Məhkəmə qərarları › İş №3(059)-513/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-513/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-513/2025 16.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Protokol tərtib etmiş vəzifəli şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 40 olan "xxxx" MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: 23 avqust 2025-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində yerləşən "xxxx" MMC-yə məxsus quşçuluq sexində X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmiş və "xxxx" MMC barəsində İXM-nin 233.1-ci maddəsi ilə 12 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş vəzifəli şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi-aparıcı müfəttiş X4 tərtib etdiyi protokolu müdafiə edərək, izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilmiş şikayətlərdən sonra nazirliyin X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən "xxxx" MMC-də cəmiyyətin direktoru X2 iştirakı ilə monitorinq keçirilmişdir. Habelə, atmosfer havasında olan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədi ilə aparılmış ölçmə işlərinin nəticəsində ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. Bundan əlavə, cəmiyyətin yerləşdiyi ərazidə başqa quşçuluq sexi yoxdur. Habelə, cəmiyyət tərəfindən ətrafa dərmanlı quş peyini ilə bərabər orada işləyən 50 yaxın işçinin məişət tullantıları da atılır. Eyni zamanda, cəmiyyətin tullantıların daşınması ilə bağlı müqaviləsi yoxdur. Tərəflərindən kifayət qədər sübut təqdim edildiyi üçün "xxxx" MMC barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi və vəkili Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 04 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən "xxxx" MMCdə axıdıldığı iddia edilən sulardan nümunələr götürülmüş, lakin sonradan bu suların yağış suyu olması müəyyən edilmişdir. Bundan başqa, respublika ərazisində yerləşən bir sıra kəndlərə, o cümlədən Quba rayonunun Xınalıq kəndinə gedərkən havadan peyin qoxusu gəlir. Belə ki, heyvan saxlanılan hər bir yerdən peyin qoxusunun gəlməsi normal haldır, lakin bu qoxu kəskin şəkildə olmur. Habelə, aparılmış ölçmə işlərinin nəticəsinə dair laborator təhlillər nazirliyə tabe olan qurum tərəfindən aparılmışdır. Eyni zamanda, "xxxx" MMC 10 ildən artıq müddətdir fəaliyyət göstərsə də, bu məzmunlu şikayət olunmamışdır. Habelə cəmiyyətin yerləşdiyi ərazi yaşayış məntəqəsi olmamaqla yanaşı, istehsalat zamanı yaranan quş peyinləri magistral yoldan xeyli aralı məsafəyə atılır ki, həmin yolu avtomobil ilə gedərkən bu qoxunun hiss edilməsi mümkün deyildir. Həmçinin özü cari ilin yay ayında bir neçə dəfə Quba-Qusar rayonlarına getmiş, lakin cəmiyyətin yerləşdiyi yerdən keçərkən hər hansı pis qoxu hiss etməmişdir. Bundan əlavə, nazirlik tərəfindən hazırki və cəmiyyət barəsində İXM-nin 266.1-ci maddəsi ilə protokol tərtib olunmamasına əsas olmuş hallar eyni vaxtda aşkar edilsə də, qanunun tələblərinə əməl olunmayaraq, ayrı-ayrı protokollar tərtib edilmişdir. Bundan başqa, cəmiyyətin ekoloji pasportun verilməsi ilə bağlı nazirliyə etdiyi müraciəti müsbət həll edilməmiş, cərimə olunmalı olduğu qeyd edilmişdir. Odur ki, "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid izahatında göstərdi ki, o, Siyəzən şəhərində yaşasa da, Bakı şəhərində növbəli işdə işləyir. Belə ki, səhər saatlarında işi ilə əlaqədar Bakı şəhərində gedərkən, “pirin altı” adlanan ərazidə yerləşən yanacaqdoldurma məntəqəsindən başlayaraq, Siyəzən rayonunun Zarat kəndinə qədər olan məsafədə kəskin qoxu olduğunu hiss etmiş, habelə bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmişdir. Həmçinin, Siyəzən rayonunun Zarat kəndində yaşayan qayınatasının evinə qonaq gedərkən də, getdiyi evin həyətində bu qoxunu hiss etmişdir. Belə ki, qayınatasının yaşadığı evə "xxxx" MMC-dən təxminən 3-5 kilometr aralı məsafədə yerləşməklə, Zarat kəndinin cəmiyyətə yaxın olan ərazisində yerləşir. Cari ilin sentyabr ayında məzuniyyətdə olduğu, habelə qeyd etdiyi tarixdən Bakı şəhərinə getmədiyi üçün qoxunun tamamilə yox olub-olmasını bilməsə də, etdiyi şikayətdən sonra azalmasını müşahidə etmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2025-ci il tarixli, 93930 nömrəli aktından görünür ki, Şahid və Tacəddin Mirzəyevin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə etdikləri şikayətlərdən sonra, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən "xxxx" MMC-in ətraf ərazisindən, giriş qapısından təxminən 3-5 metr məsafədə atmosfer havasında olan zərərli qaz qarşılıqlarının miqdarını təyin etmək məqsədi ilə SKY-2000R4 səyyar cihaz vasitəsilə ölçmə işləri aparılmış, habelə nəticəyə əsasən ammonyak (NH3)-0,336 mq/m3 (norma:0,2 mq/m3) təşkil etməsi, ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “X3” MMC-nin kalibrləmə sertifikatının surətindən görünür ki, sertifikat nömrəsi OMS K 09318 olan, Çin istehsalı, Standard (SO2, NH3, O2, HCN) ölmə diapazonlu, seriya (zavod) nömrəsi 241017B6 olan, SKY2000-R4 tipli cihaz Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsinin sifarişi ilə xx.xx.2025-ci il tarixdə kalibrlənmiş və növbəti kalibrlənmə tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokol, akt, fotoşəkillər, ölçmə cihazından nümunə və vətəndaş müraciətləri təqdim edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hazırki inzibati araşdırmanın aparılmasına səbəb kimi Şahid və Tacəddin Mirzəyev adlı şəxslərin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə daxil olmuş şikayət xarakterli müraciətini göstərsələr də, işin araşdırılan hallarından görünür ki, həmin şəxslərin inzibati araşdırma zamanı izahatları alınmamış, müraciətlərinin tam mətni iş materiallarına əlavə edilməmiş və müraciətlərində aktda göstərilən məlumatlar olduğu halda həmin müraciət onlarla birlikdə müzakirə edilməmişdir. Bundan başqa iş materiallarına həmin müraciətlər əlavə olunsa da, müraciətlərdə hər hansı imza və ya möhür olmamaqla, müraciətlərin həqiqətən də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, hətta müraciətlərin həqiqətən də mövcud olduğu qəbul olunsa belə, həmin müraciətlərdə "xxxx" MMC-nin adı ümumiyyətlə qeyd edilmir. Belə ki, müraciətin birində “Giləzi quşçuluq fabrikinin” bölməsinin adı qeyd olunur, digər müraciətdə isə toyuq sexləri olan ərazidən iy-qoxu gəldiyi bildirilir. Belə olan halda inzibati araşdırmanın niyə məhz "xxxx" MMC barəsində başlanılması, nümunələrin niyə məhz həmin müəssisə yaxınlığından götürülməsi anlaşılan deyil. Bundan başqa müraciətedən şəxslərdən Şahid məhkəmə iclasında şahid qismində izahatı alınan zaman, o, iy-qoxunun gəldiyini maşınla hərəkətdə olan zaman hiss etdiyini, lakin konkret olaraq hansı müəssisədən, obyektdən və fərdi yaşayış evindən gəldiyinin ona məlum olmadığını göstərmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sertifikata malik SKY2000-R4 tipli cihazla atmosfer havasından götürülmüş nümunənin nəticəsinə dair, yəni ammonyak (NH3)-0,336 mq/m3 (norma:0,2 mq/m3) təşkil etməsinə dair aparatın ekran görüntüsündən görünür ki, həmin ekran görüntüsü xx.xx.2022-ci il tarixdə götürülmüşdür, halbuki inzibati xəta haqqında protokolda nümunənin götürülməsi və xətanın aşkar edilməsi tarixi kimi 2025-ci ilin avqust ayı göstərilmişdir. Belə olduğu halda inzibati xətanın yaranmasının yeganə əsası kimi nəzərdə tutulan götürülmüş nümunənin nəticəsinə dair çıxarış mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa işin araşdırılan hallarından həmçinin müəyyən edilir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol müəssisənin səlahiyyətli şəxsi tərəfindən imzalanmamış, barəsində inzibati icraat aparılan müəssisənin inzibati araşdırmaya dəvət edilməsi, həmçinin tərtib edilmiş inzibati xəta haqqında protokolun onlara göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Yuxarıda göstərilən hallardan da göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən iş materiallarına inzibati xəta ilə bağlı kifayət qədər sübutlar əlavə edilməmiş, təqdim edilmiş sübutlar inzibati xəta hadisəsinin mövcud olduğunu sübuta yetirməmişdir. Odur ki, inzibati iş üzrə icraata "xxxx" MMC-nin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 114.2.1, 115, 117, 128-130 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar