Məhkəmə qərarları › İş №3(059)-446/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-446/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-446/2025 19.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhərinin Su Kəməri qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 05 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 03 yanvar 2025-ci il tarixdə, saat 10:00 radələrində Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edərək yaşadığı evdə saxladığı “Tula” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, TOZ-B modelli, 8939 nömrəli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov silahı müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, işləmək üçün mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlmiş, habelə əvvəllər ara-sıra narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bundan başqa, Fərhad Şirinovun ondan rayon Polis Şöbəsinə etdiyi şikayət ilə bağlı RPŞ-də olarkən polis əməkdaşlarına mərhum babası Səməd Qurbanzadədən ona ov silahı qaldığını qeyd edərək, bu silahı könüllü olaraq təqdim edəcəyini bildirmişdir. Beləliklə, 03 yanvar 2025-ci il tarixdə, saat 10:00 radələrində ondan müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan yaşadığı evdə saxladığı “Tula” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, TOZ-B modelli, 8939 nömrəli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov silahı müəyyən edilərək götürülmüşdür. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 05 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, Siyəzən rayon Polis Şöbəsinin 05 avqust 2025-ci il tarixli, 3-13-106/2- 4533/2025 saylı məktubundan görünür ki, Şəxs götürülmüş “Tula” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, TOZ-B modelli, 8939 nömrəli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov silahı RPŞ-nin növbətçi hissəsində saxlanılır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin 05 fevral 2025-ci il tarixli, 25/147 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 8939 nömrəli silah, “Tula” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır və texniki cəhətdən saz olmaqla, hər iki lülədən atəş üçün yararlıdır. Silahın metal hissə mexanizmləri üzərində kustar üsulla sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs yerini müəyyən etmək mümkün olmadığına görə inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs olduğu yer müəyyən olunaraq, RPŞ-yə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 38-ci maddəsinin İİİ və V hissələrinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İşin faktiki hallarından da göründüyü kimi idarəçilik qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə araşdırma 05 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın əsasında aparılmış, habelə material üzrə icraat 05 may 2025-ci il tarixdə dayandırılsa da, 05 avqust 2025-ci il tarixdə təzələnmişdir. Bu mənada qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün 3 aylıq müddət ötürülməmiş, inzibati xəta haqqında protokol həmin müddət daxilində tərtib edilməklə, məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də, hazırkı material üzrə inzibati xəta haqqında qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddət ötürülməmiş hesab edilməlidir. Bundan başqa, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni “Tula” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, TOZ-B modelli, 8939 nömrəli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov silahı müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni “Tula” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, TOZ-B modelli, 8939 nömrəli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov silahı müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar