarəyə göndərdikləri məktubda icraçı direktorun tullantı sularının idarə olunmasının qanunvericiliyin tələblərinə uyğun təşkil etmədiyi üçün məsuliyyət daşıdığını və onun barəsində inzibati icratın başlanılmalı olduğunu qeyd etmişlər. Bundan əlavə, inzibati tənbeh vermə haqqında qərar eyni fakt üzrə qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən qərar qəbul etmiş orqanın nümayəndəsinin və barəsində inzibati iş üzrə qərar qəbul edilmiş şəxsin vəkilinin izahatlarını inzibati xəta haqqında materiallar ilə birlikdə araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş X4 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Siyəzən rayonunun Zarat kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexində yaranan tullantı suları qanunvericiliyin tələblərinə uyğun idarə edilmədiyindən, xx.xx.2024-cü il tarixdə müəssisədən götürülmüş su nümunələrində zərərtərəfindən ətraf mühitə axıdılan tullantı sularından götürülmüş su nümunələrində zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolun tərtibi zamanı X7 iştirak etməmiş və izahat verməkdən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 17 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri X3 01 may 2025-ci il tarixli qərarının surətindən görünür ki, vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyul 2025ci il tarixli qərarı ilə qanuni qüvvəsini almış Xızı Rayon Məhkəməsinin 3(068)-43/2025 saylı qərarından görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1. və 18.2.-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi Azərbaycan Respublikası İXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, hazırki inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan fakt üzrə X4 direktoru olduğu "xxxx" MMC barəsində eyni fakt və eyni inzibati xəta üzrə əməldə inzibati xəta tərkibinin olmaması ilə əlaqədar iş üzrə icraata xitam verilməsinə dair Xızı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 may 2025-ci il tarixli qərarı mövcuddur. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, İXM-nin 18.3-cü maddəsində hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmədiyi göstərilmişdir. Hazırki halda eyni fakt üzrə Yaşar Qasımovun direktoru olduğu hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməmiş, əksinə barəsində əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, eyni fakt üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə inzibati xətanın ümumiyyətlə mövcud olmadığı təsdiqini tapdığı üçün həmin hüquqi şəxsin direktoru olan şəxs barəsində inzibati iş üzrə icraata başlanıla bilməzdi. Odur ki, məhkəmə hesab edir ki, şikayət təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 134.1.3, 135.1.5-1 və 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilərək iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-369/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-369/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver