Məhkəmə qərarları › İş №3(059)-49/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-49/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-49/2025 07.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, xx xxxx 1964-cü il tarixdə Şabran rayonun Gil-Gil çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" QSC-də vaqon baxıcısı işləyən, Siyəzən rayonun Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232- 1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 31 oktyabr 2024-cü il tarixdə, saat 14:20 radələrində M1-Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 115-ci kilometrində dəmir setkanı açaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 manat məbləğində ziyan vurmuş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 tərəfindən 08 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 07 fevral 2025-ci il tarixli ərizə ilə məhkəmə müraciət edib, Şəxs tərəfindən avtomobil yolu təsərrüfatına vurulmuş ziyanın tam olaraq ödənildiyini, o cümlədən sonuncu ilə agentlik arasında barışıq əldə edildiyini qeyd edib məhkəmə iclasının iştirakları olmadan keçirilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəlki məhkəmə iclasında özünü İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, 31 oktyabr 2024-cü il tarixdə, saat 14:20 radələrində digər yol palçıqlı olduğu üçün, M1-Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 115-ci kilometrində mühafizə şəpərini açaraq yolu keçmiş, beləliklə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 manat məbləğində ziyan vurulmuşdur. Hazırda o, agentliyə vurulmuş ziyanı ödəmək niyyətindədir. İş materiallarında olan 05 noyabr 2024-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən zərərin əvəzi olaraq 150 manat məbləğində pul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 380300D**********111 hesab nömrəsinə ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və onun özünün izahatı ilə tam sübuta yetirilmişdir. Hazırda Şəxs tərəfindən vurulmuş ziyan ödənilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə barışıq əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda (5000 manatdan az) ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2ci maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 105, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar