Məhkəmə qərarları › İş №3(059)-48/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-48/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-48/2022 02.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə 27 avqust 1994-cü il tarixdə Xızı rayonu, Fındığan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs, 19 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşayan Zərərçəkmiş şəxs evinin qapısını açıb həyətyanı sahəsinə daxil olaraq, quruluğun altında yerləşən masanın üstündəki açarla evin yaşayış hissəsinin qapısından içəriyə keçmiş, bundan sonra yataq otağına daxil olmaqla, çarpayının üstündə olan yastığın altına qoyulmuş 100 manat pulu gizli yolla oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 100 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 28 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 19 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşayan Zərərçəkmiş şəxs evinin qapısını açıb həyətyanı sahəsinə daxil olaraq, quruluğun altında yerləşən masanın üstündəki açarla evin yaşayış hissəsinin qapısından içəriyə keçmiş, bundan sonra yataq otağına daxil olmaqla, çarpayının üstündə olan yastığın altına qoyulmuş 100 manat pulu gizli yolla oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 100 manat məbləğində ziyan vurduğunu bildirdi. Həmçinin, o, 25 fevral 2022-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 19 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı evdən bayıra çıxdığını görmüş, bundan sonra həmin evin darvazası tərəfdə olan bayır qapısına yaxınlaşaraq, kilitlənməmiş qapıdan həyətyanı sahəyə, oradan isə fərdi yaşayış evinə bitişik olan quruluğun (“naves”) altında yerləşən masanın üstündə qoyulmuş 1 ədəd açar vasitəsilə evə daxil olmuşdur. Daha sonra, o, evin yataq otağına girib orada pul axtarmış, əvvəlcə evin dolabını paltarları yerə atmaqla, yoxlamış, lakin bu cəhdi nəticəsiz qalmışdır. Bundan sonra, o, yataq otağındakı çarpayıya yaxınlaşıb, üstündə olan yastığı qaldırarkən orada 100 manat pulu görmüş, habelə pulu götürüb, cibinə qoymuşdur. O, pulu götürüb, işini bitirdikdən sonra açarı aldığı yerə qoymaqla, evi tərk etmişdir. Baş vermiş hadisə zamanı ona köməklik edən olmamışdır. O, zərərçəkmiş şəxsə 100 manat ziyan vurduğunu və həmin pulu şəxsi ehtiyacları üçün sərf etdiyini etiraf edir, habelə hazırda maddi imkanı olmadığından gələcəkdə bu zərəri qarşılayacağına vəd verir. Beləliklə, o, əməlindən səmimi peşmançılıq çəkdiyinə görə ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Siyəzən rayonun Böyük Həmyə kəndində ailəsi ilə birgə yaşayır. 19 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində əri Aydın Abdullayevin səhhətində problemlər yaşandığına görə sonuncunu oğlu Azər Abdullayevlə birlikdə Siyəzən rayon X2 aparmış, habelə sonuncuya evin açarını qoyduğu yeri uca səslə bildirmişdir. Bundan sonra, o, ailə üzvləri ilə birlikdə yaşadığı evi tərk etmiş, həmçinin 20 fevral 2022-ci il tarixdə, saat 00:00 radələrində ora qayıdarkən evin pəncərəsinin pərdəsinin çəkildiyini görmüşdür. Daha sonra, o, yataq otağına keçmiş, orada paltarlarının dolabdan çıxarılaraq səpələndiyini aşkar etmişdir. O, bunu gördükdən sonra dolabın içərisində saxladığı əl çantasına baxdıqda, oradan 100 manat məbləğində pulunun oğurlandığını müəyyən etmiş və 20 fevral 2022-ci il tarixdə ərizə ilə Siyəzən RPŞyə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 100 manat maddi ziyan dəymiş, lakin ödənilməmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və barəsində tədbir görülməsini xahiş edir. İş materiallarında olan 25 fevral 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs, 19 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşayan Zərərçəkmiş şəxs evinin qapısını açıb həyətyanı sahəsinə daxil olaraq, quruluğun altında yerləşən masanın üstündəki açarla evin yaşayış hissəsinin qapısından içəriyə keçmiş, bundan sonra yataq otağına daxil olmaqla, çarpayının üstündə olan yastığın altına qoyulmuş 100 manat pulu gizli yolla oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 100 manat məbləğində ziyan vurmuşdur. İşdə olan 02 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər ödənilmədiyindən Şəxs şikayətçidir və sonuncu barəsində tədbir görülməsini xahiş edir. İşdə olan X3 X7 Şəxsinin 01 mart 2022-ci il tarixli, 304 nömrəli məktubundan görünür ki, Şəxs X8 poliklinika şöbəsində narkoloji xəstə kimi qeydiyyata alınmasa da, 2015-ci ildən ruhi-əsəb xəstəsi kimi tibbi qeydiyyatdadır. (Dz: “yüngül dərcəli əqli gerilik”) İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi və yüngül dərəcəli əqli gerilik səbəbindən ruhi-əsəb xəstəliyindən əziyyət çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən yaxın vaxtlarda mülkiyyət əleyhinə inzibati xəta törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, bununla belə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin səmimi peşmançılıq hissi keçirməsi və yüngül dərəcəli əqli gerilik səbəbindən ruhi-əsəb xəstəliyindən əziyyət çəkməsi kimi yüngülləşdirici halları nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 28 fevral 2022-ci il tarixdə, saat 17:00-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 227-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək ictimai işlər cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 180 (bir yüz səksən) saat ictimai işlər təyin olunsun. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar