Məhkəmə qərarları › İş №3(059)-371/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-371/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-371/2025 16.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X9, Qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X7 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X12 12 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs X19 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş materiala baxaraq məhkəmə, müəyyənetdi: X19 şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda ləğvini tələb etdiyi xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, bir müddət əvvəl barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən müvafiq olaraq qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslandığı hallara əsaslanaraq, bir növ davamı kimi qəbul edilmişdir. Başqa sözlə bir müddət əvvəl xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair məhkəməyə verdiyi şikayət ərizəsində göstərmişdir ki, inzibati xəta hadisəsinin törədilməsi etimal olunan ərazi, beş qonşu evlərin sakinlərinin istifadə etdiyi yoldur və bu yol mütəmadi olaraq 5 qonşudan biri olan X13 tərəfindən yola müxtəlif çeşidli tullantılar (məişət, ölmüş toyuq cəsədləri, peyin qalıqları, ağac budaqları və s.) atılaraq, üfunət iyinin yaranmasına səbəb olmuş və gedişgəlişi çətinləşdirmişdir. O və digər qonşular Rauf Abbasova irad və narazılıqlarını bildirsələr də, sonuncu əməllərini davam etdirərək, qonşuluq münasibətlərinə və birgə yaşayış qaydalarına əməl etməmişdir. Buna görə də, son zəruri tədbir kimi məslənin həlli ilə əlaqədar DİN-nin 102 çağrı mərkəzinə zəng vurmuş, habelə onların tövsiyəsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş və tərəflərindən görülən tədbirlər nəticəsində X13 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən təxminən 2025-ci ilin mart ayında inzibati qaydada cərimə olunmuşdur. Lakin, bütün bunlara baxmayaraq atılan zibillər yolda qalmaqla yanaşı, Rauf Abbasovun özü də yola zibil tullamaq kimi adətindən əl çəkməmiş və o, təkrarən bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat versə də, nazirlikdən ona, işlərinin cərimə yazmaq olduğu, yoldan zibil yığmaq olmadığı və vətəndaşı zibil yığmağa məcbur edə bilmədikləri bildirilmişdir. Bundan sonra, Siyəzən rayon Yenikənd Bələdiyyəsinə müraciət etsələr də, bələdiyyə sədri yolun onlara məxsus olmadığını bildirmiş və məhkəməyə müraciət etmək hüquqlarından istifadə etmələrini tövsiyyə etmişdir. O, vətən müharibəsində psixoloji tramva alması səbəbindən əsəblərini cilovlaya bilməmiş, habelə qonşusu X8 “Qazel” markalı avtomobilini gətirməsini istəmiş və beləliklə, zibilləri avtomobilə yükləyərək, müəyyən olunmuş zibillik əraziyə atmışlar. Bundan sonra, yerdə qalan çör-çöpü, alaq otlarını və tikanları bir yerə yığmaqla yandırarkən, onları əziyyətə salan Rauf Abbasovu qınamışlar və bu zaman onları görən sonuncu yazılmış inzibati cərimənin qısasını almaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə zəng etməklə ekologiyaya zərər vurulduğunu bildirmiş, habelə bu zəngdən sonra gəlmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, iradını bildirdikdə isə, qaynar xəttə zəng daxil olduğunu bildirib, hökmən cərimə olunmalı olduğunu qeyd etmişlər. Beləliklə, barəsində 06 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, bundan sonra isə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə dəvət edilməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra, həmin qərardan Siyəzən Rayon Məhkəməsinə verdiyi şikayət təmin edilərək, qərar ləğv edilmişdir. Hazırda ləğvini tələb etdiyi xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, qeyd etdiyi kimi xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında tərtib edilən protokolun əsaslandığı inzibati xəta hadisəsinə aiddir, bir növ davamıdır. Belə ki,qeyd etdiyi kimi inzibati xəta hadisəsinin törədilməsi etimal olunan ərazi, beş qonşu evlərin sakinlərinin istifadə etdiyi yoldur, bu yolun müəyyən hissəsi qonşu X6 hasarı ilə həmsərhəddir, qərarın müəyyən etdi hissəsində “Siyəzən rayon Yenikənd kəndi meşə fonduna daxil olmayan 3 ədəd böyürtkən kollarını qanunsuz məhv edilməsi və 1 ədəd ağacı zələlənməsi” əməlinin törədilməsi qeyd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən 2000 manat məbləğində inzibati cərmə tənbeh növü tətbiq edilmişdir. “Siyəzən rayon Yenikənd kəndi meşə fonduna daxil olmayan 3 ədəd böyürtkən kollarının qanunsuz məhv edilməsi və 1 ədəd ağacın zələlənməsi” əməlinin tərəfindən törədilməsi barədə bildirir ki, kəsilən kollar və zədələnmiş agac istifadə etdiləri yolun kənarı ilə çəkilən qonşu Cəlal Rəfizadənin həyətyanı sahəsində yola çıxan budaqlar olmuş və agac sahibinin könüllü razılığı və bilavasitə onun iştirakı ilə yoldan kənarlaşdırılmışdır. Göründüyü ki, iddia edilən hallar qərarın əsaslandığı inzibati xəta hadisəsi ilə uyğun gəlmir, daha doğrusu kənd sakinlərinin ictimai yoldan rahat keçilməsi üçün qonşunun yola çıxan kol və ağaclarını budaqlarının maneəsi aradan qaldırılmışdır. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini əsası kimi barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol qeyd edilsə də, adıgedən protokol onun iştrakı və protokolda qeyd edildiyi tarixdə, yəni xx.xx.2025-ci il tarixdə tərtib edilməmişdir. Belə ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarının, hadisə barəsində protokol tərtib etməsini görməmiş, belə ki, tərtib edilmiş olsaydı qanunvericiliyə əsasən ona imza etdirməklə, bir nüsxəsini verərdilər. Azərbaycan Respublikası İXM-nin 100 və 101-ci maddələrinin normalarının tələbinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib etməlidir. Lakin, qərarda qeyd edilən protokolun tərtib edilməsindən xəbərsizdir və ehtimal edir ki, protokol qeyd edilən tarixdə və hadisə yerində tərtib edilməmiş, habelə sonradan ona göndərilməmişdir. Belə ki, protokol barəsində yalnız qərarda qeyd edildiyinə görə məlumatı olmuşdur. Bundan başqa qərarda, tərəfindən “Siyəzən rayon Yenikənd kəndi meşə fonduna daxil olmayan 3 ədəd böyürtkən kollarının qanunsuz məhv edilməsi və 1 ədəd ağacı zələlənməsi əməlinin törədilməsi qeyd edilsə də, həqiqətdə kəsilən kollar və zədələnmiş ağac istifadə etdikləri yolun kənarı ilə çəkilən qonşu Cəlal Rəfızadənin həyətyanı sahəsindən yola çıxan budaqlar olmuş və ağac sahibinin könüllü razılığı, bilavasitə onun iştirakı ilə yoldan kənarlaşdırılmışdır. Beləliklə yuxarıda qeyd etdikləri ilə müəyyən olunur ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X19 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, hadisə zamanı işləmək üçün Ağdam rayonunda olan həmkədlisi X6 həyətyani sahəsinin çəpərinin dibində yabanı halda bitməklə, gediş-gəliş yoluna maneçilik törədən və həmçinin, yaxınlığına müxtəlif çeşidli tullantılar atılan 01 ədəd böyürtkən kolunu kəsərək, həmin ərazini təmizləmiş, habelə kolun yanında bitmiş alça ağacının budaqlarını budamışdır. Bununla yanaşı, həmin əraziyə tullantıların atılması ilə müxtəlif orqanlara şikayətlər etsə də, böyürtkən kolunun kəsilməsi ilə bağlı şikayət və ya müraciət etməmişdir. Bundan başqa, yaşadıqları və habelə, hadisənin baş verdiyi ərazi xüsusi mülkiyyətdə olmamaqla yanaşı, dəmir yolunun ərazisindir. Belə ki, bir neçə il bundan öncə dəmir yolunda işləyən işçilərə həmin ərazidən bir otaqlı evlər verilsə də, həyətyani torpaq sahələri verilməmişdir. O, cəmi 1 ədəd böyürtkən yolunu kəsmiş, həmin kol qonşunun hasarının çölündə yabanı formada yetişmiş, qonşusu ondan narazı olmamaqla əksinə ona təşəkkür etmişdir. Odur ki, şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X15 izahatında bildirdi ki, X3 və Təbii Sərvətlər Nazirliyinin əlaqə mərkəzinə zəng edərək, evinin yaxınlığında yerləşməklə, tullantılar atılan ərazidən tullantıları təmizlədiyini, 03 ədəd böyürtkən kollarını kəsdiyini və 01 ədəd alça ağacının budaqlarını budadığını bildirmiş, bununla bağlı ona cərimlər gəldiyini söyləmişdir. Bundan sonra o, Siyəzən rayonunun Yenikənd kəndində yerləşməklə, dövlətin müliyyətində yerləşən hadisənin baş verdiyi yerə kəndin icra nümayəndəsi və bələdiyyəsi ilə birlikdə getmiş, Ruslan Eyvaz videoçəkiliş ilə aparılan araşdırma zamanı kolları kəsdiyini və ağacı budadığını etiraf etmiş, habelə bununla bağlı izahat da yazmışdır. Həmin vaxt, Ruslan Eyvazova etdiyi əmələ görə barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilərkən, sonuncu cərimə olunacağını söyləyərək oradan uzaqlaşmışdır. Eyni zamanda, Ruslan Eyvazov kolların qonuşunun həyətyanı sahəsində deyil gediş-gəliş yollunda bitdiyini etiraf etmişdir. Bununla yanaşı, həmin ərazidən kolların təmizlənməsi ilə bağlı nazirliyə müraciət olunmamaqla yanaşı, Rauf Abbasovun həmin əraziyə tullantılar atması ilə bağlı daxil olmuş şikayət nəticəsində sonuncu cərimə edilmişdir. Bir daha qeyd edir ki, kolların kəsildiyi, ağacın isə budandığı ərazi həyətyanı sahə olmamaqla yanaşı, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin kollar isə meşə fonduna daxil olmayan kollardır. Habelə, ərazidən kolların təmizlənməsi (kəsilməsi) səlahiyyəti kəndin icra nümayəndəliyinə və bələdiyyəsinə o halda verilir ki, qeyd olunan qurumlar əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Agentliyinə müraciət etməli, nazirlik tərəfindən bununla bağlı müvafiq rəy verildikdən sonra, təmizlənmə işləri aparılmalıdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Ruslan Eyvazov həmkədlisi olmaqla yanaşı qonşusudur. Bundan başqa, 2003-cü il tarixdə hazırda yaşadığı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evinin həyətyani sahəsində yabanı halda kollar və ağaclar bitdiyi üçün mütəmadi olaraq təmizləmə işləri aparmış, kolları kəsməklə, ağacları budamışdır. Hadisə baş verən zaman işi ilə əlaqədar Ağdam rayonunda olmaqla bərabər hadisənin şahidi olmasa da, yaşdığı evə gəldikdən sonra, həyətyanı sahəsinin içəri tərəfindən bitməklə, gediş-gəliş yoluna maneçilik törədən böyürtkən kollarını kəsdiyi üçün Ruslan Eyvazova minətdarlığını bildirmişdir. Bundan başqa, yaşadığı ev və evin inşa edildiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Məhkəmə, məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsinin və şikayət vermiş şəxsin, həmçinin şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X12 12 iyun 2025ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı müfəttişi Elşən Mirzəyev, Siyəzən rayon Yenikənd Bələdiyyəsinin sədri Yadulla Ələkbərov, Siyəzən RİHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəsi Ceyhun Əliyev tərəfindən imzalanmaqla, 29 may 2025-ci il tarixdə tərtib edilmiş 90236 saylı aktdan görünür ki, Ruslan Eyvazov tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş şikayəti əsasında sonuncunun təqdim etdiyi əraziyə baxış keçirilərkən məftil torla hasara alınmış sahədən kənarda bir neçə böyürtkən kollarının yanğın izlərinin (köklərinin həmin sahədə yanmış vəziyyətdə qaldığı) və ərazidə bir ədəd 12 sm diametrdə olan alça ağacının bir neçə budağının kəsilərək boy artımının dayanacaq dərəcədə zədələndiyi müəyyən olunmuşdur. Habelə, Ruslan Eyvazov yazılı izahat verərək təxminən bir ay öncə yolun kənarında olan 03 ədəd böyürtkən kollarını yolu təmizləmək məqsədi ilə yandırdığını və yolu təmizlədiyini bildirmişdir. Siyəzən rayon Yenikənd Bələdiyyəsinin 29 may 2025-ci il tarixli, 36 nömrəli məktubuna əsasən X1 özünə məxsus həyətyani sahənin qabağında, aralıqda olan böyürtkən kollarını yandıraraq, yolu təmizləmişdir. Həmçinin, Ruslan yazılı izahat versə də, aktı imzalamaqdan imtina etmişdir. İşdə olan X9 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X16 29 may 2025-ci il tarixdə verdiyi izahatın surətindən görünür ki, o, təxminən bir ay öncə yolu təmizləmək məqsədi ilə 03 ədəd böyürtkən kolunu yandırdığını etiraf etmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X15 tərəfindən 29 may 2025-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 29 may 2025-ci il tarixdə Siyəzən rayonu Yenikənd kəndi ərazisində X19 tərəfindən 03 ədəd böyürtkən kollarının qanunsuz olaraq məhv edilməsi və 01 ədəd alça ağacının zədələnməsi faktı müəyyən olunmuş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci və 253.4-cü maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair MN seriyalı, ******* saylı protokol tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X12 12 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 rayonu, Yenikənd kəndi meşə fonduna daxil olmayan 03 ədəd büyürtkən kollarının qanunsuz məhv edilməsi və 01 ədəd ağacın zədələnməsinə görə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu barəsində 2000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 29 may 2025-ci il tarixli 90236 sylı akta əlavdən görünür ki, Ruslan Eyvazov tərəfindən Siyəzən rayonunun Yenikənd kəndi ərazisində, həyətyani sahədən kənarda 03 ədəd büyürtkən kolunun məhv olması nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Naizrlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən hesablanmaqla, 01 ədəd böyürtkən kolu 80 manat olmaqla, cəmi 240 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş iki ədəd foto-şəkildən görünür ki, şəkillərdə şikayətçi X19 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X15 əks olunur, Ruslan Eyvazovun əlində ağac qırıntıları və yerdə yanıq izləri müşahidə olunur. İşdə olan məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, X19 yolun kənarında, habelə həyətyani sahədən qıraqda bitmiş böyürtkən kollarını kəsərək yandırdığını etiraf etməklə yanaşı, həmin yolda bitmiş ağacın yolda avtmobillərinin gediş-gəlişinə maneçilik törətdiyini qeyd edərək, ağacı budadığını kəsdiyini etiraf edir. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, X19 “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalı ilə, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. İş materiallarından görünür ki, X19 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş 29 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda onun İXM-nin 253.2 və 253.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyi qeyd olunsa da, inzibati tənbeh vermə haqqında 12 iyun 2025-ci il tarixli qərarla o, İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Yuxarıda qeyd olunan Plenum qərarından da göründüyü kimi, X9 təqsirli bilindiyi hər bir maddə inzibati tənbeh vermə haqqında qərarda qeyd olunub ona hüquqi qiymət verilməli olduğu halda, həmin qərarda Ruslan Eyvazovun yalnız İXM-nin 253.2-ci maddəsi ilə inzibati tənbeh edildiyi qeyd edilmiş, ümumiyyətlə İXM-nin 253.4-cü maddəsi inzibati tənbeh vermə haqqında qərarda qeyd edilməməklə ona hər hansı hüquqi qiymət verilməmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, inzibati orqan öz qərarında Ruslan Eyvazovu İXM-nin 253.4-cü maddəsi ilə təqsirli bilməmişdir. Odur ki, hazırki məhkəmə mübahisəsinin predmeti X9 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair dair qərarın qanuniliyinin yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası İXM-nin Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla mübahisəli böyürtkən yollarının xüsusi mülkiyyətdə deyil, dövlət mülkiyyətində olan torpaq üzərində hasardan kənarda yabanı halda bitdiyi, Ruslan Eyvazov tərəfindən həmin kolların təmizlənərək yandırıldığı onun özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarına əlavə edilmiş foto və video-çəkiliş materialları, akt və məhkəmə iclasında dindirilmiş şahid izahatı ilə tam şəkildə sübuta yetirilmiş, onun əməlinin inzibati xəta tərkibi yaratmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Şikayətin dəlillərində göstərilən hallar dolayası ilə törədilmiş inzibati xətanın mövcudluğunu səciyyələndirir. Barəsində qərar qəbul edilmiş Ruslan Eyvazov böyürtkən kolunu təmizləyərək yandırdığını, lakin bunun məsuliyyətə cəlb edilməli əməl olmadığını iddia etsə də, məhkəmə hesab edir ki, bu hal şəxsin məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Odur ki, şikayətin dəlilləri əsassız hesab edilərək təmin edilməməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X12 12 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar