Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-532/2025 23.09.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Babayeva (İbrahimova) Gülnar Ramiz qızının nümayəndəsi X1, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 iştirakları ilə, 10 avqust 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi iş yeri olmayan, Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 92 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Babayev X2 Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(059)-348/2021 saylı icra sənədinə əsasən 8925 manat məbləğində borcu tələbkar Babayeva (İbrahimova) Gülnar Ramiz qızına ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən 23 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, icra sənədi xx.xx.2021-ci il tarixli qətnamə ilə bağlı olsa da, tərəflər barışdığı üçün icra sənədi məhkəməyə geri qaytarılmışdır. Bundan sonra Siyəzən Rayon Məhkəməsinin qərardadı ilə iş yenidən icraya yönəldilmiş və iş üzrə icraata başlanılmışdır. Məhkəmə qətnaməsi çıxan gündən bugünə qədər borclu tərəfindən hər hansı aliment məbləği ödənilməmişdir. Müvafiq orqanlara sorğular göndərilən zaman onun rəsmi iş yerinin olduğu müəyyən edilmiş, lakin dəfələrlə həmin şirkətə müraciət göndərilsə də, ümumiyyətlə şirkətin mövcud olmadığı müəyyən edilmişdir. Hazırda şəxsin sistemdən çıxarılan məlumatlarına əsasən həmin iş yeri onun adından silinmişdir. Bundan başqa müvafiq dövlət orqanlarına müraciətlər göndərilsə də, onun adına hər hansı əmlak, bank hesabı aşkar edilməmişdir. Hazırda aliment borcunun məbləği 8925 manat olmaqla, tələbkar tərəfindən tam şəkildə tələb edilir. Odur ki, Şəxs barəsində qanunauyğun qaydada tədbir görülməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ondan tələb olunan aliment borcunu ödəmək iqtidarında deyildir. Belə ki, o, hazırda heç bir yerdə işləmir. Adına heç vaxt işləmədiyi bir şirkətlə əmək müqaviləsi çıxdığı üçün məşğulluq orqanlarına müraciət etmək hüququndan da məhrum olmuşdur. Lakin indi özünə iş tapmışdır və barəsində inzibati həbs seçilməyəcəyi halda əmək müqaviləsi bağlayıb hissəhissə aliment borcunu ödəyəcəkdir. Lakin aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Babayeva (İbrahimova) Gülnar Ramiz qızının nümayəndəsi X3 izahatında göstərdi ki, borclu Şəxs indiyədək uşağı üçün hər hansı məbləğdə aliment ödəməmiş, hətta bir müddət onların evində qalmışdır. Hazırda uşağın artan tələbatını ödəmək onlar üçün kifayət qədər çətindir. Ona görə də yığılmış aliment borcunun birdəfəlik ödənilməsini, əks halda barəsində inzibati tənbeh olaraq ən yuxarı həddə inzibati həbs təyin edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(059)-348/2021 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə müvafiq olaraq 22 aprel 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi imza etməklə qəbul etmiş, lakin icra məmurunun çağırışlarına gəlməmiş və 12 may 2025-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 12 may 2018-ci il təvəllüdlü Ümid adında bir azyaşlı övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, himayəsində bir azyaşlı övladının olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 1000 manat inzibati cərimə təyin olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-532/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-532/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver