Məhkəmə qərarları › İş №3(059)-53/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-53/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-53/2021 02.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206cı və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 02:20 radələrində oğurluq faktında şübhəli bilinərək Siyəzən şəhəri, Sabir küçəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının rayon Polis Şöbəsinə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə polisin qanuni tələbinə qəsdən tabe olmayıb, hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı ünvan 1 ünvanının həyətində narkotik vasitə olan kokosdan və marixuanadan istifadə etmiş, sonra, xx xxxx 2021-ci il tarixdə, saat 02:20 radələrində Siyəzən şəhəri, Sabir küçəsində olarkən xırda talamada şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan və marixuanadan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 02 mart 2021-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(059)-53/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-53/2021 saylı və 3(059)- 54/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-53/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, xx xxxx 2021-ci il tarixdə gecə təxminən saat 02:20 radələrində siqaret almaq məqsədilə dükana getmək üçün Siyəzən şəhəri, Sabir küçəsində yolda hərəkətdə olan VAZ 21015 markalı avotmobili saxlatdırmış, bu zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb, gecə vaxtı küçədə olma səbəbini soruşmuşlar. O, küçədə olarkən xüsusi karantin rejiminin tələblərinə müvafiq tibbi maskadan istifadə etmədiyi üçün saxlanıldığını zənn etdiyindən polis əməkdaşlarından uzaqlaşmaq istəmiş, lakin, sonuncular onu məcburi qaydada saxlayaraq avtopatrul maşınına əyləşdirmək istəsələr də, bu hal onda qıcıq reaksiyası yaratmış və beləliklə, o, qaçmağa çalışmışdır. Daha sonra, polis əməkdaşları onu saxlayaraq RPŞ-yə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. O, Siyəzən RPŞ-də olarkən özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan kokosdan və marixuanadan istifadə etməsi aşkar edilmişdir. Belə ki, o, xx xxxxxx 2021-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı ünvanın həyətindən siqaret kağızına bükülü formada tapdığı narkotik vasitə olan kokosu və marixuananı elə həmin gün saat 19:00 radələrində evlərinin həyətində çəkmək yolu ilə qəbul etmişdir. O, həmçinin, qeyd edir ki, onun polis əməkdaşlarının qanuni tələbinə tabe olmaqdan yayınmaq və məsuliyyətdən yaxa qurtarmaq niyyəti olmamışdır. Belə ki, o, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq, himayəsində olan azyaşlı uşaqlarını dolandırmaqla, əməyə və ailəyə hörmət ruhunda həyat tərzi keçirir. Narkotik vasitədən isə əvvəllər bir-iki dəfə istifadə etsə də, bu onda hər hansı bir asılılıq yaratmamışdır. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində olan azyaşlı uşaqlarının dolanışacağının tək özü tərəfindən təmin edilməsinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxx 2021-ci il tarixli, A/153 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun kokosdan (opoidlərdən) və marixuanadan istifadə etməsi aşkar edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 02:20 radələrində oğurluq faktında şübhəli bilinərək Siyəzən şəhəri, Sabir küçəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının rayon Polis Şöbəsinə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə polisin qanuni tələbinə qəsdən tabe olmayıb, hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Bundan başqa, o, xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı ünvan 1 ünvanının həyətində narkotik vasitə olan kokosdan və marixuanadan istifadə etmiş, sonra, xx xxxx 2021-ci il tarixdə, saat 02:20 radələrində Siyəzən şəhəri, Sabir küçəsində olarkən xırda talamada şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan və marixuanadan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində xx xxxxxx 2016-cı il təvəllüdlü Rəşidova Ayla Röyyam qızı, xx xxxx 2017-ci il təvəllüdlü Rəşidova Rabiya Röyyam qızı və xx xxxxxx 2021-ci il təvəllüdlü Rəşidov Hüseyn Röyyam oğlu adlı övladları vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi işin materialları və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq da, inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun səmimi peşmançılıq çəkməsi və himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 02:55-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4-1, 40, 43, 48-51, 89.4, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar