Məhkəmə qərarları › İş №3(059)-40/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-40/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-40/2023 03.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə 01 avqust 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan vəzifəli şəxs Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 27 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərmişdir. Tərtib edilmiş həmin protokoldan görünür ki, 15 fevral 2023-cü il tarixdə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Ləziz Dönər” obyektinin fasadında buna müvafiq icazə olmadan Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə protokolu müdafiə etməyərək izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş etirazda, sonuncunun “Ləziz Dönər” obyektinə heç bir aidiyyəti olmadığı qeyd edilmişdir. Bununla bağlı tərəflərindən vergi orqanına rəsmi sorğu göndərilmiş, lakin, hazırki vaxta kimi cavab ala bilməsələr də, yerli vergi orqanın əməkdaşı ilə telefon danışığı zamanı, həmin obyektin hal-hazırda Şəxs adına olmaması məlumu olmuşdur. Halbuki, 2019-cu ilin arxiv materiallarına baxarkən, həmin obyektin Şəxs adına olması aşkar olunmuşdur. Bununla yanaşı, 27 fevral 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin həqiqətən həmin obyektin reklam subyekti olmasını sübut edə bilmirlər. Ona görə də, işdə əsaslı şübhələr olduğundan, subyektin müəyyən edilə bilməməsi əsasları ilə icraata xitam verilməsinə etiraz etmirlər, həmçinin bu barədə qəbul ediləcək qərardan apellyasiya şikayəti verməyəcəklər. Hətta, vergi orqanından müvafiq təsdiqedici məktubu alsalar belə, məhkəmənin yekun qərarından yuxarı instansiya məhkəməsinə şikayət verməyəcəklər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, habelə inzibati xəta haqqında işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Bununla belə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilərək Siyəzən Rayon Məhkəməsinə göndərilmiş 27 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tam qanunsuz və əsassızdır. Belə ki, Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Ləziz Dönər” obyekti ona məxsus olmamaqla, həmin obyekti nə icarə müqaviləsi əsasında işlətmir, nə də özü orada işləmir. Halbuki, sözügedən obyektin sahibi Siyəzən şəhərinin Şəhriyar küçəsində yaşayan X2r və həmin obyekt sonuncuya məxsus olmaqla, onun istifadəsindədir. Beləliklə, o, onun tərəfindən törədilməsi istinad edilən inzibati xəta əməlini törətməmişdir. Bu səbəbdən də, o, həmin inzibati xəta əməlinin subyekti ola bilməz və subyekti deyildir. Eyni zamanda, onun inzibati xəta materiallarında heç bir yerdə izahatı yoxdur və belə bir izahatın ondan alınmasına cəhd belə göstərilməmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan "Açıq məkanda mövcud qanunvericiliyin tələblərinə uyğun olmayan reklam yayımı hallarının müəyyən edilməsi haqqında” 15 fevral 2023-cü il tarixli, 000605 nömrəli aktın surətindən görünür ki, Şəxs tərəfindən Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən “Ləziz Dönər” obyektində "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinin və “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.1-ci maddəsinin tələbləri pozulmaqla, açıq məkanda icazəsiz reklam yerləşdirilməsi halı müəyyən edilmişdir. İşdə olan 15 fevral 2023-cü il tarixli 000605 nömrəli göstərişin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” nın (bundan sonra Qayda) 3.5.1-ci yarımbəndinə əsasən təqdim olunan Aktda qeyd olunan qanunvericilik pozuntularının (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) 5 gün ərzinə aradan qaldırılması tələb olunmuş, əks halda, Qaydanın 3.5.2-ci yarımbəndinə əsasən ona, icrası məcbur olan göstərişdə qeyd olunan tələb vaxtında yerinə yetirilmədikdə, tərəflərindən qanunsuz reklam yayılmasının dayandırılması üçün zəruri tədbirlər görüləcəyi və həmin Qaydanın 3.7 bəndinə uyğun olaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı izah edilmişdir. İşdə olan İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatları haqqında, eləcə də Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışlardan görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyata alınmış, həmçinin avtomobil, dəmir yolu, su və hava nəqliyyatı vasitələri ilə daşımaların təşkili onun fəaliyyət istiqamətini təşkil edir. Məhkəmə, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi avtomobil, dəmir yolu, su və hava nəqliyyatı vasitələri ilə daşımaların təşkili ilə məşğul olsa da, onun dönər satışını həyata keçirməsi barədə xüsusi icazəyə malik olması halı, o cümlədən “Ləziz Dönər” obyekti ilə hüquqi bağlılığı müəyyən edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməlin Şəxs tərəfindən törədilməsi ehtimal edilsə də, inzibati araşdırma zamanı toplanmış materiallardakı sənədlərdə olan imzaların viziual baxışla sonuncunun özü tərəfindən şəxsən imzalanmış sənədlərdəki imzalarla eyniyyət təşkil etmədiyi aşkar edilmişdir. Hətta, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuş şikayət ərizəsinə əlavə edilmiş 13 mart 2023-cü il tarixli, 955 nömrəli satış çekində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində fəaliyyət göstərən dönərxana obyektinin sahibinin X1 (VÖEN **********) olması təsbit edilmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə etməyərək, tərəflərindən vergi orqanına rəsmi sorğu göndərildiyini, lakin, hazırki vaxta kimi cavab ala bilməsələr də, yerli vergi orqanın əməkdaşı ilə telefon danışığı zamanı, həmin obyektin hal-hazırda Şəxs adına olmaması məlumu olduğunu, 27 fevral 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin həqiqətən həmin obyektin reklam subyekti olmasını sübut edə bilmədiklərini, ona görə də, işdə əsaslı şübhələr olduğundan, subyektin müəyyən edilə bilməməsi əsasları ilə icraata xitam verilməsinə etiraz etmədiklərini, həmçinin bu barədə qəbul ediləcək qərardan apellyasiya şikayəti verməyəcəklərini göstərmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Belə ki, inzibati xəta hadisəsi şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Qanunvericilik eyni zamanda, xəta hadisəsinin subyektini də dəqiq müəyyən etmişdir ki, bu da inzibati xəta nəticəsində baş vermiş qanun pozuntusunun tənbehsiz qalmamasını şərtləndirir. Yuxarıda qeyd edilənlərin təhlilindən aydın olur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti kimi qəbul etmişdir. Belə ki, iş üzrə aparılmış araşdırmalar nəticəsində Şəxs “Ləziz Dönər” obyekti ilə hər hansı bir formada hüquqi bağlılığı müəyyən edilməmişdir. Bu hal isə, Şəxs “Ləziz Dönər” obyektinin sahibi tərəfindən törədilmiş inzibati xəta əməlinə aidiyyətinin olmasını bilavasitə istisna edir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs 15 fevral 2023-cü il tarixdə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Ləziz Dönər” obyektinin fasadında buna müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi ilə əlaqədar İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsinə aidiyyəti olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar