Məhkəmə qərarları › İş №3(059)-541/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-541/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-541/2025 08.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3, Qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X6 nümayəndəsi, məsləhətçi- əmək müfəttişi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X6 rəisi X10 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs X11 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş materiala baxaraq məhkəmə, müəyyənetdi: X11 şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 əmək müfəttişi X15 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında 08 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 rəisi X10 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı,1808195 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X13 və X8 Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən “Fifa” oyun zalında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işləri yerinə yetirməsinə cəlb etdiyi üçün inzibati məsuliyyətə cəlb edilməklə, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növündə cəza tətbiq edilmişdir. Vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında həmin qərarının inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı yazılmış qrafasında, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X11 (Azərbaycan Respublikası vətəndaşı, 10 dekabr 1966-cı il təvəllüdlü, Fin 48BWZTN, VÖEN **********) yəni o, qanunsuz və əsassız vəzifəli şəxs qəbul edilərək, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin tələbləri kobud surətdə pozmaqla, barəsində səlahiyyətli orqanın yuxarıda göstərilən qərarı qəbul edilmişdir. Eyni zamanda, barəsində X21 Xidməti X6 əmək müfəttişi X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında 08 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən Vüsal Musayevə, vəzifəli şəxs olmadığını, 2010-cu il tarixdə Vergilər Nazirliyində qeydiyyata durmaqla, VÖEN ********** nömrəli ilə vergi ödəyicisi kimi yük daşıma sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, lakin bu fəaliyyətini rəsmi olaraq 19 yanvar 2022-ci il tarixdə dayandırdığını, habelə hazırda “Fifa” oyun zalını açmaqla yenidən sahibkarlıq fəaliyyətini bərpa etmək istədiyini, həmçinin sözügedən oyun zalında guya əmək müqaviləsi qüvvəyə minmədən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək işlətdiyi X12 bacısı nəvəsi, X4 isə oğlu olduğunu, sonuncuların zalın işlədilməyə hazırlanması üçün ona köməklik göstərdiklərini bildirmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 əmək müfəttişi onun sahibkarlıq fəaliyyəti barədə 2010-cu il tarixdə sahibkar kimi aldığı VÖEN-in 2022-ci il tarixdə dayandırılamasını bilməyərək, onu vəzifəli şəxs kimi qəbul edib, barəsində inzibati xəta törətmiş vəzifəli şəxs kimi inzibati protokol tərtib etməklə, məsuliyyətə cəlb etmişdir. Habelə, X21 Xidməti X6 rəisi X17 tərəfindən onun barəsində vəzifəli şəxs kimi 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehi vermə haqqında qərarına əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 əməkdaşları 18 sentyabr 2025-ci il tarixdə onu fəaliyyət göstərən sahibkar kimi vəzifəli şəxs hesab edərək, barəsində qanunsuz və əsassız olaraq əvvəlcə inzibati xəta haqqında protokol, sonra isə həmin protokol əsasında inzibati məsuliyyətə cəlb etməklə, inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, ona qarşı 3000 manat məbləğində inzibati cərimə inzibati tənbeh növünün tətbiq edilməsi qərarına gəliblər. lBelə ki, yuxarıda qeyd etdiyi kimi araşdırma zamanı X21 Xidməti X6 əməkdaşlarına hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirsə də, ona, Siyəzən RPŞ-dən daxil olmuş yoxlama materialında adına Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında qeydiyyat nömrəsi ********** olan şəhadətnamə olması qeyd edilmişdir. Bu zaman, həmin şəhadətnaməni avtomobillə yük daşıma ilə məşğul olduğu üçün 22 yanvar 2010-cu il tarixdə aldığını və təxminən 12 il bu işlə məşğul olduqdan sonra, 19 yanvar 2022-ci il tarixdə fəaliyyətini rəsmi qaydada dayandırdığını bildirmiş, lakin tələb edilərkən bu barədə rəsmi sənədi təqdim edə bilməmişdir. Belə ki, sözügedən sənədə heç bir zaman ehtiyac olmadığı üçün, almağını zəruri hesab etməmişdir. Müfəttişliyin əməkdaşları ona, sahibkarlıq fəaliyyətini dayandırdığı halda vəzifəli şəxs hesab edilmədiyini bildirsələr də, barəsində inzibati xəta haqqında vəzifəli şəxs qismində protokol tərtib edilməklə, tədbir görmüşlər. Bundan sonra, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisinin imzası ilə təsdiq edilmiş “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə’' məktub alaraq, X21 Xidməti X9 təqdim etmiş, lakin şöbənin rəisi ona, sənədləşmə işlərini yekunlaşdırdıqlarını, tərəflərindən qəbul edilmiş qərardan məhkəməyə şikayət verərək, idarə tərəfindən təqdim edilmiş məktubu şikayətinə əlavə edə biləcəyini, qərarın məhkəmə tərəfindən ləğv edilə biləcəyini qeyd etmişdir. Bundan əlavə, barəsində aparılmış inzibati icraat materiallarında qeyd edilmişdir ki, X18 və X14 ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işləri yerinə yetirməsinə cəlb etdiyi üçün inzibati məsuliyyətə cəlb edilməklə, 3000 manat məbləğində inzibati cərimə tənbeh növündə cəza tətbiq edilmişdir. Qeyd edir ki, əvvəla həmin vaxt “Fifa” oyun zalı istismara tam hazır olmadığından, yəni zalda oyunlar keçirilmədiyindən, ona zalın işlədilməsi üçün işçi lazım olsun və ya kimisə orada işə cəlb etsin. Bu səbəbdən də, bacısı nəvəsi X18 və oğlu X14 yaxını kimi ona oyun zalını tam hazırlamağa kömək etmiş və təbii olaraq, qohumları ilə heç bir əmək müqaviləsi bağlamamışdır. Məhkəməyə, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş məktubu təqdim edərək, bir daha Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsində göstərilmiş vəzifəli şəxslərin siyahısına daxil olmadığı üçün vəzifəli şəxs hesab edilmədiyini qeyd etmişdir. Ona görə də, yuxarıda qeyd olunan inzibati xəta onun tərəfindən törədilmiş olsa belə (baxmayaraq ki, bu belə deyil) bu halda o, fiziki şəxs kimi inzibati məsuliyyətə, cərimə inzibati tənbeh cəzasına cəlb edilməli idi. Odur ki, barəsində qəbul edilmiş sözügedən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, o, Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata dayansa da, 2022-ci ildə fəaliyyətini 2027-ci ilə kimi dayandırmışdır. Bundan başqa, “Fifa” oyun zalında işləyən oğlu ilə birlikdə yaşadığından sonuncuya əmək haqqı verməsi məntiqli deyildir. Bundan əlavə, 23000 manat məbləğində pulu kredit yolu ilə əldə bankdan etmiş, habelə bu borcuna görə hər ay 1400 manat məbləğində kredit ödəyir. Belə olan təqdirdə 3000 manat cərimə edilməsi, maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X6 nümayəndəsi, məsləhətçi- əmək müfəttişi X15 izahatında bildirdi ki, Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 25 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməsinə əsas olmuş materiallara baxılarkən hazırki inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxlsər vzifəli şəxslər hesab edilirlər. Bundan əlavə, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X11 vergi ödəyicisi kimi fəaliyyətini dayandırsa da, sonuncu vəzifəli şəxs hesab edilir. Belə ki, Natiq Hümbətovun fəaliyyəti ləğv edilməmiş, yalnız müvəqqəti dayandırılmışdır. Natiq Hümbətov işçini işə qəbul etmək iqtidarında olsa da, birinci, işçilər ilə əmək müqaviləsi bağlamamaqla, onların sosial, sığorta və digər hüquqlarının pozmuş olur. Odur ki, X21 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən qəbul edilmiş qərarın əsaslı hesab edilməsi və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Siyəzən rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X23 tərəfindən qəbul edilmiş 25 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, HK-1/639 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, habelə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsinə uyğun olaraq tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X9 göndərilmişdir. Həmçinin qərardan görünür ki, X14 izahatında Siyəzən şəhərinin Heydər Əliyev küçəsində, yolun kənarında yerləşməklə, atası X5 məxsus “Fifa” oyun zalını işlətdiyi, habelə həmin oyun zalında gördüyü işə görə gündəlik məvacib aldığını bildirmişdir. Eyni zamanda, X11 izahatında Bəxtiyar Hümbətovun oğlu, X12 isə bacısı nəvəsi olduğunu, Siyəzən şəhərinin Heydər Əliyev küçəsində, yolun kənarında yerləşən “Fifa” oyun zalında sahibkarlıq fəaliyyəti ilə məşğul olması bağlı “VÖEN”-inin mövcud olduğunu və həmin sənədin surətini təqdim edə biləcəyini, ona məxsus oyun zalını bir ay əvvəl fəaliyyətə başladığını, Hümbət və Abdulla ilə əmək müqaviləsi bağlamadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X6 nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X15 tərəfindən 08 sentyabr 2025-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, X18 və X2 X11 tərəfindən Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “FiFa” oyun zalında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən olunmuş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair MN seriyalı, ******* saylı protokol tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X6 rəisi X10 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X18 və X2 X11 tərəfindən Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “FiFa” oyun zalında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu barəsində 3000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 sentyabr 2025-ci il tarixli, 3-21-2-9/2-H- 11xx-xx/2025 saylı arayışından görünür ki, X1 və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Həmin Məcəllənin İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X16 şikayəti əsasında Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılma aparılmışdır. Habelə, araşdırma zamanı X3 X13 və X8 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işləri yerinə yetirməsinə cəlb etdiyi müəyyən edilmişdir. Faktla əlaqədar tərəflərin izahatı alınmış, həm Natiq və Bəxtiyar Hümbətovlar, həm də Abdulla Lətifov qeyd olunan faktı təsdiq etmişlər. Faktla əlaqədar toplanmış sənədlər baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X9 göndərilmiş, X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola baxılması 18 sentyabr 2025-ci il tarixinə saat 11:00-a Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X9 və ya video-konfrans vasitəsilə (ƏMAS şəxsi kabinetə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuş, işə baxılmasının müddəti və yeri haqqında X5 poçt vasitəsilə məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X6 rəisi X10 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş qərarın surəti poçt vasitəsilə X5 göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X6 əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Natiq Hümbətov araşdırma zamanı verdiyi izahatında Bəxtiyar Hümbətovun və Abdulla Lətifovun “Fifa” oyun zalında işlədiklərini, lakin sonuncular ilə əmək müqaviləsi bağlamadığını etiraf etmiş, həmçinin məhkəmə iclasında verdiyi izahatında Bəxtiyar Hümbətovun oğlu olduğunu, oğlu ilə birlikdə yaşadığından sonuncuya əmək haqqı verməsinin məntiqli olmadığını bildirmiş, bununla da dolayısı ilə öz təqsirini etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X6 rəisi X10 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar