Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-47/2024 05.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə xx xxxxx 1979-cu il tarixdə Şabran rayonunun, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs, Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(031)-299/2023 saylı icra vərəqəsinə əsasən yaranmış 2160 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(031)-299/2023 saylı icra sənədinə əsasən hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs 2023-cü ilin sentyabr ayına kimi sözügedən aliment borcunu ödəsə də, 7 aya yaxın müddətdir ödəniş etmir, habelə bu günə 2160 manat aliment borcu yaranmışdır. Bundan başqa, Şəxs qış fəsli olduğu üçün işləmədiyini, məhz bu səbəbdən aliment borcunu ödəyə bilmədiyini, şəxsi tələbatlarını isə anasının pensiyası ilə qarşıladığını qeyd edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, işsiz olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. Belə ki, o, 12 il dəmirçi peşəsi ilə məşğul olmasına baxmayaraq, hazırda heç bir yerdə işləmir. Bu səbəbdən də, Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs 2160 manat aliment borcu yaranmışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirməklə, işləyəcəyi təqdirdə aliment borcunu tam ödəyəcəyinə vəd verir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şabran Rayon Məhkəməsinin 11 iyul 2023cü il tarixli icra sənədinə əsasən 24 may 2009-cu il təvəllüdlü Təhminə adlı qızının və 14 iyul 2010-cu il təvəllüdlü Abid adlı oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq, ona ödənilməlidir. Özü Şabran Rayon Mərkəzi Xəstəxanasında kiçik tibb bacısı işləsə də, övladlarının maddi tələbatlarını qarşılamaqla çətinlik çəkir. Hazırda yaranmış 2160 manat aliment borcunun ödənilməsini tələb edir, habelə icra məmuru Cəmilə xanıma yaranmış borcun iki dəfəyə ödənilməsinə belə razı olduğunu bildirmişdir. Qeyd edir ki, Eldəniz son 7 aya yaxın müddət ərzində övladları ilə ümumiyyətlə maraqlanmamış, 100 manat belə aliment borcundan ödəməmişdir. Odur ki, Şəxs şikayətçi olmaqla, barəsində qanuna müvafiq qərar qəbul ediməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(031)-299/2023 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 29 fevral 2024-cü il tarixdə borclu barədə axtarış elan edilmişdir. İş materiallarında olan Siyəzən rayon Polis Şöbəsinin 05 fevral 2024-cü il tarixli, 3- 13-106/2-2904/2024 saylı məktubunun və Siyəzən rayon icra və probasiya şöbəsinin 29 fevral 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarının surətlərindən görünür ki, axtarışda olan Şəxs 05 mart 2024-cü il tarixdə, RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək, həmin tarixdə, saat 10:45-də Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən ona ümumilikdə 2160 manat aliment borcunun olduğunu, bu səbəbdən də, sonuncu barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş, Şabran Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 3(031)-451/2023 saylı və 11 dekabr 2023-cü il tarixli, 3(031)-486/2023 saylı qərarlarının surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində müvafiq olaraq 200 manat məbləğində cərimə və 25 (iyirmi beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də, sağlamlıq və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar törətməklə, Şabran Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 3(031)-451/2023 saylı və 11 dekabr 2023-cü il tarixli, 3(031)-486/2023 saylı qərarları ilə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 157-ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, həmçinin aliment borcunun miqdarının kifayət qədər olmasını, 7 aya yaxın müddət ərzində ümumiyyətlə, ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla, inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 05 mart 2024-cü il tarixdə, saat 10.45 radələrindən faktiki saxlanılması və bundan sonra sərbəst buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq, 10 (on gün) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 05 mart 2024-cü il tarixdən saat 10:45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-47/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-47/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver