Məhkəmə qərarları › İş №3(059)-43/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-43/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-43/2024 15.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərərçəkmiş şəxs1, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X6 iştirakları ilə 27 avqust 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə ali təhsilli, işləməyən, Siyəzən şəhərinin Fizuli küçəsindəki 39 saylı evdə qeydiyyatda olmaqla, şəhərin Vidadi küçəsində yerləşən 45 saylı evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X11 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs Siyəzən Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(059)-312/2014 saylı, 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı və 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı icra sənədlərinin icrasını qərəzli olaraq təmin etməməsi ilə əlaqədar inzibati tənbeh edilməsinə baxmayaraq, bu barədə qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərini təkrar icra etməmişdir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X11 tərəfindən 15 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya rəisi X11 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs Siyəzən Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(059)-312/2014 saylı, 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı və 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı icra sənədlərinin icrasını qərəzli olaraq təmin etməməsi ilə əlaqədar inzibati tənbeh edilməsinə baxmayaraq, bu barədə qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərini təkrar icra etmədiyinə görə barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Belə ki, 22 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə Şəxs üzərinə təkzib məktubu yazmaqla, Zərərçəkmiş şəxs3 üzr istənilməsi vəzifəsi qoyulmuş və ondan 250 manat pulun alınaraq Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. Həmçinin, 19 may 2014-cü il tarixli icra sənədi üzrə qalıq 3943 ABŞ dolları məbləğində pul alınaraq “FİNCA” MMQBKT-nin xeyrinə ödənilməli olsa da, o, icra sənədlərini icra etməkdən boyun qaçırmışdır. Bundan başqa, 02 iyun 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs1 olan 8221,40 manat və 320 ABŞ dolları borcundan heç bir ödəniş etməmiş və bu borcları ödəməkdən qəti şəkildə imtina edir. Eyni zamanda, Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, borclarını ödəməkdən qərəzli şəkildə yayınmışdır. Həmçinin, Şəxs Siyəzən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 gün inzibati həbs edilməsinə baxmayaraq, bu qərarın qanuni qüvvəsini almasından 1 il ərzində heç bir ödəniş etməmiş, habelə sonuncu ödəniş etməməsinin səbəbini məhkəməyə müraciət etməsi ilə izah etmişdir. Bundan əlavə, Şəxs tələbkarlar ilə də heç bir danışıqlar aparmamış, onlardan ödəniş üçün vaxt istəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs3 ilə bağlı mülki işi üzrə apellyasiya şikayəti versə də, şikayəti təmin olunmamışdır. Eyni zamanda, ona 10 gün şikayət müddəti verilsə də, o, bu müddəti ötürməmiş, qərarı aldığı gün şikayət vermiş, lakin şikayəti geri qaytarılmışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına əsasən "FİNCA Azerbaijan" MMQBKT-dən 3759 kompensasiya aldığından ödənişləri etmir. Belə ki, əgər onun "FİNCA Azerbaijan" MMQBKT-yə borcu qalmış idisə bank tərəfindən ona qeyd edilən məbləğdə kompensasiya qaytarılmazdı. Həmçinin, həmin bank bundan 3 il müddət keçdikdən sonra, məhkəməyə müraciət etmişdir. Eyni zamanda, bu borc hazırda ona zamin olan şəxsdən tutulmaqdadır və o, ödənişləri həmin şəxsə edir. Bundan başqa o, 15 fevral 2024-cü il tarixdə, saat 14:00 radələrində kafedə çay içərkən Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası adından çıxarılan qətnamələrin icrası məcburi olduğundan o, ailə vəziyyətinin yaxşı olmaması, himayəsində azyaşlı uşaqlarının olması, iş yerinin olmaması nəzərə alınaraq, ona möhlət verilməsi ilə bağlı məhkəməyə rəsmi qaydada müraciət etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, borclu Şəxs hazırda ona 8765 manat borcu var. Bundan əlavə, borclular Şəxs və qardaşı Kamil Sədrəddinovun kifayət qədər maddi imkanlarının olmasına baxmayaraq, onlar ona olan borclarını ödəmirlər. Belə ki, onda olan məlumata görə Şəxs ona satılmalı olan obyekti hazırda başqa bir şəxsə 39500 manata satmışdır. Eyni zamanda, Şəxs və qardaşı Kamil Sədrəddinov “Bənövşə” adlı kafeni icarəyə verib oradan aylıq gəlir əldə etməklə, yanaşı avtoyuma məntəqəsi də, işlədərək gündəlik qazanc əldə edirlər. Bundan əlavə, o, “Facebook” sosial şəbəkəsində olan “Siyəzən Azərbaycan” səhifəsində ona satılmalı olan obyektin satışa çıxarılmasını görüb bu obyektin ona məxsus olmasını qeyd etdikdə, Şəxs və qardaşı Kamil Sədrəddinov ona qarşı nalayiq ifadələr işlədərək, pul qəti şəkildə verməyəcəklərini bildirmişlər. Bununla yanaşı, borcluların qohumu da onunla əlaqə saxlamış, ona qarşı nalayiq təhqiramiz ifadələr işlətmişdir. Odur ki, ona olan borcunu ödəmədiyinə görə İXM-nin müvafiq maddəsi ilə Şəxs barəsində ən ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Digər zərərçəkmiş şəxslər "xxxx" MMM QBKT-ya və Zərərçəkmiş şəxs3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən yuxarıda qeyd edilən zərərçəkmiş şəxslərin, o cümlədən nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(059)-312/2014 saylı, 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı və 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, həmçinin SMS çağırışlar göndərilmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(059)-312/2014 saylı icra sənədinə əsasən icra vaxtı manata olan məzənnə ilə cəmi 7915,37 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu borclular Şəxs, X2 və X1 müştərək qaydada alınaraq, "FİNCA Azerbaijan" X8 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrasının təmini məqsədi ilə bu məhkəmənin 15 fevral 2023-cü tarixli, 8(059)-2/2023 saylı qərardadı ilə Şəxs mülkiyyətində olan “Daewoo Espero” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı, KLAJF19W1WB235809 ban nömrəli minik avtomobilinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Siyəzən rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİ-yə tapşırılmış, lakin, tələbin yönəldilməsi məqsədilə avtomobilin aidiyyəti üzrə təhvil verilməsi müəyyən edilməmişdir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul tutulmalı, həmçinin borclular Şəxs və X4 müştərək qaydada tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı tutularaq ödənilməlidir. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı icra sənədi üzrə borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs3 barəsində Azərbaycan Respublikasının Daxili İşlər nazirinə ünvanlanmış və müvafiq Nazirliyin Katibliyində 15 mart 2022-ci il tarixdə, 001-13122/51 nömrə ilə qeydiyyata alınmış elektron müraciətdə öz əksini tapmış sözlər, söz birləşmələri və ifadələr şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya alçaldan məlumatlar kimi həmin məlumatların yayılması üsuluna uyğun, eyni qaydada Azərbaycan Respublikasının Daxili İşlər nazirinə təkzib məktubu yazılmaqla, Zərərçəkmiş şəxs3 üzr istənilməsi vəzifəsi borclu Şəxs üzərinə qoyulmuşdur. Həmçinin, bu icra sənədi üzrə mənəvi zərərin əvəzi olaraq 250 manat borclu Şəxs tutularaq, tələbkar Zərərçəkmiş şəxs3 xeyrinə, aparılmış məhkəmə-linqvistik ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat borclular X3 və Şəxs müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilən icra sənədləri 13 fevral 2023-cü il tarixli qərarla bir icraatda birləşdirilmiş, habelə Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 8(059)-3/2023 saylı qərardadı ilə bu məhkəmənin 22 sentyabr 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmışdır. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)- 63/2021 saylı icra sənədinin icrası ilə əlaqədar 31 yanvar 2024-cü il tarixdə borclu Şəxs barədə axtarış elan edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 3(059)-46/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunmuşdur. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, borclu Şəxs həmin tarixdə şöbədə olarkən ona izahat yazmaq təklif olunsa da, o, bundan imtina etmişdir. İşdə olan Zərərçəkmiş şəxs1 tərəfindən 15 fevral 2024-cü il tarixdə tərtib edilməklə, Siyəzən Rayon Məhkəməsinə, eləcə də rayon icra və probasiya şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədi üzrə borclular Şəxs və Kamil Sədrəddinov icra sənədində qeyd olunan məbləğdə pulu olduğu halda qəsdən heç bir ödəniş etməmiş, bu səbəbdən də bununla bağlı ciddi tədbir görülməsini xahiş etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 16 dekabr 2008-ci il təvəllüdlü Namidan və 29 iyun 2010-cu il təvəllüdlü Xuraman adında uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə borcun miqdarının kifayət qədər olmasını, ötən müddət ərzində ümumiyyətlə, həmçinin lazımınca ödənişlərin olmamasını, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, eləcə də icradan qaçaraq, yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olması kimi məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 15 fevral 2024-cü il tarixdə, saat 14.00-da faktiki saxlanması və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 15 fevral 2024-cü il tarixdən saat 14:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar