Məhkəmə qərarları › İş №3(059)-373/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-373/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-373/2025 30.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Siyəzən rayonunun Balaca Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ağayev X8 Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(059)-33/2024 saylı icra sənədi üzrə 6162 manat məbləğində aliment borcunu tələbkar (Ağayeva) X2 ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X10 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(059)-33/2024 saylı icra sənədinə əsasən 14 yanvar 2012-ci il təvəllüdlü X11, 06 fevral 2013-cü il təvəllüdlü X6, 16 fevral 2017-ci il təvəllüdlü X9 və 05 iyun 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 11 oktyabr 2023-cü il tarixdən başlayaraq, Şəxs X1 xeyrinə hər ay, hər uşaq üçün 110 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə, Şəxs işlədiyi ərəfələrdə tutulmalar sonuncunun əmək haqqısından aparılmaqla, cəmi 3078 manat məbləğində aliment pulu tələbkara ödənilmişdir. Lakin, Şəxs cari ilin yanvar işdən azad olunmuş, habelə həmin tarixdən hazırki tarixə kimi aliment borcu üzrə ödənişlər etməmişdir. Həmçinin, Şəxs axtarış qərarına əsasən polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, o, işdən azad olunduqdan sonra X5 müraciət etsə də, işlə təmin edilməmiş, məhz bu səbəbdən aliment öhdəliyini icra edə bilməmişdir. Eyni zamanda, tələbkar ilə birgə nikahda olarkən bankdan kredit götürmüş, işləmədiyi üçün kredit borcu müqavilə üzrə zaminlik edən şəxsdən tutulmağa başlamışdır. Sonuncu da, öz növbəsində tutulan pulu ondan tələb edir. Bundan başqa, tələbkar ilə birgə nikahda olarkən inşa etdiyi evdə sonuncu yaşasa da, o, valideyinləri ilə birlikdə yaşamaqla, anasının aldığı təqaüd hesabına maddi xərclərini qarşılayır. Bundan əlavə, hazırda tələbkara aliment borcuna görə 200 manat məbləğində pul təklif etsə də, sonuncu həmin məbləğdə pulu qəbul etmir. Qeyd edir ki, barəsində cəza tədbiri tətbiq ediləcəyi təqdirdə, aliment borcu ödənilməmiş qalacaq, borcunun üstünə borc yığılacaqdır. Odur ki, təklif etdiyi pulun tələbkar tərəfindən qəbul edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, birgə nikahdan doğulmuş dörd uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs tərəfindən ona hər ay olmaqla ayda cəmi 440 manat sabit pul məbləğində aliment ödənilməlidir. Lakin, birgə nikah dövründə olduğu kimi Şəxs hazırda da, uşaqlarının maddi xərcləri ilə maraqlanmır. O, sonuncu övladı azyaşlı olduğu üçün əvvəllər işləməsə də, qısa müddət öncə işə qəbul edilmişdir. Buna baxmayaraq uşaqlarının maddi xərclərini qarşılamaqda çətinlik çəkir, habelə bu barədə Şəxs bildirdiyində sonuncu, maddi imkanın olmadığını bildirmiş, həmçinin “kimə deyirsən de” deyə cavab vermişdir. Bundan başqa, aliment təyin edilərkən Şəxs birgə nikah dövründə kredit öhdəliyinin yaranması nəzərə alınmış, ona görə də, dörd uşağın yetkinlik yaşına çatana kimi cəmi 440 manat sabit pul məbləğində aliment tutulmuşdur. Odur ki, hazırda yaranmış qalıq aliment borcunun verilməsini tələb edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(059)-33/2024 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 04 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu Şəxsa tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Bununla yanaşı, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 27 may 2025-ci il tarixli qərarı ilə xx xxx 1989-cu il təvəllüdlü, Siyəzən rayonunun Balaca Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatları ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən borcunun üzrlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 14 yanvar 2012-ci il təvəllüdlü X16, 06 fevral 2013-cü il təvəllüdlü X13, 16 fevral 2017-ci il təvəllüdlü X14 və 05 iyun 2020-ci il təvəllüdlü X12 adında dörd azyaşlı uşağı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dörd azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halın mövcudluğunu, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin 6162 manat borcunun olduğunu nəzərə alaraq ona İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiqinin onun maddi məsuliyyətini daha da artıracağını nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 30 iyun 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar