Məhkəmə qərarları › İş №3(059)-372/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-372/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-372/2025 30.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Abşeron Rayon Məhkəməsinin 17 sentaybr 2024-cü il tarixli, 2(012)- 2132/2024 saylı icra sənədi üzrə 7590 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(012)-2132/2024 saylı icra sənədinə əsasən 20 fevral 2024-cü il tarixdən başlayaraq 28 noyabr 2017-ci il təvəllüdlü İbrahimin və 11 iyun 2019-cu il təvəllüdlü İsmayılın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin, Zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri ərizəsi üzrə verilmiş Abşeron Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs birincinin xeyrinə hər ay olmaqla, ayda 400 manat sabit pul məbləğində aliment ödənilməlidir. Beləliklə, qeyd olunan icra sənədləri ümumi icraata birləşdirilmiş, habelə Şəxs 02 avqust 2024-cü il tarixdə cəmi 400 manat məbləğində aliment borcundan ödəniş etsə də, bir ilə yaxın müddətdir heç bir ödəniş etmir. Belə ki, Şəxs barəsində hazırki vaxta kimi üç dəfə axtarış qərarı qəbul edilmiş, sonuncu polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, habelə həmin vaxtlarda aliment borcunu qısa zaman ərzində ödəyəcəyinə dair yalan vədlər versə də, sonradan istifadəsində mobil telefon nömrələrinə zəng çatmamaqla yanaşı, çağırışlardan məqsədi şəkildə yayınmışdır. Odur ki, Şəxs ciddi inzibati tənbeh tədbiri ilə islah olunacağının nəzərə alınmasını və sonuncu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, o, əvvəllər qayınatasına məxsus evdə tələbkar ilə birlikdə yaşamaqla bərabər birinci ilə birlikdə işləmiş, habelə gündəlik təxminən 20-25 manat qazancının böyük hissəsini ailəsinin maddi tələbatlarına xərcləmişdir. Eyni zamanda, qayınatasına məxsus evdə yaşadığı zamanı tələbkar ilə aralarında olan nikahın məhkəmə qaydasında pozulmasından məlumatlı olmamışdır. Bundan başqa, hazırda səhhətində olan problem ilə əlaqədar işləyə bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Həmçinin, Bakı şəhərində yaşadığı üçün icra məmurunun çağırışlarına gəlməmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahat verərək Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(012)-2132/2024 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 18 sentyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi 25 mart 2025-ci il tarixdə imza etməklə qəbul etmişdir. Bununla yanaşı, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 16 may 2025-ci il tarixli qərarı ilə xx xxxxx 1990-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş tələbkar Zərərçəkmiş şəxs Siyəzən rayon icra və probasiya şöbəsinə ünvanlandığı 30 iyun 2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 17 sentaybr 2024-cü il tarixli, 2(012)-2132/2024 saylı icra sənədinə əsasən Şəxs 20 fevral 2024-cü il tarixdən başlayaraq ona hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment ödəməli olsa da, Şəxs bir ildən artıq müddətdir aliment borcunu ödəməklə yanaşı, sonuncunun hazırda 7590 manat məbləğində aliment borcu yaranmışdır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini və sonuncu barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatları ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən borcunun üzrlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 28 noyabr 2017-ci il təvəllüdlü İbrahim və 11 iyun 2019-cu il təvəllüdlü İsmayıl adında iki azyaşlı övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin 7590 manat borcunun olduğunu nəzərə alaraq ona İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiqinin onun maddi məsuliyyətini daha da artıracağını nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 30 iyun 2025-ci il tarixdən saat 16:15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar