Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-439/2025 19.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, 10 avqust 1961-ci il tarixdə Kəlbəcər rayonunun Laçın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, “Asko LTD” şirkətində sex rəisi vəzifəsində işləyən, Kəlbəcər rayonunun Laçın kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Yeni Masazır qəsəbəsi, X2 küçəsi, ev 70 ünvanında yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.1.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsindən daxil olmuş 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 10 iyul 2025-ci il tarixdə, saat 11:37 radələrində Siyəzən rayonunun Beşdam kəndində yerləşən “Asko” LTD-yə məxsus qum-çınqıl karxana sexində icazə sənədi olmadan Ataçay çayının məcrası dəyişdirilərək nasos qurğusu ilə su götürülmüş, bununla da, vəzifəli şəxs Şəxs tərəfindən su obyektlərindən istifadə qaydaları pozulmuş, yəni özbaşına tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs özünü İXM-nin 262.1.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, “Asko” LTD şirkətinə məxsus Siyəzən rayonunun Beşdam kəndində yerləşən qum-çınqıl karxana sexinin rəisi vəzifəsində işləməklə, tabeçiliyində 5 nəfər işçi mövcuddur. Belə ki, əvvəllər icazə sənədi əsasında Ataçay çayının Siyəzən rayonunun Beşdam kəndi ərazisindən keçən hissəsindən sexin fəaliyyəti üçün su götürülsə də, təxminən 2-3 ay olar həmin sənədin müddəti bitmişdir. Beləliklə, 10 iyul 2025-ci il tarixdə, saat 11:37 radələrində 13 saylı Quba-Xaçmaz Regional bölməsinin əməkdaşları tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı sözügedən çayın məcrasına müdaxilə edilməklə süni yolla dəyişdirildiyi, çayın suyunun torpaq məcralı arx vasitəsi ilə əvvəlcə süni yaradılmış su hövzəsinə, oradan isə nasos qurğusu vasitəsi ilə diametri 100 mm olan plastik boru ilə sexin ərazisində yerləşən xammalın, yəni, qum və çınqılın yuyulma hissəsinə ötürüldüyü aşkar edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm.İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Həmçinin, iş materiallarını araşdıraraq hesab edirəm ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsinin 10 iyul 2025-ci il tarixli, 002602 nömrəli aktının, Şəxs izahatının surətlərindən və fotoşəkillərdən görünür ki, həmin tarixdə, saat 11:37 radələrində keçirilmiş nəzarət tədbirləri zamanı Ataçay çayının Siyəzən rayonunun Beşdam kəndi ərazisindən keçən hissəsində qum-çınqıl karxana sexinin fəaliyyət göstərdiyi, sözügedən çayın məcrasına müdaxilə edilməklə süni yolla dəyişdirildiyi, çayın suyunun torpaq məcralı arx vasitəsi ilə əvvəlcə süni yaradılmış su hövzəsinə, oradan isə nasos qurğusu vasitəsi ilə diametri 100 mm olan plastik boru ilə sexin ərazisində yerləşən xammalın, yəni, qum və çınqılın yuyulma hissəsinə ötürüldüyü aşkar edilmişdir. Araşdırma zamanı, “Asko LTD” şirkətinə məxsus sözügedən sexin rəisi Şəxs izahatı alınmış, habelə sonuncu bildirmişdir ki, əvvəllər sexin fəaliyyəti ilə bağlı Ataçay çayından istifadəyə dair icazə sənədi mövcud olsa da, həmin sənədin qüvvədə olma müddəti başa çatmış, habelə hazırda bu çaydan istifadə ilə bağlı icazə sənədləri mövcud deyildir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş şəxs barədə məlumatlardan görünür ki, Şəxs “Asko LTD” şirkətində sex rəisi vəzifəsində çalışır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsinin əməkdaşları tərəfindən 10 iyul 2025-ci il tarixdə keçirilmiş nəzarət tədbirləri zamanı Siyəzən rayonunun Beşdam kəndində yerləşən “Asko” LTD-yə məxsus qum-çınqıl karxana sexində icazə sənədi olmadan Ataçay çayının məcrası dəyişdirilərək nasos qurğusu ilə su götürülmüş, bununla da, su obyektlərindən istifadə qaydaları pozulmuş, yəni özbaşına tutulmuş, nəticədə vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 1-ci maddəsinin İİ və İV bəndlərinə əsasən su obyekti relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur, su obyektinin istifadəçisi isə su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxslərdir. Bu Məcəllənin 38-ci maddəsinə əsasən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Sözügedən Məcəllənin 40-cı maddəsinin İ bəndinə əsasən su obyektlərindən istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda, su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə, su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə, su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda, sudan istifadə limitlərinə əməl etmədikdə, su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə, su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə, su ehtiyatlarından israfçılıqla istifadə etdikdə, sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda, hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə, su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə, su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda, sudan təyinatı üzrə istifadə etmədikdə, su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda, kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə, sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə, lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda, su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə, su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə, xüsusi qorunan su obyektlərinin rejimini pozduqda, su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə, içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda, içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi, Şəxs fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni su obyektlərindən istifadə qaydalarının pozularaq özbaşına tutulması iş materialında olan akt, izahat, fotoşəkillər və işdə olan digər sənədlərlə də, müəyyən olunmuşdur. Beləliklə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-in 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 262.1.2-ci maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərinin özbaşına tutulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 17-ci maddəsinə və həmin maddənin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, Şəxs “Asko LTD” şirkətində sex rəisi vəzifəsində çalışır. Belə olan halda hesab edirəm ki, Şəxs protokolda göstərilən inzibati xətanın subyekti olaraq vəzifəli şəxs hesab olunmalı və ona vəzifəli şəxslər üçün nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sözügedən Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini səmimi etiraf etməsi, kifayət qədər yaşı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən vəzifəli şəxsin şəxsiyyətini, kifayət qədər yaşı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, əməlini səmimi etiraf etməsi kimi məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, onun su obyektlərindən istifadə hüququ olmadan bu obyektləri özbaşına tutmaqla, su qanunvericiliyinin tələblərini pozmasını, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 262.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 1500 (bir min beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-439/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-439/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver