Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-546/2025 12.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli, EQ seriyalı, 29885387 saylı və 13 avqust 2025-ci il tarixli, EQ seriyalı, 29935596 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏNETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 11 avqust 2025-ci il tarixli, EQ 29885387 nömrəli və 13 avqust 2025-ci il tarixli, EQ 29935596 nömrəli protokollar əsasında verilmiş qərarların ləğv edilməsini və hesablanmış 1800 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. Şikayət şikayətçi tərəfindən onunla əsaslandırılmışdır ki, o, etibarnamə əsasında “DAF FT XF 105460T YÜK” markalı, ** QR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 2014-cü il tarixli, 394 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun olaraq İN yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən ESİT PWİ tipli, Türkiyə istehsalı , ÖVY0000531/24 nömrəli, xx.xx.2024-cü il tarixli tərəzi avtomobil sertifikatı almışdır. Həmçinin, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada qablaşdırılmalıdır. Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olmasını bilir. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə cərimələrdən də xəbəri var. Ona görə də normativlərə uyğun yük daşımaqla bərabər normativin 40000 kiloqram olması ona bildirilmişdir. Eyni zamanda, 11 avqust 2025-ci il tarixdə Şabran rayonunun Mollakamallı kəndindən Bakı şəhəri istiqamətinə yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsi ilə qırmadaş apararkən avtomobilin çəkisi 39840 kiloqram olmuş, həmçinin zavod tərəfindən tərtib edilmiş qaimə-faktura çəki qeyd edilmişdir. Lakin, Şabran rayonunun Mollakamallı kəndində M-l 129-ci kilometrliyində DİN BDYPİ X3 ilə düşən radara əsasən idarə etdiyi avtomobilin çəkisi 45140 kiloqram çəki qeyd olunmuş və Azərbaycan Respublikası İXMnin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 11 avqust 2025ci il tarixli, EQ seriyalı, 29885387 saylı protokol tərtib edilmişdir. Bununla yanaşı, Şabran rayonunun Mollakamallı kəndində M-l 129-ci kilometrliyində DİN BDYPİ X3 ilə düşən radara əsasən idarə etdiyi avtomobilin çəkisi 42650 kiloqram çəki qeyd olunmuş və Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 13 avqust 2025-ci il tarixli, EQ seriyalı, 29935596 saylı protokol tərtib edilmişdir. Qeyd edir ki, idarə etdiyi avtomobilin çəkisi normadan artıq olsaydı, qanunvericiliyin tələbinə görə yük bölünən olduğundan nəqliyyat vasitəsi saxlanılmalı və artıq yük boşaldılmalı olsa da, xətanın baş verməsi ehtimal olunan tarixdə idarə etdiyi avtomobil hər hansı post tərəfindən saxlanılmamaqla, artıq yükün boşaldılması halı baş verməmişdir. Beləliklə, barəsində qəbul edilən tənbeh vermə haqqında qərarlar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 3(059)-546/2025 saylı qərardadı ilə X2 şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 3(031)-473/2025 saylı qərardadı ilə X2 şikayəti iş materialları ilə birlikdə aidiyyət məsələsinin həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkməməsinə göndərilmiş, habelə Apellyasiya Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 3(105)-721/2025 saylı qərarı ilə Nurlan Qüvvətovun şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətini müdafiə etməyərək və məhkəməyə ərizə təqdim edərək bildirdi ki, sözügedən qərarlardan aidiyyəti qurumlara etdiyi şikayətin nəticəsində qərarlar ləğv edilməklə, cərimələr silinmişdir. Odur ki, hazırki şikayətinin mahiyyəti üzrə baxılmamasını, habelə təmin edilməməsini xahiş edir. Məhkəmə şikayətçinin izahatını ərizəsi və iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 11 avqust 2025-ci il tarixli, EQ seriyalı, 29885387 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X5 11 avqust 2025-ci il tarixdə, saat 17:37-də “DAF FT XF 105460T YÜK” markalı, ** QR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonu Mollakamallı kəndi ərazisindən keçən M-1 Bakı-Quba yolunun 129-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 13 avqust 2025-ci il tarixli, EQ seriyalı, 29935596 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X5 13 avqust 2025-ci il tarixdə, saat 22:15-də “DAF FT XF 105460T YÜK” markalı, ** QR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonu Mollakamallı kəndi ərazisindən keçən M-1 Bakı-Quba yolunun 129-ci kilometrliyi ilə hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində təkrar törətdiyinə görə İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinib 1200 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X3nə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya malik olan avtomobilin ümumi kütləsi 40 ton həddi aşmamalıdır. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, X1 hazırki şikayətinin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, şikayətin təmin edilməsi üçün hər hansı əsas olmadığından, həmçinin şikayətdə mübahisə edilən hallar artıq mövcud olmadığından şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 11 avqust 2025-ci il tarixli, EQ 29885387 nömrəli və 13 avqust 2025-ci il tarixli, EQ 29935596 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 11 avqust 2025ci il tarixli, EQ 29885387 nömrəli və 13 avqust 2025-ci il tarixli, EQ 29935596 nömrəli qərarlarının ləğv edilməsi barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 tərəfindən verilmiş şikayəti təmin edilməsin, qərarlar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-546/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-546/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver