Məhkəmə qərarları › İş №3(059)-4/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-4/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-4/2023 25.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə xx xxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan vəzifəli şəxs Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı̇ m: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 05 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli, inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərmişdir. Tərtib edilmiş həmin protokoldan görünür ki, 08 dekabr 2022-ci il tarixdə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “SM Telecom” obyektinin fasadında buna müvafiq icazə olmadan Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X3 protokolda göstərilənlərə uyğun izahat verərək eyni zamanda göstərdi ki, 08 dekabr 2022ci il tarixdə idarənin əməkdaşları tərəfindən Siyəzən şəhərinin H.Əliyev küçəsində “SM Telecom” adlanan obyektin fasadında icazəsiz reklam yayımı faktı aşkar edilmişdir. Elə həmin gün obyektin sahibi Şəxs “Reklam haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin pozulmasına dair icrası məcburi olan 000595 nömrəli göstəriş göndərilmiş və bu göstərişə açıq məkanda mövcud qanunvericiliyin tələblərinə uyğun olmayan reklam yayımı hallarının müəyyən edilməsi haqqında eyni tarixli akt əlavə olunmuşdur. Sözügedən sənədlərin poçt tərəfindən 14 dekabr 2022-ci il tarixdə Şəxs təqdim edilməsinə baxmayaraq, o, reklam yayımını dayandırmamış, həmçinin iş üzrə idarəyə yazılı və ya şifahi izahat verməmiş, habelə göstərişin tələblərini yerinə yetirməmişdir. Göstərişdə Şəxs Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 3.5.1-ci yarımbəndinə əsasən ona təqdim olunan müvafiq aktda qeyd edilmiş qanunvericilik pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb olunmuş, əks halda, həmin qaydanın 3.5.2-ci yarımbəndinə əsasən ona təqdim edilən icrası məcburi olan göstərişdə qeyd edilən tələb vaxtında yerinə yetirilmədikdə, tərəflərindən qanunsuz reklam yayılmasının dayandırılması üçün zəruri tədbirlər görüləcəyi və bu qaydanın 3.7-ci bəndinə uyğun olaraq barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi qeyd edilmişdir. Müvafiq sənədlər Şəxs təqdim edildikdən sonra göstərişin icrası ilə əlaqədar 5 gün gözlənilmiş, nəhayət 05 yanvar 2023-cü il tarixdə inzibati xəta törətmiş şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, Şəxs reklam yayımlanması üçün müvafiq icazə almasa da, qeydiyyata durması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Bundan sonra, texniki parametrlər müəyyənləşdirilmiş, habelə Şəxs 3 kv.m üçün illik müvafiq dövlət rüsumunun ödənilməsi təklif olunmuşdur. Məhz müvafiq dövlət rüsumu ödənildikdən sonra elektron sistem tərəfindən avtomatik icazə sənədi çıxarılır. Əgər Şəxs dövlət rüsumu ödəsə idi, sonuncunun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi mümkünsüz olardı. Odur ki, göstərilənlərin nəzərə alınmasını və inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzr icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, habelə inzibati xəta haqqında işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan "Açıq məkanda mövcud qanunvericiliyin tələblərinə uyğun olmayan reklam yayımı hallarının müəyyən edilməsi haqqında” 08 dekabr 2022-ci il tarixli, 000595 nömrəli aktdan görünür ki, Şəxs tərəfindən Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən “SM Telecom” obyektinin fasadında "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinin və “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.1-ci maddəsinin tələbləri pozulmaqla, açıq məkanda icazəsiz reklam yerləşdirilməsi halı müəyyən edilmişdir. İşdə olan 08 dekabr 2022-ci il tarixli 000595 nömrəli göstərişdən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” nın (bundan sonra Qayda) 3.5.1-ci yarımbəndinə əsasən təqdim olunan Aktda qeyd olunan qanunvericilik pozuntularının (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) 5 gün ərzinə aradan qaldırılması tələb olunmuş, əks halda, Qaydanın 3.5.2-ci yarımbəndinə əsasən ona, icrası məcbur olan göstərişdə qeyd olunan tələb vaxtında yerinə yetirilmədikdə, tərəflərindən qanunsuz reklam yayılmasının dayandırılması üçün zəruri tədbirlər görüləcəyi və həmin Qaydanın 3.7 bəndinə uyğun olaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı izah edilmişdir. İşdə olan İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyata alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs - Şəxs buna müvafiq icazə olmadan Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “SM Telecom” obyektinin fasadında reklam yerləşdirməklə, yayımlamış, bununla da "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 17, 25, 40.0.1, 43, 48-51, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar