Məhkəmə qərarları › İş №3(059)-442/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-442/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-442/2025 19.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, xx xxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 26 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 329.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində tərtib edilmiş İXP ******* saylı protokola müvafiq olaraq, inzibati tənbeh olunmasına dair 07 mart 2025-ci il tarixli, TP ******* saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından, o cümlədən “AsanPay” ödəniş portalının çıxarışından göründüyü kimi həmin şəxsin adına inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol məhkəməyə daxil olduğu vaxta, protokolda göstərilən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə minmiş, lakin İXP ******* saylı qaimə ödənilməklə, mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXP ******* saylı protokola müvafiq olaraq, inzibati tənbeh olunmasına dair 07 mart 2025-ci il tarixli, TP ******* saylı qərar üzrə cəriməsini tam olaraq ödədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar