Məhkəmə qərarları › İş №3(059)-370/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-370/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-370/2025 30.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X6 iştirakları ilə, 16 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanına qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs 18 fevral 2025-ci il tarixdə, saat 01:30 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yerləşən “Layt Oil” Yanacaqdoldurma məntəqəsində işləyən X1 150 manat saxta pul vermiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən 28 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Zərərçəkmiş şəxs X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X8 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, Şəxs YDM-də işləyən X1 150 manat saxta pul vermiş, habelə bu fakt ilə əlaqədar Siyəzən RPŞ-nin TQ-da araşdırma aparılmış, həmçinin təhqiqat qrupunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsasında hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd olunan əməlin xarakterinin nəzərə alınmasını və Şəxs barəsində inzibati tənbeh olaraq inzibati həbs təyin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Bakı şəhərində yerləşən şadlıq evindən 6 ədəd saxta pul əldə etmiş, habelə həmin saxta pulların əksəriyyətini Bakı şəhərində, sonuncunu isə Siyəzən rayonunda istifadə etmişdir. Həmçinin, həmin ərəfələrdə narkotik vasitələrdən də istifadə etmişdir. Beləliklə, Siyəzən rayonunun ərazisində yerləşən YDM-nin operatoruna əvvəl 50, bir qədər sonra isə 100 manat saxta pul vermişdir. Bununla yanaşı, Bakı şəhərinə qayıtdığında polis əməkdaşları tərəfindən saxlanılmış, həmçinin həmin şəhərdə etdiyi eyni əməllərə görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda isə dəymiş zərəri ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, “Layt Oil” Yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işləyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında qohumluq münasibəti olmamaqla yanaşı, düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, Şəxs 18 fevral 2025-ci il tarixdə, saat 01:30 radələrində “Renault Megane” markalı avtomobil ilə “Layt Oil” Yanacaqdoldurma məntəqəsində gəlmiş, bu zaman avtomobili idarə edən şəxs avtomobildən enməsə də, birinci 50 manatlıq saxta pulu operatora verərək, avtomobilə təxminən 6 manatlıq yanacaq doldurulmasını istəmiş, habelə bundan sonra qalıq qalan məbləğdə pulu alıb, oradan uzaqlaşmışdır. Bir qədər sonra, Şəxs avtomobil yolun əks istiqamətində saxladılaraq, YDM-nə yaxınlaşmış, bu zaman isə 100 manatlıq saxta pulu operatora verərək, həmin pulu xırdalaması istəmişdir. Beləliklə, operator həmin məbləğdə saxta pul müqabilində pul əskinazlarını Şəxs təqdim etmişdir. Sədrlik edənin suallarına cavab olaraq şahid kamera görüntülərində onun dediklərinin tam şəkildə əks olunduğunu, hazırda zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilmədiyini, hadisə gecə saatlarında baş verdiyindən operator saxta pulu tanımamaqla yanaşı, üzərlərindən “etibarsızdır” yazısının silinməsini görmədiyini güman etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma cinayət məsuliyyəti yaradan əməldir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyun 2015-ci il tarixli Plenum Qərarının 9cu bəndində qeyd olunmuşdur ki, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, əldə etmə və ya satma zahiri cəhətdən dələduzluq cinayətinin əlamətlərinə oxşar olsa da, belə əməllər xüsusi norma kimi çıxış edən CM-nin 204-cü maddəsi ilə tövsif olunmalıdır. Saxta pulun, xarici valyutanın və ya qiymətli kağızların satılması o zaman dələduzluq kimi qiymətləndirilə bilər ki, onlar aşkar formada əslindən fərqlənsinlər və həmin pulun, valyutanın və qiymətli kağızların dövriyyədə istifadə edilməsi istisna edilsin. Bu zaman təqsirləndirilən şəxsin qəsdinin aşkar surətdə məhdud şəxslər dairəsinin aldadılmasına yönəlməsi sübut edilməlidir. İş materiallarından görünür ki, Şəxs 18 fevral 2025-ci il tarixdə, saat 01:30 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yerləşən “Layt Oil” Yanacaqdoldurma məntəqəsində işləyən X1 150 manat saxta pul verməsi faktı üzrə araşdırma aparılmış, pulun real və ya saxta olmasının müəyyən edilməsi ilə əlaqədar məhkəmə texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 14 mart 2025-ci il tarixdə, 5/170-5/179 nömrəli rəy təqdim edərək rəydə göstərmişdir ki, tədqiqata təqdim olunan B seriyalı 22404893 nömrəli 50 nominal və A seriyalı 00547024 nömrəli 100 nominal Azərbaycan manatı pul əsginasına oxşar tədqiqat obyektləri şırnaqlı çap üsulu ilə hazırlanmışdır, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrə təchiz olunmamışdır və Mərkəzi Bank tərəfindən tədavülə buraxılan müvafiq olaraq 50 nominal və 100 nominal əsginası ilə eynilik təşkil etmir. Həmin tədqiqat obyektləri xüsusi cihazlardan istifadə olunmadan, orqanoleptik (vizual) əlamətlərə görə Mərkəzi Bankın tədavülə buraxdığı müvafiq olaraq 50 və 100 nominal Azərbaycan manatı pul əskinasından fərqlənir. Bundan sonra 07 may 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün qəbul edilmiş qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında maddi sübut kimi təqdim edilən üzərlərində “A00547024” və “B22404893” seriya nömrəsi olan 2 (iki) ədəd Azərbaycan manatına oxşar müvafiq olaraq 100 və 50 manatlıq əskinasları tədqiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş istər ekspert rəyi ilə, istərsə də, məhkəmə iclasında tədqiq edilmiş maddi sübutlara baxış zamanı Şəxs tərəfindən təqdim edilmiş 50 və 100 manatlıq saxta pul əskinaslarının vizual baxışda əslindən fərqləndiyi müəyyən edilmiş, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyun 2015-ci il tarixli Plenum Qərarında formalaşan mövqe də nəzərə alınmaqla doğru olaraq əməlin CM-nin 204-cü maddəsinin tərkibini yaratması istisna edilmiş, əməl dələduzluq kimi qiymətləndirilmiş, 150 manat maddi ziyan dələduzluq cinayətinin tərkibini yaratmadığı üçün barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs təqsiri iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 3(001)-968/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 03 ay müddətinə inzibati həbs təyin olunmuşdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 3(001)-968/2025 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halın isə olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən törədilmiş inzibati xəta əməli nəticəsində vurduğu zərəri ödəməməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini və həbsin müddətinin 02 (iki) ay müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarına əlavə edilmiş 28 iyun 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, 16 avqust 1986-cı il təvəllüdlü Şəxs 28 iyun 2025-ci il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs 28 iyun 2025-ci il tarixdə, saat 18:10-da faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, sənədlərin məhkəmə texniki ekspertizasının dəyəri 200 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 02 (iki) ay müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 28 iyun 2025-ci il tarixdən saat 18.10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş üzərlərində “A00547024” və “B22404893” seriya nömrəsi olan 2 (iki) ədəd Azərbaycan manatına oxşar müvafiq olaraq 100 və 50 manatlıq əskinasların iş üzrə tədqiqat materiallarında saxlanılması nəzərə alınsın. Şəxs məhkəmə məsrəfi hesab olunan 200 (iki yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxs X3 inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar