Məhkəmə qərarları › İş №3(059)-416/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-416/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-416/2025 24.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs 24 iyul 2025-ci il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində ucadan nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 24 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 24 iyul 2025-ci il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində ucadan nalayiq söyüşlər söymüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 24 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 3(059)-416/2025 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-416/2025 və 3(059)- 417/2025 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-416/2025 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 24 iyul 2025-ci il tarixdə Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Fəqan Babayev raportla şöbə rəisinə məruzə edərək, raportunda qeyd etmişdir ki, həmin tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində xidməti olduğu zaman “Nissan X-Trail” markalı, **-ER- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərnişin daşıma qaydalarını pozduğuna görə tərəfindən saxlanılmış, bu zaman sürücüyə, azyaşlı uşağın avtomobilin qabaq oturacağında əyləşdiyini bildirib, törətdiyi inzibati xəta ilə bağlı barəsində protokol tərtib ediləcəyini söyləmişdir. Lakin, sürücü barəsində protokol tərtib edilməməsini istəməməklə yanaşı, qanuni tələblərinə tabesizlik göstərək, nalayiq ifadələr işlətmiş, protokolun azyaşlı oğluna görə tərtib ediləcəyini qeyd edib, oğlunun “cinsi orqanına kimi” söyləmişdir. X7 İsgəndərovdan qanunun tələblərinə riayət etməsini istəsə də, sonuncu bu tələblərə əməl etməyərək, avtomobilinə əyləşib, oradan uzaqlaşmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 24 iyul 2025-ci il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində idarəçiliyində olan “Nissan X-Trail” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə hərəkətdə olarkən, azyaşlı övladı avtomobilin qabaq oturacağında, digər ailə üzvləri isə avtomobilin arxa oturacağında əyləşmişlər. Bu zaman YPX-i avtomobilinin “miqalkaları” yandırdığını görmüş və idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq, avtomobildən enmiş və YPX-i əməkdaşına yaxınlaşarkən, sonuncu sərnişin daşıma qaydalarını pozduğuna görə saxlanıldığını bildirib, barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini söyləmişdir. Həmin vaxt, YPX-nin əməkdaşına administrator işlədiyi iaşə obyekti barədə məlumat vermiş, habelə həmin obyektdə bütün polis əməkdaşlarına xidmət göstərdiyi, hadisədən bir neçə gün öncə yəni, polis işçilərinin peşə bayramı günündə rayon Polis Şöbəsinin DYPB-nin rəisinin istəyi ilə şöbəyə samovar və ofisiant göndərdiyini qeyd etmiş, cərimə yazmamasını istəməmişdir. Bununla belə, YPX-nin əməkdaşı protokol yazacağını qeyd edərkən, o, protokolun azyaşlı oğluna görə yazıldığını bildirərək, “oğlunun bir tükünə qurban olsun” söyləmiş, protokolun yazılmasını istəyərək, cəriməsini ödəyəcəyini qeyd etmişdir. Bundan sonra, azyaşlı övladı ağladığı üçün avtomobilinə əyləşərək, oradan uzaqlaşsa da, polis işçisinın qanuni tələblərinə tabesizlik göstərməmiş, rayon Polis Şöbəsinə dəvət edilməmiş, ictimai qaydanı pozmamışdır. Qeyd edir ki, hazırki vaxta kimi polis əməkdaşları ilə arasında hər-hansı münaqişə olmamış, daim dövlətinə xidmət göstərmiş, dövlətinin xidmətində olan şəxslərə hörmətlə yanaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X3 izahatında göstərdi ki, 24 iyul 2025-ci il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində xidmətdə olarkən “Nissan X- Trail” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sərnişin daşıma qaydalarını pozduğuna görə tərəfindən saxlanılmışdır. Bu zaman sürücüyə yaxınlaşaraq, özünü təqdim etmiş və birincidən sənədlərini təqdim etməsini istəmişdir. Həmin vaxt sürücü, aqressiv şəkildə qaydanı yaxşı edib pozduğunu bildirmiş, habelə hamının onu tanıdığını və hörmət etdiyini söyləmişdir. O, sürücünü nizam intizama dəvət edib, rayon Polis Şöbəsinə aparmaq istəyərkən, sonuncu avtomobilinə əyləşmiş və oradan uzaqlaşmışdır. Bundan başqa, xidməti avtomobildə videokamera olsa da, görüntüləri təxminən 3-4 gün sonra əldə etmək mümkün olduğundan məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, həmçinin şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsində təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, İXM-nin 510-cu maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Eyni zamanda, İXM-nin 535.1-ci maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında protokolları tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokollar və dindirilməsi üçün şahid təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollardan da göründüyü kimi həmin protokollar barəsində inzibati iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, o, həmin protokollarla razılaşmamışdır. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilməmiş, o polis əməkdaşına tabesizlik göstərmədiyini, rayon Polis Şöbəsinə dəvət edilmədiyini, həmçinin DYPB-nin YPX-nin inspektoru tərəfindən saxlanılarkən hər hansı nəlayiq ifadə işlətmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs barəsində inzibati iş üzrə icraat aparılan şəxsin ona qarşı nəlayiq ifadə işlətdiyini bildirsə də, nalayiq ifadənin nədən ibarət olduğu, şəxsin polisin qanuni tələblərinə hansı formada tabesizlik göstərilməsi ilə əsaslı bir cavab verməmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxsin vəsatəti üzrə məhkəmə tərəfindən polis maşınlarında müşahidə kameralarının görüntüsünün təqdim edilməsi təklif edilsə də, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən belə bir görüntünün hazırda təqdim edilə bilməyəcəyi, yalnız 3-4 gün sonra təqdim edilə biləcəyi qeyd edilmişdir. Məhkəmə şahid Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X1 izahatına tənqidi yanaşaraq qeyd edir ki, şahid polis əməkdaşı olmaqla onun verdiyi izahat inzibati xəta haqqında protokollarda qeyd edilən inzibati xətaları təsdiqləməyə yönəlmişdir, polis əməkdaşlarının bir-birini müdafiə etməsi xarakteri daşıyır və həmin izahatda iş üçün mötəbər sübut kimi qəbul ediləcək hər hansı xüsusat əks etdirilməmişdir. Bundan başqa işin araşdırılan hallarından müəyyən edilir ki, Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X3 tərəfindən 24 iyul 2025-ci il tarixdə tərtib edilmiş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Şəxs İXMin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nə təqdim edilən sənədlərdən, nə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından, Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn və ya polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama hərəkətlər etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə , Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn və ya polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama hərəkətləri etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə , Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəlləni 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar