Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-392/2025 23.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 31 may 2025-ci il tarixli, EQ seriyalı, 28279490 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən barəsində tərtib edilmiş 31 may 2025-ci il tarixli, EQ seriyalı, 28279490 saylı inzibati xəta haqqında protokolun və idarə tərəfindən qəbul edilmiş eyni tarixli və saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Quba rayonu "xxxx" MMC-nin yükləmə məntəqəsindən sebellə yüklü M-l 65.km Xızı rayonu Giləzi kəndi ərazisində **-SK-*** dövlət qeydiyyat nişanlı, ikioxlu, yəhərli dartıcı və 99YH710 dövlət qeydiyyat nişanlı üçoxlu özüboşaldan yarımqoşqu ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında (hərəkət halında çəki ölçmə nəzarət sistemi kistler 9835A) Azərbaycan Respublikası İXMnin 353.2-ci maddəsi ilə barəsində xx.xx.2025-ci il tarixli EQ seriyalı, 28279490 saylı qərarlı elektron inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunması, habelə nəqliyyat vasitəsinin görüntülərinə dair fotoşəkillər mobil telefonuna elə həmin günü SMS vasitəsi ilə göndərilmişdir. Lakin, xx.xx.2025-ci il tarixli EQ seriyalı, 28279490 saylı inzibati xəta haqqında elektron qərar qanunda nəzərdə tutulmuş sifarişli poçt vasitəsi ilə ona göndərilmədiyinə görə, qərarı öz hesabına xx.xx.2025-ci il tarixdə Siyəzən RPŞ-nin DYPB-dən müraciəti əsasında əldə etmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixli EQ seriyalı, 28279490 saylı inzibati xəta haqqında elektron protokolun və qərarın məzmunundan, habelə video görüntülərə əsasən müəyyən olunur ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün çəkisi guya iddia etdiklərinə görə limit 40000 kq olduğu halda, çəki normadan artıq, yəni 43100 kq olmuş və bununla da ona Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən 600 manat inzibati cərimə tətbiq edilmişdir. Ona tətbiq olunan inzibati xətanın əsasız olması və idarə etdiyi nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətinə münasibətdə nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşılmaması aşağıdakılarla müəyyən olunur. Belə ki, əgər qeyd edildiyi kimi yük normadan artıq olmuş olsaydı, onda bu faktı ilk olaraq Şabran rayon Gəndob kəndi ərazisində quraşdırılmış elektron tərəzidə qeydə almalı idi. Lakin, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan materiallarıdan məlum olur ki, normadan artıq yükün olması nəqliyyat vasitəsi Bakı istiqamətində hərəkətdə olarkən M-l 65.km Xızı rayonu Giləzi kəndi ərazisində quraşdırılmış elektron tərəzidə qeydə almmışdır. Yəni, artıq yükü ilk quraşdırılan tərəzi deyil, təxminən 50-60 km sonra quraşdırılmış 2-ci tərəzi qeydə almışdır ki, bu da məntiqlə ağılabatan deyildir. Eyni zamanda, yükləmə məntəqəsindən yükə dair verilmiş xx.xx.2025-ci il tarixli 94454 nömrəli Tərəzi Qəbzinə əsasən məlum olur ki, yükün çəkisi (Brutto,kq) 39200 kq olmuşdur ki, bu da idarə etdiyi ikisi dartıcı olmaqla, beş oxlu özü boşaldan nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətini, yəni 40000 kq limiti aşmamışdır. Belə ki, Azərbaycan Respublikası NK-nin 2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” qaydalarına əsasən, “nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi” Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır- (2 nömrəli cədvəl) yük avtomobilləri beşoxlu, ikioxlu dartıcı üçoxlu yarımqosqu ilə 40 ton. Şikayətin yuxarıda qeyd edilən faktiki hallarına və Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinin hüquq normalarına əsasən barəsində elektron qaydada tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 28279490 saylı inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Habelə, məhkəməinin diqqətinə çatdırır ki, barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən əvvəl və daha sonra qeyd edilən Azərbaycan Respublikası İXMnin maddələrinin, o, cümlədən İXM-nin 127-1.3 və 127-1.4-cü normalarının tələblərinə əməl edilməmişdir. Habelə onu da qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 127-1.3cü maddəsini tələbinə görə əgər onun idarə etdiyi avtomobilin yükü normadan artıq olsaydı, bu maddənin tələbinə görə yük bölünən olduğundan nəqliyyat vasitəsi saxlanıb, artıq yük boşaldılmalı idi. Lakin qeyd edir ki, xətanın baş verməsi ehtimal edilən tarixdə onun idarə etdiyi avtomobili hər-hansı post tərəfindən saxlanılmamış və artıq yükün boşaldılması halı baş verməmişdir. Hətta, o, səlahiyyətli şəxsə şikayətini bildirsə də, şikayətinə baxan olmamışdır. Bu faktda bir daha sübut edir ki, onun idarə etdiyi nəqliyyat vasitəsində yükün həcmi qanunda nəzərdə tutulmuş normadan artıq olmamışdır. Beləliklə müəyyən olunur ki, barəsində elektron qaydada tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28279490 saylı inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, yük götürdüyü yəni, "xxxx" MMC-də çıxarkən idarə etdiyi avtomobil çəkilmiş, habelə bu zaman avtomobilin çəkisinin 39200 kiloqram olması müəyyən olunmuş, həmçinin bu barədə ona qəbz təqdim edilmişdir. Beləliklə, idarəçiliyində olan avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Şabran rayon Gəndob kəndi ərazisində quraşdırılmış elektron tərəzidə avtomobilin çəkisinin normadan artıq olması müəyyən edilməmiş, lakin Xızı rayonu Giləzi kəndi ərazisində quraşdırılmış elektron tərəzidə avtomobilin çəkisinin normadan artıq olması müəyyən edilmiş və bu barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edir ki, idarə etdiyi avtomobildə çəki normadan artıq olmuş olsaydı, ilk olaraq Gəndob kəndi ərazisində quraşdırılmış xüsusi texniki vasitə bunun aşkar etmiş olardı. Bundan başqa onun yükü 5 nömrəli Yol İstismar MMC tərəfindən çəkilmiş, həmin tərəzi yoxlanışdan keçərək müvafiq şəhadətnaməyə malikdir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayətçinin izahatını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 31 may 2025-ci il tarixli, EQ seriyalı, 28279490 saylı qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə) göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 31 may 2025-ci il tarixli, EQ seriyalı, 28279490 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X2 31 may 2025-ci il tarixdə, saat 17:49-da “MAN TGX18.440 YÜK” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (çəki 43100 kq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC” yazıları olan möhürlə təsdiqlənmiş, 94454 nömrəli tərəzi qəbzindən görünür ki, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 31 may 2025-ci il tarixdə tara çəkisi 14280 kiloqram, netto çəkisi 24920 kiloqram olmaqla, burutto çəkisinin 39200 kiloqram olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiihnisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X3 “ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY0000531/24 saylı şəhadətnaməsinin surətindən görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “ X5 5 №-li Yol İstismarı” MMC-yə məxsus ESİT PWİ tipli ölçmə vasitəsinin son yoxlama tarixi 23 avqust 2024-cü il olmaqla, 23 avqust 2025-ci il tarixədək istifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materiallarını və yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas götürərək qeyd edir ki, işin araşdırılan hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 31 may 2025-ci il tarixdə yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Xızı rayonu, Giləzi kəndi istiqamətində daşıdığı yükün 5 oxlu yük avtomaşınları üçün nəzərdə tutulmuş 40000 kq çəkidən artıq, yəni 43100 kq olması müəyyən edilməklə barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Şikayət verən şəxs məhkəməyə tərəzi qəbzi və həmin tərəzinin dövlət qeydiyyatından keçirilərək müvafiq şəhadətnamə almasına dair sənəd təqdim etmişdir. Həmin tərəzi məlumatlarına əsasən onun yükünün çəkisi 39200 kq olmuşdur. Belə olan halda dövlət qeydiyyatına alınaraq müvafiq şəhadətnaməyə malik iki tərəzi arasında yükün çəkilməsi ilə bağlı ziddiyət (43100 kq və 39200 kq) yaranmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi qeyd olunan ziddiyəti araşdırmadan X1 inzibati tənbeh edilməsi qənaətinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 31 may 2025-ci il tarixli, EQ seriyalı, 28279490 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə) göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 31 may 2025-ci il tarixli, EQ seriyalı, 28279490 qərar ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə) göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-392/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-392/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver