Məhkəmə qərarları › İş №3(059)-38/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-38/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-38/2024 13.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs , Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə xx xxxxxx 1980-ci il tarixdə Şabran rayonunun Böyük Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Siyəzən rayonu Həmyə bələdiyyəsinin sədri vəzifəsində işləyən, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Əsgərov X3 Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(059)-62/2023 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməli olduğu 11975,55 manat ümumi borcdan 500 manatını ödəsə də, qalıq 11475,55 manat borcu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 13 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edərək, onun məzmununa uyğun, eyni məzmunlu izahat verməklə, bildirdi ki, sözügedən icra sənədi 28 mart 2023-cü il tarixdə icraatına daxil olduqdan sonra, tərəfindən qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş, habelə Şəxs bildiriş ilə tanış edilmişdir. Bundan sonra, Şəxs 14 aprel 2023-cü il tarixdə 11975,55 manat borcundan 500 manat ödəniş etsə də, bu günədək əlavə ödəniş etməmişdir. Bununla belə, müvafiq icra tədbirləri həyata keçirilmiş, habelə tutuma borclu Şəxs əmək haqqına yönəldilmiş, lakin Siyəzən rayon Həmyə bələdiyyəsinin büdcəsində vəsait olmadığına görə borclunun məvacibindən tutulmaların aparılması mümkün olmamışdır. Eyni zamanda, tələbkar hazırda şikayətçi olmaqla, borc məbləğini tam şəkildə tələb etdiyi üçün ödənilmiş 500 manatı qəbul etmir, bu səbəblə də sözügedən məbləğ hazırda Siyəzən rayon icra və probasiya şöbəsinin depozitindədir. Bundan başqa, bu müddət ərzində borclunun izahatı da alınmış, habelə sonuncu imkanı olmadığı üçün ödəniş edə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 1(bir) ilə yaxın olar məvacib ala bilmir, bu səbəblə də maddi imkanı olmadığına görə borcundan ödəniş edə bilməmişdir. Bununla belə, o, 14 aprel 2023-cü il tarixdə 11975,55 manat borcundan 500 manat ödəniş etmiş, habelə bundan sonra vaxt veriləcəyi təqdirdə ödənişlər edəcəkdir. Həmçinin, o, bu il ərzində qalıq məbləği də tam ödəməyi düşünür. Belə ki, vergilərdən bələdiyyənin büdcəsinə yığılan vəsait ilə işçilərin məvacibini ödədikdən sonra, tələbkara olan qalıq borcunu da qaytaracaqdır. Bundan əlavə gəliri yoxdur. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs hazırda ona 11975,55 manat borcu vardır. Bundan əlavə, pulunun tam şəkildə ona qaytarılmasını tələb etdiyi üçün borclu tərəfindən ödənilmiş 500 manat pulu qəbul etmir. Odur ki, borclu ödənişləri etmədiyinə görə ona inzibati tənbeh olaraq həbs təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(059)-62/2023 saylı icra vərəqəsi icra olunması üçün 28 mart 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə eyni tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə 12 aprel 2023-cü il tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan, eləcə də digər mötəbər sənədlərin surətlərindən görünür ki, Siyəzən rayon Həmyə bələdiyyəsinin sədri vəzifəsində işləyən Şəxs himayəsində biri azyaşlı olmaqla, 02 oktyabr 2008-ci il təvəllüdlü Xədicə, 18 iyul 2011-ci il təvəllüdlü Ülvi və 01 oktyabr 2018-ci il təvəllüdlü Rinat adında üç övladı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bələdiyyələrdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab edilirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-ci il tarixli qərarına əsasən vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Qeyd olunmalıdır ki, Əsgərov X3 rayon Həmyə bələdiyyəsinin sədri vəzifəsində işləsə də, onun tərəfindən törədilmiş inzibati xəta əməli sonuncunun öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə bağlı olmamış, habelə bu inzibati xəta tələbkara olan şəxsi borcunu tam şəkildə ödəməkdən yayınması nəticəsində baş vermişdir. Belə olan halda, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilərkən, o vəzifəli şəxs kimi deyil, fiziki şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən onun faydalı əmək fəaliyyəti ilə məşğul olaraq, himayəsində biri azyaşlı olmaqla, üç yetkinlik yaşına çatmayan övladının olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, faydalı əmək fəaliyyəti ilə məşğul olaraq, himayəsində biri azyaşlı olmaqla, üç yetkinlik yaşına çatmayan övladının olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 750 (yeddi yüz əlli) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar