Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-445/2025 05.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən şəhərinin Babək küçəsindəki 29 nömrəli evdə qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 19 may 2025-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən “Oba” marketin içərisində xırda xuliqanlıq etmiş, yəni, arvadı Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən 05 avqust 2025-ci il tarixdə, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 10 iyul 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında Şəxs barəsində 05 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Belə ki, Şəxs 19 may 2025-ci il tarixdə, saat 18:00 radələrində arvadı Zərərçəkmiş şəxs işlədiyi, Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən “Oba” marketə gedərək, orada xırda xuliqanlıq etmiş, yəni, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında bildirdi ki, o, 19 may 2025-ci il tarixdə, saat 18:00 radələrində işlədiyi Siyəzən şəhərinin Gənclik qəsəbəsi istiqamətində yerləşən istixanadan çıxaraq, arvadı Zərərçəkmiş şəxs çalışdığı şəhərin Heydər Əliyev prospektində yerləşən “Oba” marketə gəlmiş, habelə orada sonuncunun mağazanın içərisində olan vitrinlərə söykənərək mobil telefon vasitəsi ilə İkram adlı şəxs ilə mesajlaşmasını görmüşdür. Bundan sonra o, mobil telefonu Zərərçəkmiş şəxs əlindən almış və sonuncu qaçaraq mətbəxə keçmiş, o da, öz növbəsində arvadının arxası ilə mətbəxə getmiş, habelə Pərvanədən bu məsələyə aydınlıq gətirməsini istəmişdir. Daha sonra o, Pərvanənin ona xəyanət etməsini düşünərək əsəbiləşmiş və arvadının sağ üz nahiyəsinə ilk öncə sol əli ilə bir dəfə sillə vurmuş, sonra isə əlləri ilə boğazından sıxmışdır. Beləliklə o, Pərvanənin mobil telefonunda olan sms mətnlərini oxuduqdan sonra daha da, əsəbiləşmiş, habelə mətbəxdə, çanaqın içərisində olan məişət bıçağını götürüb sonuncunun sol qabırğasının alt nahiyəsinə dayamış, həmçinin arvadından uca səslə hadisənin təfərrüatını söyləməsini qeyd etmişdir. Buna görə də, həkim-ekspert tərəfindən Zərərçəkmiş şəxs bədəni üzərində üzün və boynun sıyrıqları, sol qabırğa altı nahiyəsinin səthi dəri yarası aşkar edilmişdir. Beləliklə, təxminən 10-15 dəqiqə davam edən mübahisə zamanı Zərərçəkmiş şəxs ona xəyanət etmədiyini, olanları yaşadıqları evdə izah edəcəyini bildirmişdir. Bundan sonra, səs-küyə ilk öncə marketin işçisi Mədinə adlı şəxs gəlmiş, habelə sonuncu onun əlində bıçaq olduğunu görüb marketin sabiq müdiri Orxan Əsədova məlumat vermişdir. Daha sonra, Orxan mətbəxə gəlmiş, o da, əlində olan bıçağı çanağın içərisinə qoyaraq, Pərvanəni evə aparmasını istəsə də, iş saatı bitmədiyi üçün sonuncunu aparmağına Orxan icazə verməmişdir. Beləliklə o, Orxanın, Pərvanəyə polisə məlumat verdiyini deməsini eşitdiyindən qorxmuş, habelə mətbəxdən çıxıb kirayə yaşadıqları Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmişdir. Bununla da, o, evdə olarkən DİN-nin 102 xidmətinə zəng edərək X2 onun arvadı Pərvanəni narahat etməsi və şantaj edərək pul tələb etməsi barədə məlumat vermişdir. Bundan sonra, polis əməkdaşları sözügedən evə daxil olaraq, onu Siyəzən RPŞ-yə aparmışlar. Belə ki, RPŞ-də olarkən onun, Pərvanənin və İkramın izahatı alınmış, habelə orada saxlanılmadan sərbəst buraxılmışdır. Bundan sonra o, yenidən kirayədə yaşadığı evə gəlmiş, habelə övladlarını götürərək Siyəzən şəhərinin Babək küçəsində yerləşən 29 nömrəli evinə, Pərvanə isə atası Fərman ilə sonuncunun yaşadığı evə getmişdir. Bundan əlavə o, 21 may 2025-ci il tarixdə, təxminən saat 22:00 radələrində qayınatası Fərmanın yaşadığı evə getmiş, habelə əsəbinin keçdiyini qeyd edərək Pərvanə ilə birlikdə öz yaşadığı evə qayıtmışdır. Belə ki, 22 may 2025-ci il tarixdə, səhər saatlarında yaşadıqları evdə olarkən Pərvanə, İkram adlı şəxsin ona zəng edərək, ərinin müvəqqəti saxlama yerində saxlanıldığından məlumatının olduğunu, danışıqları davam etməsə onu həbs etdirəcəyini, həmçinin Pərvanənin atası və qardaşına münasibətlərinin olduğunu bildirəcəyini qeyd edərək, onu şantaj etmişdir. Bundan sonra, İkramın arvadı, Pərvanəyə zəng edərək hansı səbəbdən əri ilə əlaqə saxlamasını soruşmuş, Pərvanədə öz növbəsində İkramın onu narahat etdiyini bildirib, sonuncunun və onun arvadının mobil telefon nömrələrini qara siyahıya atmışdır. Bundan başqa, 22 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng vuraraq İkram Əlməmmədovun onu şantaj etməsi səbəbindən sonuncudan şikayətçi olduğunu qeyd etmişdir. Beləliklə, hazırda Zərərçəkmiş şəxs ilə barışmış, habelə sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, əri Şəxs izahatında bildirdikləri ilə razıdır, həqiqətən də hadisə sonuncunun qeyd etdiyi kimi olmuşdur. 19 may 2025-ci il tarixdə, saat 18:00 radələrində işlədiyi Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən “Oba” marketdə olarkən, əri Şəxs ora gəlmiş, habelə onun mobil telefon vasitəsi ilə İkram adlı şəxs ilə mesajlaşmasını görmüşdür. Belə ki, həmin vaxt İkram ondan ərindən xəbərsiz istifadə etməsi üçün mobil telefon alması üçün pul göndərməsini istəmişdir. Bundan sonra, Şəxs mobil telefonu onun əlindən almış, o da, öz növbəsində qaçaraq mətbəxə keçmiş, Yusif də, onun arxası ilə mətbəxə gəlmiş, habelə ondan bu məsələyə aydınlıq gətirməsini istəmişdir. Daha sonra, Yusif xəyanət ilə üzləşməsini düşündüyündən əsəbiləşmiş və onun sağ üzünə ilk öncə sol əli ilə bir dəfə sillə vurmuş, sonra isə əlləri ilə boğazından sıxmışdır. Bundan sonra, Şəxs əsəbi halda mətbəxdə çanağın içərisində olan bıçağı götürüb onun sol qabırğasının alt nahiyəsinə dayamış, habelə uca səslə hadisənin təfərrüatını söyləməsini qeyd etmişdir. Nəticədə, onun bədəni üzərində üzün və boynun sıyrıqları, sol qabırğa altı nahiyəsinin səthi dəri yarası aşkar edilmişdir. Bu zaman o, Yusifə xəyanət etmədiyini, olanları yaşadıqları evdə təfərrüatlı şəkildə izah edəcəyini bildirmişdir. Bundan sonra, səs-küyə ilk öncə marketin işçisi Mədinə adlı qadın gəlmiş, habelə sonuncu Yusifin əlində bıçaq olduğunu görüb marketin sabiq müdiri Orxan Əsədova məlumat vermişdir. Daha sonra, Orxan mətbəxə gəlmiş, Yusif də, əlində olan bıçağı çanağın içərisinə qoyaraq çıxıb getmişdir. Nəhayət, Orxanın polis əməkdaşlarına verdiyi məlumat əsasında RPŞ-yə getmiş, habelə orada izahatı alındıqdan sonra, atası Fərman ilə sonuncunun yaşadığı evə getmişdir. Beləliklə o, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamaqla yanaşı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şəxslərin işin faktiki halları ilə bağlı verdikləri izahatları dinləyib, eləcə də tədqiq olunmuş mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Nurlan Rzayev tərəfindən qəbul edilmiş 10 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmiş, həmçinin bir ədəd bıçaq müvafiq qaydada saxlanması üçün rayon Polis Şöbəsinin təminat hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 21 may 2025-ci il tarixli, 93 nömrəli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün və boynun sıyrıqları, sol qabırğa altı nahiyəsinin səthi dəri yarası aşkar edilmişdir. Həmin xəsarətlərdən üzün və boynun sıyrıqları bərk küt əşyanın (əşyalar), sol qabırğa altı nahiyəsinin yarası itiuclu əşyanın təsirindən törənmişdir, törənmə müddəti bir-iki günə qədər olub, 19 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2025-ci il tarixli, 3/659 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəlişlər edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ballistik ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. Zərərçəkmiş şəxs tərəfindən 05 avqust 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Bununla da, nə təqdim edilən sənədlərdən, nə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, Şəxs 19 may 2025-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərinin H. Əliyev prospektində yerləşən “Oba” marketin içərisində arvadı Zərərçəkmiş şəxs münasibətdə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmiş, habelə, Şəxs həmin tarixdə ictimai qaydanı pozan hərəkətlər etməsinə dair kifayət qədər mötəbər sübut və ya sənəd məhkəmə iclasında təqdim edilməmişdir. Belə olan təqdirdə isə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətləri edildiyi göstərilsə də, xırda xuliqanlığın konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyildir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi onun üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı məhz Zərərçəkmiş şəxs münasibətdə ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən kifayət qədər sübut təqdim edilmədiyindən hesab edirəm ki, hazırkı protokol əsasında o, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan başqa, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 -ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 1-ci və 2-ci bəndlərində göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə (hazırda İXM-nin 510-cu maddəsinə) müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İzah edilsin ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verildiyi halda sonuncu məsuliyyətə cəlb oluna bilərdi. Lakin, məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin işin halları ilə bağlı verdikləri izahatlardan, eləcə də tədqiq edilən digər sübutlardan belə qənaətə gəlinir ki, protokolda göstərilən hərəkətlər cəmiyyətə açıq formada deyil, kənarda şəxsi münasibətlərlə bağlı ailə-məişət zəminində mübahisə zamanı baş vermiş, məhz şəxsi münasibətlərlə bağlı mübahisə zəminində ucadan ifadələr işlədilmiş, Şəxs qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Bu hal isə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibinin olmasını bilavasitə istisna edir. Bununla belə, işin faktiki hallarından, eləcə də materiallardan görünür ki, Şəxs 19 may 2025-ci il tarixdə, saat 18:00 radələrində arvadı Zərərçəkmiş şəxs işlədiyi Siyəzən şəhərinin H. Əliyev prospektində yerləşən “Oba” marketə gəlmiş, habelə orada sonuncunun mobil telefon vasitəsi ilə İkram adlı şəxs ilə mesajlaşdığını müşahidə edib, həmin telefonu onun əlindən almış, Pərvanə isə qaçaraq marketin içərisində yerləşən mətbəxə getmişdir. Bundan sonra, Şəxs, arvadı Pərvanənin arxası ilə mətbəxə daxil olmuş, habelə orada sonuncuya sol əli ilə onun üzünün sağ nahiyəsindən bir dəfə sillə vurmuş, daha sonra, əsəbi halda Pərvanənin ona xəyanət etdiyini ehtimal edərək, bununla bağlı açıqlama verməsini bildirib, onun boğazından sıxmış, nəhayət mətbəxdə çanağın içərisində olan bıçağı götürərək Pərvanənin sol qabırğa altı nahiyəsinə dayamışdır. Bununla da, Şəxs, Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Beləliklə, qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq, hazırda zərərçəkmişlə, barəsində inzibati icraat aparılan şəxs barışdığından sonuncu barəsində qeyd olunan maddə ilə iş üzrə icraat başlanılması məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan Məcəllənin 76-cı maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, belə nəticəyə gəlmək olar ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə başlanmış icraata, sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məhkəmə xərci Şəxs əməli nəticəsində yarandığından ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 5, 8, 12.1, 53.1.2, 55.1.1, 76, 84.1, 114.1.4, 114.2.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 64 (altmış dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-445/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-445/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver