Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-545/2025 15.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, protokol tərtib etmiş vəzifəli şəxs- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin böyük məsləhətçi-müfəttişi X1 iştirakı ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini yerinə yetirən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsindən daxil olmuş 29 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 29 sentyabr 2025-ci il tarixdə, saat 10:30 radələrində Siyəzən rayonunun Zarat kəndində yerləşən vəzifəli şəxs Şəxs məxsus kafedə sudan öz başına istifadə edilmiş, yəni fəaliyyət prosesində formalaşan məişət çirkab tullantı suları plastik boru vasitəsilə birbaşa sözügedən kafenin arxasında yerləşən çöllük əraziyə təyinatsız axıdılmışdır. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş vəzifəli şəxs, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba- Xaçmaz regional bölməsinin böyük məsləhətçi-müfəttişi X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, vəzifəli şəxs Şəxs tərəfindən 29 sentyabr 2025-ci il tarixdə, saat 10:30 radələrində Siyəzən rayonunun Zarat kəndində yerləşən kafedə sudan öz başına istifadə edilmiş, yəni fəaliyyət prosesində formalaşan məişət çirkab tullantı suları plastik boru vasitəsilə birbaşa sözügedən kafenin arxasında yerləşən çöllük əraziyə təyinatsız axıdılmışdır. Bununla da, tərəfindən həmin tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Həmçinin, iş materiallarını araşdıraraq hesab edirəm ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin 29 sentyabr 2025-ci il tarixli, 002615 nömrəli aktının, Şəxs həmin tarixli izahatının surətlərindən və fotoşəkillərdən görünür ki, 13 saylı Quba-Xaçmaz Regional bölməsinin 24 sentyabr 2025-ci il tarixli, 018 saylı sərəncamına əsasən keçirilmiş nəzarət tədbirləri zamanı Siyəzən rayonunun Zarat kəndində yerləşən kafenin fəaliyyəti nəticəsində formalaşan məişət çirkab tullantı sularının müvafiq norma və tələblərə uyğun olmadan, hər hansı saxlama qurğusuna yönləndirilmədən bir başa plastik boru vasitəsilə sözügedən kafenin arxa hissəsində yerləşən çöllük əraziyə axıdılması müşahidə edilmişdir. Araşdırma, həmçinin yerində aparılan vizual baxış zamanı kafedən ətrafa axıdılan tullantı sularının rənginə, kəskin qoxusuna və digər fiziki kəmiyyətlərinə əsasən məişət çirkab sularının xüsusiyyətlərinə uyğun gəldiyi, habelə qeyd olunan kafenin Şəxs istifadəsində olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş faktla bağlı Şəxs izahatı alınarkən, sonuncu torpaqdan istifadə haqqında Siyəzən rayonunun Zarat Bələdiyyəsinin qərarı və həmin bələdiyyə ilə 25 il müddətinə bağlanmış icarə müqaviləsi əsasında sözügedən kafenin onun tərəfindən inşa edildiyini və hazırda onun mülkiyyətində, eləcə də istifadəsində olduğunu bildirmişdir. Bundan başqa o, izahatında, vergi ödəyicisi kimi qeydiyyata alındığını, fəaliyyət prosesində formalaşan çirkab sularının hər hansı çirkab saxlama qurğusuna yönləndirilmədən bir başa kafenin arxasında yerləşən açıq əraziyə axıdıldığını qeyd etmişdir. Həmçinin, Şəxs tullantı sularının idarə olunması sahəsində mövcud qanunvericiliyin əsas tələbləri və bu pozuntunun hüquqi nəticələri ətraflı izah olunmuşdur. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş şəxs barədə məlumatlardan görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi (VÖEN **********) qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən 29 sentyabr 2025-ci il tarixdə keçirilmiş nəzarət tədbirləri zamanı Siyəzən rayonunun Zarat kəndində yerləşən Şəxs məxsus kafedə sudan öz başına istifadə edilmiş, yəni fəaliyyət prosesində formalaşan məişət çirkab tullantı suları plastik boru vasitəsilə birbaşa sözügedən kafenin arxasında yerləşən çöllük əraziyə təyinatsız axıdılmış, bununla da, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun İ maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 9.1-9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli, 295 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər”ə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) formalaşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən sənaye (istehsalat) binalarında, yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələrində və bakterioloji laboratoriyalarda formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra çirkab quyularına axıdılmalıdır. Qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) seçiminə əsasən bu Tələblərin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan qeyri-yaşayış binalarında formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda çirkab sularının kənarlaşdırılacağı yer (son nöqtəsi) və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (dövlət ekoloji ekspertizasının rəyi) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərinə uyğunluq haqqında arayış) ilə razılaşdırılmalıdır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda, su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə, su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə, su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda, sudan istifadə limitlərinə əməl etmədikdə, su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə, su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə, su ehtiyatlarından israfçılıqla istifadə etdikdə, sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda, hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə, su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə, su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda, sudan təyinatı üzrə istifadə etmədikdə, su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda, kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə, sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə, lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda, su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə, su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə, xüsusi qorunan su obyektlərinin rejimini pozduqda, su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə, içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda, içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi, vəzifəli şəxs Şəxs fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin, yəni sudan özbaşına istifadə edilərək məişət və tullantı sularının kənara (çölə) təyinatsız axıdılması iş materialında olan akt, izahat, fotoşəkillər və digər sənədlərlə də, müəyyən olunmuşdur. Beləliklə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 17-ci maddəsinə və həmin maddənin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyata alınmışdır. Belə olan halda hesab edirəm ki, Şəxs protokolda göstərilən inzibati xətanın subyekti olaraq vəzifəli şəxs hesab olunmalı və ona vəzifəli şəxslər üçün nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sözügedən Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən vəzifəli şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, onun sudan özbaşına istifadə etməklə, su qanunvericiliyinin tələblərini pozmasını, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 800 (səkkiz yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-545/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-545/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver