Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-415/2025 29.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən barəsində tərtib edilmiş 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı inzibati xəta haqqında protokolun və idarə tərəfindən qəbul edilmiş eyni tarixli və saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında “MAN TGX 18.440 YÜK” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. Təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada qablaşdırılmalıdır. Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olmasını bilir. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə cərimələrdən də xəbəri var. Ona görə də normativlərə uyğun yük daşıyır. xx.xx.2025-ci il tarixdə Bakı istiqamətinə yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsi ilə qırmadaş apararkən idarə etdiyi avtomobilin çəkisi 39,820 ton olmuş, habelə bu barədə ona 95389 saylı, xx.xx.2025-ci il tarixli tərəzi qəbzi təqdim edilmişdir. Lakin Xızı rayonu, Giləzi kəndində DİN BDYPİ X5 ilə düşən radara əsasən idarə etdiyi avtomobilin çəkisi 43100 ton çəki qeyd olunmuş və Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı protokol tərtib edilmişdir. Yuxarıda qeyd olunan DİN BDYPİ X3 çəkilişinin hansısa səbəbdən yanlış qeyd olunmasını nəzərə alıb, protokolun ləğv edilməsi və adına yazılmış cərimənin silinməsi barədə sərəncam verilməsini Azərbaycan Respublikası RİNN-nin tabeliyində AYNA-dən xahiş etmiş, habelə xx.xx.2025-ci il tarixli 3-27/103/2-Ş-9830/1- 28/2025/13695 saylı cavab məktubu ilə ona, elektron tərəzilər müvafiq qaydada yoxlanılması və “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə” alınması bildirilmişdir. Ona tətbiq olunan inzibati xətanın əsassız olması və idarə etdiyi nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətinə münasibətdə nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşılmaması Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə müəyyən olunur. Odur ki, şikayət təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, yük götürdüyü yerdə idarə etdiyi avtomobil çəkilərkən 39820 kiloqram olmuş, həmçinin, həmin yerdə quraşdırılmış tərəzinin müvafiq şəhadətnaməsi vardır. Bundan başqa, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol xətanın baş verdiyi iddia edilən tarixdən bir gün sonra mesaj vasitəsi ilə mobil telefonuna göndərildiyi üçün, DİN-nin 102 xidmətinə zəng vurub, bu barədə məlumat verə bilməmişdir. Bundan başqa, Siyəzən rayonunda yaşadığı üçün hazırki şikayətinə yaşadığı rayonun məhkəməsində baxılması ilə ərizə tərtib etmişdir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayətçinin izahatını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə) göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X2 29 iyun 2025-ci il tarixdə, saat 21:08-də “MAN TGX18.440 YÜK” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını bir il ərzində təkrar pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 1200 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 95389 nömrəli tərəzi qəbzindən görünür ki, **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 29 iyun 2025-ci il tarixdə tara çəkisi 13320 kiloqram, netto çəkisi 26500 kiloqram olmaqla, burutto çəkisinin 39820 kiloqram olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiihnisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X6 “ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY0000531/24 saylı şəhadətnaməsinin surətindən görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “ X7 5 №-li Yol İstismarı” MMC-yə məxsus ESİT PWİ tipli ölçmə vasitəsinin son yoxlama tarixi 23 avqust 2024-cü il olmaqla, 23 avqust 2025-ci il tarixədək istifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materiallarını və yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas götürərək qeyd edir ki, işin araşdırılan hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 29 iyun 2025-ci il tarixdə yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Xızı rayonu, Giləzi kəndi istiqamətində daşıdığı yükün 5 oxlu yük avtomaşınları üçün nəzərdə tutulmuş 40000 kq çəkidən artıq, yəni 43100 kq olması müəyyən edilməklə barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Şikayət verən şəxs məhkəməyə tərəzi qəbzi və həmin tərəzinin dövlət qeydiyyatından keçirilərək müvafiq şəhadətnamə almasına dair sənəd təqdim etmişdir. Həmin tərəzi məlumatlarına əsasən onun yükünün çəkisi 39820 kq olmuşdur. Belə olan halda dövlət qeydiyyatına alınaraq müvafiq şəhadətnaməyə malik iki tərəzi arasında yükün çəkilməsi ilə bağlı ziddiyət (43100 kq və 39820 kq) yaranmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi qeyd olunan ziddiyəti araşdırmadan X1 inzibati tənbeh edilməsi qənaətinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə) göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 qərar ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə) göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-415/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-415/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver